AZ

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təkibi tam yeniləndi - Yeni üzvlər KİMLƏRDİR

Bu gün Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Namizədliyi irəli sürmüş 19 namizəddən 11-i səs çoxluğu toplayaraq İctimai Şuraya üzv seçilib. Seçkilər yüksək fəallıq şəraitində baş tutub. Nəticədə Şuranın yeni tərkibi formalaşıb.


QHT.az xəbər verir ki, Modern.az yeni tərkibdə kimlərin yer alması barədə araşdırma aparıb.

 

Siyahı ilə tanışlıq göstərir ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni tərkibi sırf profil üzrə - elm və təhsil sahəsi üzrə fəaliyyəti ilə tanınan nüfuzlu vətəndaş cəmiyyəti təmsilçilərindən ibarətdir.

 

Bu baxımdan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni komandası da nümunəvi sayıla bilər. Təhlil göstərir ki, yeni heyətə peşəkar mütəxəssislər seçilib.

Onları yaxından tanıyaq:

 

Orxan Kərimzadə – ADA Universitetində baş müəllimdir, sahəsi mühəndislikdir. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramları çərçivəsində Cənubi Koreyanın KAIST Universitetində bakalavr, Böyük Britaniyanın İmperial Kollecində magistr, İtaliyanın Sapienza Universitetində doktorantura təhsili alıb. Güc elektronikası, xüsusən də bərpaolunan enerji mənbələri üçün güc çeviricilərinin layihələndirilməsi üzrə ixtisaslaşıb. 1 kitab və 13 elmi məqalənin həmmüəllifidir;
 

Pərvanə Məmmədova – “Yuva” Humanitar Mərkəzi İctimai Birliyinin və “FemACT” Azərbaycan Qadın Fondunun təsisçisidir. 1995-cı ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsini bitirib. 1999-cu ilin dekabr ayında Harvard Universitetinin Kennedi Dövlət İdarəetmə Məktəbi və “Hunt Alternatives” təşkilatının Qadınlar və İctimai Siyasət Proqramının qlobal təşəbbüsü olan “Women Waging Peace”in təsisçilərindən biri olub;
 

Heydər Eminli – Azərbaycan Özəl Təhsil Müəssisələri İctimai Birliyində İdarə Heyətinin sədri, Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimidir. Böyük Britaniyanın Birminqem Universitetində “Təhsildə beynəlxalq araşdırmalar” ixtisası üzrə magistr proqramında təhsil alıb. 2017–2018-ci illərdə BMU-nun İngilis dili və ədəbiyyatı kafedrasının müdiri işləyib. 2018–2021-ci illərdə “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”ndə direktor müavini kimi fəaliyyət göstərib;
 

Günay Əkbərova – Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının nümayəndəsidir. Zəngilan rayonu 33 nömrəli tam orta məktəbdə ingilis dilini tədris edir, Bakı Dövlət Universitetinin doktorantıdır. Təhsillə əlaqəli çoxsaylı layihələrin, 6 kitab və 35-dən çox məqalənin müəllifidir. Şimali Karolina Dövlət Universitetinin ELT (English Language Teacher’s Master Program) proqramının Azərbaycan üzrə mentorudur. Floridada təşkil edilmiş TESOL 2024 təqaüd proqramının məzunudur. Dil daşıyıcısı olmayan ingilis dili müəllimləri üçün TKT (Teaching Knowledge Test) imtahanının hər üç modulu üzrə sertifikatlaşdırmanı uğurla başa vurub;
 

Elçin Əzimli – Təhsilə Dəstək Mərkəzi İctimai Birliyinin nümayəndəsidir. “Yüksəliş” müsabiqəsinin baş qiymətləndirici eksperti, yazıçı və beynəlxalq dərəcəli təlimçidir. İstanbul Universitetinin Politologiya fakültəsinin məzunudur. “Dan ulduzu” və “Çağrı” adlı romanların müəllifidir. Kanadanın Adler Kouçinq Məktəbini bitirib və Beynəlxalq Kouçinq Federasiyası tərəfindən akkreditasiya olunmuş mütəxəssis dərəcəsini alıb;
 

Hikmət Əlizadə – Müasir Psixoloji Dəstək İctimai Birliyinin nümayəndəsidir. Pedaqogika üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasının professorudur. 1984-cü ildən Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasında çalışır. Namizədlik dissertasiyasını Tbilisi şəhərində Qoqebaşvili adına Pedaqoji Elmlər Elmi-Tədqiqat İnstitutunda müdafiə edib. Daha sonra 1996-cı ildə “Tərbiyənin demoqrafik problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 20 kitab, 200-dən artıq məqalə, proqram, metodik vəsait və tezisin müəllifi, onlarla beynəlxalq konfransın iştirakçısıdır. 2009-cu ildə BDU-nun 90 illik yubileyi ilə əlaqədar “Tərəqqi” medalı, 2019-cu ildə BDU-nun 100 illik yubileyi ilə əlaqədar isə “Şöhrət” ordeni ilə təltif olunub;
 

Rafael Hacıbəyli - Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının sədridir. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Xarici İşlər Nazirliyinin Humanitar və sosial məsələlər şöbəsində təcrübə keçib. Avropa Gənclər Parlamenti –   Azərbaycan İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması İctimai Birliyinin icraçı direktoru, Dünya Azərbaycanlı Gənclərin Beynəlxalq Həmrəyliyi İctimai Birliyinin sədri olaraq çalışıb;
 

Sevinc Məhəməliyeva – Regional İnkişaf İctimai Birliyində təhsil və humanitar proqramlar üzrə ekspertdir. Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə, daha sonra həmin universitetin Maliyyə fakültəsində MBA proqramı üzrə təhsil alıb. 2020-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Regional İnkişaf İctimai Birliyinin Layihələr şöbəsində inklüziv təhsillə bağlı layihələrinin idarəolunması üzrə fəaliyyət göstərib;
 

Rasif Dünyamalıyev – ''Bağçam'' Uşaq Bağçaları Şəbəkəsinin təsisçisi, məktəbəqədər təhsil üzrə mütəxəssisdir. 2003–2007-ci illərdə Bakı Dövlət Universitetində bakalavr, 2012–2015-ci illərdə Azərbaycan Universiteti və ABŞ-ın Corciya Dövlət Universiteti ilə birgə proqramında magistr təhsili alıb. 2009–2013-cü illərdə “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasında “Bakı – ailələrə dəstək” layihəsinin meneceri olaraq çalışıb. 2013-cü ildən məktəbəqədər təhsil sahəsində müəssisələrin inkişafına, innovasiyaların tətbiqi və kadrların təkmilləşdirilməsinə xidmət edən layihələr həyata keçirib. “Valideyn inkişafı” proqramı, “Bağçam” Valideynlik Forumu, “Bağçam” Valideyn Klubu layihələri bu qəbildəndir. Bununla yanaşı, məktəbəqədər təhsil müəssisələrinin idarə edilməsində iqtisadi səmərəlilik və valideyn məmnuniyyətinin artırılması, korporativ idarəetmə və keyfiyyət standartlarının tətbiqi, təhsil müəssisələrində uşaqyönümlülük, xüsusi uşaqlarla iş mexanizmlərinin hazırlanması istiqamətlərində çoxsaylı layihələr icra edib;
 

 Kəmalə Aşumova – “Ümidli gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədridir.  Uşaq və gənclər üçün asudə vaхtın təşkili, mədəniyyət və incəsənət, təhsil sahələrində çoxsaylı tədbirlər həyata keçirib. Azərbaycanda uşaq problemləri sahəsində hazırlanan qanun layihələri, milli fəaliyyət planları, təlimat və digər müvafiq proqramların hazırlanmasında yaxından iştirak edib. Uzun müddətdir ki, uşaq hüquqlarının qorunması, çətin tərbiyə olunan uşaqlara xidmət məqsədilə müxtəlif layihələr icra edir;
 

Mirzə Cəfərzadə – Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ) sədrinin müavinidir. 2007-ci ildə “Azərbaycan Həmkarlar İttifaqlarının 100 illiyi” yubiley medalı, 2010-cu ildə “Həmkarlar ittifaqlarında xidmətə görə” fəxri adı, 2008-ci ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
 

Müqayisəli təhlilimiz göstərir ki, bu dəfə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın tərkibi demək olar ki, tam yenilənib. Köhnə Şuradan yalnız 2 nəfər yenidən seçilib.

 

Bu günlərdə yeni tərkibdə İctimai Şuranın ilk iclasının keçirilməsi, Şura üzvlərinin öz aralarından sədr, sədr müavini və katib seçəcəkləri gözlənilir.

 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın əsas məqsədi elm və təhsil sahəsində ictimai nəzarəti həyata keçirmək, Nazirliyin fəaliyyətində ictimai iştirakçılığı təşviq etməkdir.

 

Son vaxtlar ictimai şuraların tərkibi və fəaliyyəti ilə əlaqədar cəmiyyətdə xeyli müzakirələr aparılır, tənqidi fikirlər səsləndirilir, bu şuralarda təsadüfi şəxslərin yer aldığı bildirilir. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər həm də bu çağırışlar kontekstində maraqlı idi. Olduqca müsbət haldır ki, Nazirlikdə ictimai nəzarəti peşəkar QHT korpusu həyata keçirəcək.

Seçilən
322
5
ictimaishura.az

6Mənbələr