AZ

Bizim “ağsaqqal tövsiyəsi”nə ehtiyacımız yoxdur, cənablar!

Ortalıqda sanki 2005-in ssenarisi cövlan edir: Onda da bəlli dövlətlər və həmin dövlətlərin səfirləri özlərinə, səlahiyyətlərinə aid olmayan işlərlə məşğul idilər, indi də. Onda da dünya və bölgə təlatümlərə qərq olmuşdu, indi də. Onda da siyasi müxalifət xarici piştaxtalardan və çiyinlərdən boylanırdı, indi də.

Heç yadımdan çıxmaz, ABŞ-nin ölkəmizdəki təmsilçisi Rino Harniş bir ara şimal zonasında mitinqlər keçirirdi, TV-lərdə ictimai-siyasi proqramlara çıxırdı, diplomatiyanın başını buraxıb siyasətçi kimi danışırdı. Və sonradan məlum oldu ki, Bakıda reallaşmalı olan inqilabın müəllifi də, icraçısı da elə səfirin özü imiş. Üstəlik, bir-iki zəif (amma pullu) məmuru da təsirinə, daha dəqiq desəm: tələsinə salaraq əməllicə havaya girmişdi, Parlament seçkilərindən öncə planlı iş aparmışdı, namizədlər müəyyənləşdirmişdi. Məqsəd də bu idi ki, bölgələr üzərindən insanlar ayağa qaldırılsın, ölkədə etimadsızlıq mühiti yaransın və beləcə dövlət çevrilişi reallaşsın. Hətta səsverməyə 3 gün qalmış bütün icra başçılarına və DSK sədrlərinə təxminən belə bir mətndə şantaj üslublu məktub göndərilmişdi: "Özünüzün və övladlarınızın gələcəyini düşünürsüzsə, dövlətin yanında olmayın...”

Hələ mən Qərbdən ötürülən 1 milyonluq narıncı köynəkləri, yarım milyard dollara yaxın pulu, kütləvi iğtişaşın reallaşması üçün konkret məkanlara, küçələrə əvvəlcədən  yerləşdirilən soyuq silahları demirəm...

Yaxşı bəs axırı?! Dostlar demiş, "heş zad.” Səfir də, inqilab da, şeypur çalanlar da, züy tutanlar da getdi işinin dalınca...

Siyasət isə sanki qalaktika qanunları ilə, requlyar estafetlə işləyir. 20 ildən sonra bir baxırsan, eyni yerdən eyni ağac bitib.  Hə, cırdı, zamanında buddanıb, qulağı kəsilib, amma nə olsun, sırtıqdır, üzlüdür, inadına yenə bitib. Sadəcə sort və bağban fərqliliyi ilə!

***

Qərbin və Avropanın qəti şəkildə qəbul etmədiyi təzahürat, üzləşdiyi miskin tablo budur: Necə ola bilər, Gürcüstanı, Ermənistanı rahatca qarışdıra bilək, amma Azərbaycanda hər şey öz axarında getsin? Nədə zəiflik etdik görəsən? Boşluğumuz hardadır? Axı məntiq etibarilə qoyduğumuz bu qədər "qara maya” prosesləri maraqlarımıza uyğun dəyişməli, "Abzas Media”, "Toplum TV”, "Məclis.İnfo” və ümumilikdə "Xədicə prodakşn” üzərindən qurduğumuz bütün layihələr işimizə yarımalı, FETÖ xətti ilə ortalığa dövr edilən ipiözümüzdəkilər "siyasi liderə”  çevirilməli, Avropa Şurasında Azərbaycana qarşı sərgilədiyimiz şoular nəticəyə varmalı, sanksiya avantürizmi hakimiyyət daxilində narahatlıq yaratmalı idi...

Ya da olsun konkret Fransa! Adamın üstündə Allah var, bu ərəfədə az "meymunluq” eləmədi. Silah daşıdı, erməni lobbiçiliyini az qala bütün dünyada öz üzərinə götürdü,  Avropaya donoslar ötürdü, "söyüş müxalifəti”ni bəslədi, Azərbaycan hakimiyyəti əleyhinə Qərb mətbuatında  "n” qədər yazılar yazdırdı. Fəqət, yenə çifayda! Alınmadı ki, alınmadı...

***

İnsan hüquqları elə gəldi, sərbəst toplaşmaq azadlığı belə getdi...

Bəsdirin, sən canı...

Ukraynanın az qala tən yarısını qırğına vermisiz. Sırf merkantil maraqlar naminə!

Amerikanın 7 ştatında hələ də ölüm hökmü icra olunur. Elektrik stullara bağlanmaqla!  

1 milyon əlcəzairlinin qanı bu günə qədər Makronun idarə etdiyi dövlətin üzərindədir! Qartmaq bağlamamış şəkildə!

Ölkələrinizdə günün-günorta çağı aksiyaçılar, narazı elektoratın nümayəndələri, qaradərililər güllə yağışına tutulur.  Nümayişkəranə formada!

30 il boyunca ədalətin də, məntiqin də qışqırtısına rəğmən təmsil olunduğunuz ATƏT-in Minsk Qrupunda əbədi yuxuya getdiniz, xorultulu nəfəslə yatdınız, ayılmadınız. Sanki belə də olmalıymış kimi!

BMT-nin 4 qətnaməsi nə qədər müddət havada uçuşdu, icrasız qaldı, "makulatura”ya döndü. Qımınız belə qımıldamadı!

Amma indi... Şuşaya gedən diplomatları "şou iştirakçısı” adlandırırsız, oturub "ciddi-ciddi” Qubad dərdi çəkirsiz, Xədicənin "balalarını” qoruyursuz, radikalların mitinqlə bağlı tökdükləri göz yaşlarını silirsiz, Qərbin hazırki dress-kodu olan qanlı qəssab libasını əyninizdən çıxarıb keşiş paltarı geyinirsiz, bir an içində mələyə, "tereza ana”ya, femidaya, insan hüquq və azadlıqlarının carçısına çevrilirsiz.

Belə tamaşaları bilirsinizmi nə qədər görmüşük, cənablar?!

Bir anlıq, göyə, səmaya nəzər salın. Ay sağ ol. Bax oooboydaaaa...

Ona görə də gedin, "ağsaqqal tövsiyəsi” verməyə başqa ünvan axtarın.

Zatən biz özümüz ağıllandırmağa adam gəzirik...

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Seçilən
319
4
aktual.az

5Mənbələr