AZ

Ruben Vardanyan Azərbaycan həbsxanasına necə düşdü? Milyarderin siyasət sərgüzəştləri

  • Müəllif, Nataliya Zotova
  • Vəzifə, BBC Rusca

Rusiyalı milyarder, iş adamı və xeyriyyəçi Ruben Vardanyan 2022-ci ildə Moskvadakı sakit həyatından ayrılmaqla, Rusiya pasportundan imtina edib Qarabağa getməklə hamını təəccübləndirdi.

O, Qarabağda dövlət naziri vəzifəsini tutdu. Bir il sonra Azərbaycan Qarabağı geri aldı, Vardanyanın özü isə Azərbaycan hakimiyyəti tərəfindən həbs edildi.

O vaxtdan bəri onun haqqında, demək olar ki, heç bir məlumat yoxdur - heç kim onun məhkəməsinin başlayacağı tarixi belə bilmir. Məlum olan odur ki, o 3 aydan çoxdur, Azərbaycanda həbsdədir və Səbail Rayon Məhkəməsinin qərarı ilə onun həbs müddəti 2024 cü il, yanvarın 25-də daha 4 ay artırılıb.

BBC Rusca onun hekayəsini danışır:

1 milyard dollardan çox var-dövlətinə görə Forbes siyahısına daxil edilmiş rusiyalı biznesmen Ruben Vardanyan 2023-cü il, sentyabrın sonlarında Laçın dəhlizində - keçmiş Dağlıq Qarabağdan Ermənistana yeganə yolda saxlanıldı.

Azərbaycanın qələbəsindən sonra Qarabağın demək olar ki, bütün erməni əhalisi arxada tərk edilmiş evlər və boş küçələr qoyaraq bu yolla oradan çıxırdılar.

Azərbaycan sərhədçiləri sakinlərin əksəriyyətini problemsiz buraxır, lakin tanınmamış respublikanın bəzi rəhbərlərini saxlayırdı. Onların arasında Vardanyan da var idi.

Milyarder bu hadisədən bir il əvvəl Rusiya vətəndaşlığından imtina edərək Moskvadan Qarabağa köçmüşdü. Bəziləri bu gözlənilməz qərarda Rusiya hökumətinə yaxın bir iş adamını bölgədəki proseslərə təsir etmək üçün göndərən “Moskva əli”nin olduğunu deyirdi.

Digərləri üçün bu, Rusiyadan olan əksər iri biznesmenlərə qarşı tətbiq edilən, lakin Vardanyanın indiyə qədər yayındığı Qərb sanksiyalarından qaçmaq cəhdi idi.

Üçüncülər isə hesab edirdilər ki, sonunda Vardanyana azadlığı bahasına başa gəlsə də, bu onun öz həmvətənlərinə səmimi yardım jestidir.

Vardanyan və gələcək

"Niyə Ruben Vardanyan gələcəyi görə bilir", - 2017-ci ildə GQ jurnalında bu başlıq altında məqalə dərc olundu.

Məqalədə Vardanyan - artıq 1990-cı illərdə sərvətini qazandıqdan sonra, - 2010-cu illərdə xeyriyyəçi və uzaqgörən kimi təsvir edilib - o özünü məhz belə göstərməyə çalışırdı.

Elə həmin illərdə o, xeyriyyə layihələrini işə salır, onun fikrincə, Rusiya biznesi üçün kadrlar hazırlayacaq “Skolkovo” biznes məktəbinə sərmayə yatırır, Ermənistanın Dilican şəhərində “insanları, millətləri və mədəniyyətləri sülh və davamlı gələcək naminə birləşdirəcək" özünəməxsus təhsil metodologiyası ilə fəaliyyət göstərən məktəb inşa etdirir.

“Rubenin layihələri miqyası ilə səciyyələnir - onlar bu günlə məhdudlaşmır və gələcəyə yönəlib. Buna görə də o gələcəyi müəyyənləşdirən təhsil, elm, mədəniyyətlə məşğul olur”, - Vardanyanın dostu, yazıçı Yevgeni Vodolazkin BBC ilə söhbətində vurğulayıb.

Ruben

Şəklin mənbəyi, VYACHESLAV PROKOFYEV/TASS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
248
bbc.com

1Mənbələr