AZ

BBC araşdırması: Azərbaycanda real gəlirlər nə qədərdir?

  • Müəllif, Səadət Akifqızı, Aygül Mehman
  • Vəzifə, BBC Azərbaycanca

Bakıda dövlət təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 2022-2023-cü tədris ilində 909 manat olub, şəhər təhsil idarəsi açıqlayıb.

Son 4 ayda isə rəsmi statistikaya görə, Azərbaycanda orta aylıq əmək haqqı 900 manat olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk üç ayı ərzində ölkə iqtisadiyyatında muzdla işləyənlərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,4 faiz artıb.

Orta aylıq əmək haqqı 900 manat olsa da, adekvat olaraq, inflyasiya da artıb. Mərkəzi Bankın məlumatına görə, ilk 3 ayda inflasiya 13,8 faiz olub.

Bəs, ümumiyyətlə, 900 manatlıq orta aylıq əmək haqqı real gəlirləri əks etdirirmi?

Bəzi müstəqil iqtisadçılara görə, ölkədə biznesin təklif etdiyi qiymətləri və xərcləmələri təhlil edəndə o qənaətə gəlmək olur ki, bəzi gəlirlər rəsmiləşdirilmir və bu da özünü əmək haqqı fondunda göstərmir, əks halda orta aylıq əmək haqqı daha çox olmalıydı.

“Məsələn, Bakıda orta aylıq əmək haqqı 1000 manata yaxındır, ödənilən kommersiya ipotekası da azı 800-1000 manatdır. Burda da sual yaranır ki, o zaman bu şəxs ərzağa, kommunala xərci hardan alır?” - iqtisadçı Natiq Cəfərli BBC Azərbaycancaya deyib.

Dövlət Statistika Komitəsindən BBC-yə bildiriblər ki, dövlət və özəl sektorda vəzifə maaşları ilə yanaşı bütün əlavə, bonus və mükafatlar əmək haqqı fonduna daxil edilir və bu da ümumi orta aylıq əmək haqqında özünü göstərir.

Bu yaxınlarda Mehman Hüseynova müsahibə verdiyi üçün töhmət almış millət vəkili Vahid Əhmədov istisna etmir ki, rəsmiləşməyən gəlirlər var, amma onun sözlərinə görə, aparılan islahatlar nəticəsində “qara mühasibatlıq ağarır” və korrupsiyanın qarşısını almaq üçün, xüsusilə dövlət müəssisələrində maaşlar artırılır.

qanun
Seçilən
296
bbc.com

1Mənbələr