AZ

Liderin gücü: şəxsi keyfiyyətlərlə xalq–lider birliyinin sintezi

(fəlsəfi-politoloji təhlil)
III məqalə
Ardıcılları olmayan lider deyildir.
Malkolm Forbs
Heydər Əliyev – müasir güclü liderlik nümunəsi
Müasir mərhələdə Azərbaycanda güclü liderlik nümunəsini Heydər Əliyev yaratmışdır! Ulu öndər çox çətin daxili və beynəlxalq vəziyyətdə Azərbaycanı həm xilas etmiş, həm də uğurlu müstəqil dövlət quruculuğu xəttinə çıxarmışdır. Avrasiya məkanında xilaskarlıq quruculuğun bir-biri ilə sıx şəkildə həyata keçməsinin uğurlu nümunəsi məhz Heydər Əliyevə məxsusdur. 
Güclü liderliyin Heydər Əliyev nümunəsinin bir sıra özəllikləri mövcuddur. Onları üç ümumi qrupda cəmləşdirmək olar. Birinci qrup liderin şəxsi keyfiyyətlərinə aid olan faktorlarla əlaqəlidir. İkinci qrup liderin siyasi məharətidir. Üçüncü qrup isə liderin cəmiyyətlə həmrəyliyi, lider-xalq birliyi ilə bağlıdır. 
Liderin şəxsi keyfiyyətləri
Azərbaycanda güclü liderin ­şəxsi ­keyfiyyətləri dövlətçilik ənənələri və müasirliyin tələbləri prizmasında çox əhəmiyyətli görünür. Güclü lider qorxmaz, cəsarətli, qətiyyətli, hünərli, xeyirxah, müdrik, siyasi hazırlığı, mənəvi-əxlaqi keyfiyyətləri mükəmməl, yüksək zəkalı, qayğıkeş və ədalətli olmalıdır. Lider xalqın qarşısında duran ən çətin problemləri belə həll etməyi bacarmalıdır. Güclü lider həm də dövləti qorumağı təmin etməlidir. Təhlükəsizlik Azərbaycan cəmiyyəti üçün ənənəvi olaraq strateji məsələ olmuşdur.
Müasir mərhələdə bu kimi şəxsi keyfiyyətlərə yeniləri də əlavə olunmuşdur. Güclü lider müstəqil dövlət quruculuğunun uğurlu modelini hazırlamağı bacarmalıdır. Azərbaycanı əsrlərdir davam edən təzyiqlərdən xilas etməlidir. Güclü lider hakimiyyət-xalq birliyini yeni tələblərə uyğun daha mükəmməl etməyi bacarmalıdır. O, Azərbaycan cəmiyyətinin bütövlüyünü təmin etməlidir. Güclü lider Azərbaycanın davamlı və dayanıqlı inkişaf kursunu dəqiq müəyyənləşdirməlidir. 
Nəhayət, güclü lider yeni güclü lider hazırlamaq keyfiyyətinə (qabiliyyətinə, qüdrətinə, iradəsinə və məqsədyönlülüyünə) malik olmalıdır. Liderlikdə bu məsələnin qoyulması, bütövlükdə, müasir müstəqil dövlətlərin hər biri üçün aktualdır. Qərb politoloji fikrində liderin özündən sonrakı dövr üçün layiqli lider hazırlamaq qabiliyyətini ümummilli liderliyin əsas əlamətlərindən biri kimi təqdim edirlər (məsələn, J.Blondel, J.Адизес). Lakin burada fəlsəfi aspektdə prinsipial əhəmiyyəti olan bir neçə məsələ meydana çıxır. 
Birincisi, bir sıra filosof və politoloqlar hesab edirlər ki, liderliyi öyrətmək, lider hazırlamaq mütləq vacibdir. Ancaq mükəmməl lider hazırlamaq mümkün deyildir. 2022-ci ildə dünyasını dəyişmiş məşhur fransız politoloq Jan Blondel isə ümummilli liderliyə dixotomik (iki faktorun seçilib, qarşılıqlı müqayisədə, bütövlükdə, sistemi, obyekti, o cümlədən liderliyi müəyyən edən başlıca meyar olaraq qəbul edilməsi üsulu) yanaşma əsasında politoloji xarakterizə etməyin qüsurlu olduğunu əsaslandırmışdır. Təbii ki, həmin əsasda liderilik nümunəsini də dixotomik müəyyən etmək qüsurlu olacaqdır. Məsələn, şirlər–tülkülər, real liderlər–işbazlar, aktiv liderlər–passiv liderlər və s. Xüsusilə ümummilli liderlik kontekstində bu cür yanaşmalara görə, J.Blondel J.Peyci, M-Q.Bernsi, B.Kellermanı və digərlərini tənqid edir.
İkincisi, müasir Qərb politoloji fikrində ümummilli liderlik məsələsinə yanaşma məhdudluğu çərçivəsində siyasi varisliyin adekvat anlamı mövcud deyildir. Yeni liderin hazırlanmasında bu gerçəklik, problemi praktiki həll etmək məsələsində qarşıya xeyli suallar çıxarır. Bəlkə, həm də bu məqama görə, müasir dəyərlər nəzəriyyəsinin nümayəndələrindən olan İshaq Adizes lider hazırlamağı, “liderliyə öyrətməni” vacib sayır, lakin siyasi varis olaraq yeni liderin mükəmməl ola biləcəyinə birmənalı münasibət bildirmir.
Lakin praktiki təcrübə politoloji fikrin yanıldığını üzə çıxarır. Belə məlum olur ki, birincisi, siyasi varislik universal kriteriyalarla deyil, konkret tarixi mərhələdə özəl siyasi təcrübəyə söykənən və konkret ölkə qarşısında duran strateji məsələlərin adekvat dərkinə əsaslanan yanaşma çərçivəsində məzmunlaşa bilər, ikincisi, yeni liderlik kontekstində siyasi varislik elə bir prosesdir ki, praktikada hər anda özünü təsdiq edir. Yəni, əsas olaraq, konkret fəaliyyətin verdiyi nəticələrin ölkənin milli maraqları və beynəlxalq hüquq normaları prizmasında qiymətləndirilməsi (təbii ki, söhbət obyektiv qiymətləndirmədən gedir) ön plana çıxmalıdır. 
Bizcə, Arçi Braun da daxil olmaqla, müasir Qərb politoloqları məhz bu sonuncu iki yanaşma özəlliyini nəzərə almadıqlarına görə “güclü lider” alayışını sistemli təqdim edə bilmirlər. 
Belə ki, güclü liderliyi konkret ölkə üçün müəyyən etmək üçün əsaslı və adekvat “siyasi varislik” anlayışını politoloji müəyyənləşdirmək gərəkdir. ­Heydər Əliyev bu məqamda bütün dünyaya örnəkdir. Ulu öndər əməli fəaliyyətinin Azərbaycan nümunəsində sübut etdi ki, həm çox güclü liderdir, həm də siyasi varislik prinsipini çox müəkəmməl məzmunlaşdıra bilir. Buna görə də qətiyyətlə belə qənaətə gələ bilərik ki, Heydər Əliyev müasir mərhələdə bütün Avrasiya məkanı üçün örnək ola biləcək güclü və uğurlu liderlik nümunəsidir! 
Siyasi məharət
Beləliklə, nəzəri-politoloji və fəlsəfi olaraq zəruri şəxsi keyfiyyətlərə malik olmayan liderin güclülüyü imkansızdır. Burada liderin şəxsi-psixoloji, iradi və zəkavi keyfiyyətlərinin vəhdəti həlledici rol oynayır. Lider sarsılmaz siyasi iradəyə və dayanıqlı psixoloji özəlliklərə malik ola bilər. Lakin strateji zəkasındakı qüsurlara görə güclü lider kimi qəbul edilməyə də bilər. Və yaxud lider aydın məqsədə malik olar, iradəsi güclü olar, lakin şəxsi psixoloji dayanıqlığı və strateji zəkası dayanıqsız ola bilər ki, bu halda da onu güclü lider kimi qəbul etmək çətindir (D.Tramp buna nümundir). 
Güclü liderliklə bağlı aydınlaşan digər məqam konkret ölkənin liderlik təcrübəsi əsasında müasirliklə müqayisə fonunda dövlətçiliyin optimal inkişafı kursunun yaradılmasından ibarətdir. Burada liderin şəxsi keyfiyyətləri ilə siyasi liderlik təcrübəsinin çox orijinal sintezi, harmoniyası, bir-birini tamamlaması, uzlaşması tələb olunur. Bu kontekstdə liderin şəxsi keyfiyyətlərini onun praktiki siyasi fəaliyyətinin peşəkarlıq aspektinə transformasiyasını görürük. Yəni, güclü lider şəxsi keyfiyyətlərini konkret tarixi situasiyanın özəllikləri kontekstində praktiki siyasi fəaliyyətinə müsbət nəticəverici yöndə proyeksiya edə biləndir.      
Bütün bunlardan belə qənaətə gəlmək olar ki, müasir mərhələdə liderin şəxsi keyfiyyətləri onun praktiki siyasi fəaliyyətində çox ciddi rol oynayır. Şəxsi keyfiyyətlər insanın daxili aləminin bütövlüyünü təmin edə bilmədikdə, onun güclü və uğurlu siyasi lider olması qeyri-mümkündür. 
Bəs liderin şəxsi keyfiyyətlərinin harmoniyasının, sintezinin, bütövlüyünün konkret təsdiqini onun hansı keyfiyyətində görmək mümkündür? Burada ortaya siyasi varisliklə güclü uğurlu liderliyin qarşılıqlı əlaqəsi məsələsi çıxır. Yəni layiqli siyasi varis hazırlaya bilməyən lideri uğurlu güclü lider saymaq çox çətindir. 
Məsələnin bu tərəfi bugünkü geosiyasi və siyasi-hərbi dinamikanın çox sürətli, qeyri-müəyyən, mürəkkəb və ziddiyyətli olması fonunda daha da aktuallaşır. Güclü lider sürətlə dəyişən vəziyyətlərə yalnız çevik adaptasiya etmək qabiliyyətinə malik olmamalıdır. O, həm də hər situasiyada kreativ davranmağı və çevik qərarlar qəbul etməyi bacarmalıdır. Vurğulanan kontekstdə aydın olur ki, güclü lider həm də yaradıcı düşünən və kreativ fəaliyyət göstərən uğurlu lider hazırlayandır.
Burada güclü, uğurlu liderliyin Azərbaycan nümunəsində iki kriteriyanın sıx qarşılıqlı əlaqədə olduğunu görürük: birinci, güclü və uğurlu liderlik nümunəsinin real mövcud olması, ikinci, bunun əsasında yeni şəraitdə güclü və uğurlu ola biləcək liderin hazırlanması. Bu xətt siyasi varislik prinsipi üzrə reallaşır, lakin həyata keçmə mexanizmi siyasi məharətlə bağlıdır. Siyasi varisliyin konseptual məzmununun müəyyən edilməsi güclü liderlikdə bazadır, təməl fəaliyyət sahəsinin müəyyənləşməsidir. Bununla yanaşı, ən mükəmməl təməl fəaliyyət sahəsi belə, lazımi siyasi məharət olmayanda praktiki nəticə vermir. Deməli, hər iki aspektin vəhdəti çox əhəmiyyətlidir. 
Heydər Əliyev bu aspektləri özündə ehtiva edən nümunəvi güclü, uğurlu ümummilli liderdir! Etiraf edək ki, postsovet məkanında ikinci nümunə yoxdur. Güclü liderlər olmuşdur və vardır, lakin Heydər Əliyevdən başqa bir şəxsiyyətdə fərdi keyfiyyətlərlə, siyasi məharəti praktiki siyasi fəaliyyətdə sintez də bilən, bu kontekstdə də yeni uğurlu liderliyin nəzəri və praktiki şərtlərini dəqiq müəyyənləşdirən yoxdur.  
Heydər Əliyevin liderliyində siyasi məharət zəngin təcrübə və strateji zəka ilə birləşir. Daha doğrusu, siyasi məharətin qaynağında həmin iki vacib keyfiyyət dayanır. Ulu öndər Azərbaycan dövlətçilik ənənəsini, dövlətçilik strategiyasında yol verilən səhvləri, yanlış yanaşmaları çox gözəl bilirdi. Bu məsələnin həm tarixi aspektini dərindən mənimsəmişdi, həm də XX əsrdə praktiki siyasi fəaliyyət nümunələrində yenidən sınaqdan çıxarmışdı. 
O cümlədən, Azərbaycan Demokratik Respublikasının üstünlüklərini və tarixi tələblərə cavab verməyən nöqsanlarını, Azərbaycan dövlətçilik fikrinin tarixi təkamülünün fəlsəfi və siyasi-nəzəri özəlliklərini, müstəqil dövlət qurmaq strategiyasının mövcud olmuş və yeni şərtlər daxilində formalaşan kriteriyalarını dərindən bilirdi. 
Bu prosesdə Ulu öndərin sovet mərhələsindəki fəaliyyəti də qiymətlidir və ondan alınacaq ibrət dərsləri də çoxdur. Bütün bunları biz lakonik olaraq “Ümummilli liderin zəngin siyasi təcrübəsi” adlandıra bilərik. Məhz bu kontekstdə liderin siyasi məharəti anlayışı yeni aktual məzmun kəsb edir. Siyasi məharət sırf nəzəri anlam deyildir – o, konkret siyasi təcrübəyə əsaslanan və dəqiq siyasi məzmunu olan nəzəri ilə feilinin sintezidir. Azərbaycanda güclü uğurlu siyasi liderliyin nümunəsi bu kriteriyalar fonunda Heydər Əliyev timsalında XX əsrin 90-cı illəri–XXI əsrin başlanğıcındakı mərhələdə tam formalaşmışdır. 
Güclü liderliyin Azərbaycan nümunəsi sabit, dəyişməz anlam deyildir, əksinə, Ulu öndərin verdiyi məzmun və məqsədə görə, sürətlə dəyişən ziddiyyətli və mürəkkəb situasiyalarda liderin güclü və uğurlu olmasını təmin edən kriteriyalara söykənir. Bizcə, bu məqam güclü uğurlu liderliyin Azərbaycan nümunəsinin mərkəzi müddəasıdır! Həmin müddəadan alınan strateji xarakterli fəlsəfi və politoloji anlamı olan tezis belədir: Güclü liderliyin Azərbaycan nümunəsi XXI əsrin özəlliklərinə uyğun uğurlu transformasiya etmişdir. Bunu Prezident İlham Əliyevin fəaliyyəti nümunəsində görə bilərik.         
(ardı var)
Füzuli QURBANOV, XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Seçilən
438
xalqqazeti.az

1Mənbələr