AZ

Xalq yazıçısı Natiq Rəsulzadənin 75 yaşı tamam olur

Zəngin söz ehtiyatı, həyata dair geniş təfəkkür, biri-birinə qətiyyən bənzəməyən yaradıcılıq üslubuna sadiqlik istedadı – Xalq yazıçısı Natiq Rəsulzadənin fikrincə, məhz bu üç komponent mükəmməl ədəbi mətnin əsasını təşkil edir. Heç olmasa bir kərə yazıçının kitabını əlinə alan təsdiq edə bilər ki, həmin keyfiyyətlər tam şəkildə ədibin özünə də məxsusdur.

AZƏRTAC xəbər verir ki, iyunun 5-də görkəmli Azərbaycan ədibi, kinodramaturq, Azərbaycanın xalq yazıçısı Natiq Rəsulzadənin 75 yaşı tamam olur.

Natiq Rəsul oğlu Rəsulzadə 1949-cu ildə Bakıda anadan olub, 1975-ci ildə Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. O, 55 ildən artıqdır ki, yaradıcılıqla məşğul olur.

1999-cu ildə Ümummilli Lider Heydər Əliyev ədəbiyyat və kino sahəsində qazandığı uğurlara görə Natiq Rəsulzadəyə “Əməkdar incəsənət xadimi” fəxri adını verib. Yazıçının 2019-cu ildə keçirilən 70 illik yubileyində isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ona “Xalq yazıçısı” fəxri adı verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülən yazıçı, həm də PEN-klub Beynəlxalq Yazıçılar Təşkilatının Azərbaycan şöbəsinin vitse-prezidentidir.

Natiq Rəsulzadə bizim haqlı olaraq fəxr edə biləcəyimiz müasirimizdir. Yazıçılıq yaradıcılığının təlatümlü cəhətləri, yaradıcı insanın cəmiyyət həyatındakı rolundan danışan Natiq Rəsulzadə həmişə bel bir fikri təkrarlayır ki, “qələmi ürəyə batırıb, qanla yazmaq lazımdır”. O, yaradıcılığının ilk günlərindən bəri bu sözləri rəhbər tutur və yazdığı hər sətirdə həmin fikirlərin əksini görmək olar. Yazıçı gənclik illərində formalaşan üslubuna sadiqdir. Təsadüfi deyil ki, onun kitabları keçmiş SSRİ-dövründə olduğu kimi, bu gün də maraqla qarşılanır, məşhur rus ədiblərindən yüksək rəylər alır, bir sıra Avropa dillərinə tərcümə olunur, yazıçı ilə oxucuların hər bir yaradıcılıq görüşü isə anşlaqla keçir.

Natiq Rəsulzadənin yaradıcılığı, ilk növbədə, həyat haqqında ciddi düşüncələri, mürəkkəb dövrümüzlə bağlı fəlsəfi-bədii ümumiləşdirmələri, pərdəarxası insan münasibətləri ilə diqqəti cəlb edir. Bu mənada onun ilk əsərlərindən birini - “Gecədə atlı” povestini göstərmək olar. Anarın “İtirilmiş şəxsiyyətin ağrısı ilə” resenziyasından: “Gecədə atlı” əsərini haqlı olaraq xəbərdaredici povest adlandırmaq olar ki, burada öz ideallarına, yaradıcılıq prinsiplərinə xəyanət edən bir şəxsiyyətin süqutu, insan ruhunun tədricən məhv olması göstərilir, lakin müəllifin səmimi-qəlbdən inandığı kimi, yenidən dirçəliş üçün hələ də gec deyil” (“Bakinski raboçi” qəzeti, 6 dekabr 1989-cu il).

“Gecədə atlı” povestindən sonra yazıçı çoxlu romanlar, povestlər, hekayələr, o cümlədən “Uzunqulaq”, “Ulduzların altında yol”, “İntihar edənin qeydləri”, “Dekabr”, “Ev”, “Üçgünlük hava”, “Cazibə”, “Duel”, “Payız”, Yeddinci gecə”, “Tramvay”, “Ruhlar arasında, “Kabuslar arasında” və başqa əsərləri qələmə alıb.

Ədəbiyyatın gənc nəslin dünyagörüşünün genişləndirilməsində, düzgün təfəkkürün və ölkənin gələcəyinin formalaşmasında mühüm rol oynadığına inanan Natiq Rəsulzadə mənəvi dəyərləri yaradıcılığının əsas kredosuna çevirib.

Bakıda, Rusiyada, Avropa ölkələrində və bir çox başqa ölkələrdə çap olunmuş əllidən çox kitabın müəllifi, ədəbiyyat sahəsində bir sıra yerli və xarici mükafatların laureatı Natiq Rəsulzadə “Hüqo” ədəbi mükafatına (ABŞ) ən yaxşı bədii əsər nominasiyası üzrə namizəd olub.

Yazıçının istedadlı, maraqlı ssenarilərlə zəngin olan yaradıcılığında kinematoqrafiya böyük yer tutur. Bu ssenarilər əsasında çəkilən filmlər tamaşaçıların sevgisini qazanıb. Onların arasında vətənpərvərlik mövzusunda “Girov” (rejissor Eldar Quliyev), “Biz qayıdacağıq” (rejissor Elxan Qasımov), “Qələbə” və bir çox başqa filmlər var.

Xalq yazıçısı Natiq Rəsulzadə bu gün də tam fədakarlıqla çalışır, Azərbaycan ədəbiyyatının, kinosunun təkcə öz vətənində deyil, onun hüdudlarından çox-çox kənarda da tamaşaçı və oxuculara tanıdılması istiqamətində səy göstərir.

AZƏRTAC-ın kollektivi yubilyarı 75 illiyi münasibətilə təbrik edir, ona cansağlığı, firavanlıq və yeni yaradıcılıq uğurları arzulayır.

Seçilən
182
49
xalqqazeti.az

10Mənbələr