Mətbuatda və sosial şəbəkələrdə dünya şöhrətli müğənni Rəşid Behbudovun ölümü barədə irəli sürülən iddialara sənətkarın ailəsi də reaksiya verib. Belə iddialardan birini politoloq Cümşüd Nuriyev səsləndirib. O deyib ki, Rəşid Behbudov öz əcəli ilə vəfat etməyib, öldürülüb. C.Nuriyevin iddiasına görə, guya Rəşid Behbudov Hindistanda 26 Bakı komissarlarından olan Stepan Şaumyanın qəbrini tapdığına görə öldürülüb.
Belə iddialar əvvəllər də müxtəlif adamların dilindən, o cümlədən müğənni Bilal Əliyev tərəfindən səsləndirilib.
Modern.az-ın məlumatına görə, mərhum müğənninin kürəkəni, Rəşid Behbudov Fondunun rəhbəri Kamil Şahverdi bununla bağlı açıqlama verib. O deyib:
“Rəşid Behbudovun ölümü həqiqətən müəmmalıdır. Lakin Cümşüd Nuriyevin qeyd etdiyi fakrları dəqiqləşdirməyə ehtiyacı var. Məsələ yalnız Şaumyanın qəbri ilə bağlı deyil. Yaxın günlərdə əlimizdə olan bir çox danılmaz faklarla bu hadisəyə işıq salmağa cəhd göstərməyi düşünürəm. Nə vaxta qədər ki, arxivlərimiz açılmayıb, bu və digər vacib mövzularla bağlı dəqiq məlumat əldə etmək çətin olacaq. Buna baxmayaraq bizdə kifayət qədər bu ölümün müəmmalı olmasını sübüt edən dəlillər var. Düşünürəm ki, onları içtimailəşdirməyin zamanı yetişib”.
Qeyd edək ki, Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskvada vəfat edib. Dahi sənətkar Bakıda Fəxri xiyabanda dəfn edilib.