AZ

Nadalla Alkaras tandem təşkil etmək istəyir

Bu yay dünya idmansevərlərinin diqqəti Parisə yollanacaq.

“Football-plus.az” xəbər verir ki, iyulun 26-dan avqustun 11-nə qədər Fransa paytaxtında Yay Olimpiya Oyunları keçiriləcək. Bu üzdən qarşıdakı Olimpiada ilə bağlı xəbərlərin sırasının artması təbiidi.

Artıq olimpiya məşəli Paris Olimpiadasının təşkilatçılarına verilib. Bu mərasim Afinadakı tarixi, ağ mərmərli “Panatinaikos” stadionunda gerçəkləşib. Mərasimdə Yunanıstanın Milli Olimpiya Komitəsinin prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü Spiros Kapralos, həminin “Paris-2024”ün təşkilat komitəsinin rəhbəri Toni Estanqe iştirak edib. Aprelin 27-də olimpiya məşəli “Belem” qayığının göyərtəsində Parisə göndərilib. Məşəl mayın 8-də Marselə çatacaq, şəhər limanında onu 150 min adam qarşılayacaq. Fransada estafet 68 gün davam edəcək, proses iyulun 26-da keçiriləcək açılış mərasimində bitəcək. Xatırladaq ki, olimpiya məşəli aprelin 16-da Yunanıstandakı qədim olimpiya kəndində yandırılıb.

Olimpiada ilə bağlı başqa maraqlı xəbərlər də var. “Real” Fransa Futbol Federasiyası ilə əlaqə saxlayaraq PSJ-nin forvardı Kilian Mbappe ilə müqavilə imzalayacağı təqdirdə onu Olimpiya Oyunlarına buraxmayacağını çatdırıb. 25 yaşlı fransalı ulduzun Madrid klubu ilə müqaviləsində belə bənd nəzərdə tutulub.

İspaniyalı tennis ulduzu Rafael Nadal isə Olimpiadada həmvətəni Karlos Alkarasla cütlərin yarışında birgə mübarizə aparmaq istədiyini deyib. Bununla bağlı Alkaras da bir neçə gün əvvəl açıqlama vermişdi. Daha doğrusu, gənc istedad “Böyük dəbilqə” turnirlərinin 22 qat qalibi ilə bu mövzuda söhbət etməkdən utandığını demişdi. Nadal ona belə cavab verib:
“Karlosun məndən nəyisə xahiş etməsi lazım deyil. Düşünürəm ki, hər şey yaxşı olsa, birgə oynayacağıq. Bu mənim üçün də həyəcanlı an olacaq. Olimpiada ərəfəsində Karlosla birgə hansısa turnirdə oynamaq, kortda qarşılıqlı anlaşmanı qaydaya salmaq lazımdı”.


Xatırladaq ki, 37 yaşlı Nadal artıq iki dəfə olimpiya çempionu olub – Pekin-2008-də fərdi, Rio-de-Janeyro-2016-da isə cütlərin yarışında.

Bu arada BOK-un rəhbəri Tomas Bax rusiyalı idmançıların Parisdə hansı səbəbdən diskvalifikasiya oluna biləcəyini deyib: “Yarışlar vaxtı və idmançılar fəxri kürsüdə olarkən siyasi aksiyalar yasaqdı. Rusiyalı idmançı bayraq və ya Z işarəsi göstərsə, intizam proseduru start götürəcək”.
Bildiyiniz kimi, BOK ötən ilin dekabrında Rusiya və Belarusdan olan idmançıların Olimpiadaya yalnız fərdi qaydada, neytral statusla, bəzi meyarlara əməl olunmaqla qatıla biləcəyini elan edib. Bu iki ölkədən olan atletlər açılış mərasiminə buraxılmayacaq, eləcə də medal cədvəlində yer almayacaq.

Belarus prezident Aleksandr Lukaşenko bu ölkənin idmançılarının Olimpiadada neytral statusla iştirakla bağlı qərarı özlərinin verməli olduğunu deyib:
“Bu, idmançıların işidi. Əlbəttə, istərdik ki, himn, bayraq, başqa atributlar olsun. Ancaq mən idmançıları anlayıram: bu onların həyatıdı. Bunu anladığıma görə də heç bir variantın üzərində israr etmirəm. Ancaq sən ora seçilmisənsə, neytral statusla gedirsənsə, onların çənəsini əz, əsl belaruslu olduğunu göstər”.
Seçilən
218
football-plus.az

1Mənbələr