AZ

Operativ vergi nəzarəti tədbirləri və məhkəmə mübahisələri

Bu yazıda Operativ vergi nəzarəti (OVN) tədbirinin mahiyyəti, hansı hallarda keçirilə biləcəyi, yoxlamanın əhatə etdiyi məsələlər, təcrübədə ən çox yaranan mübahisələr və məhkəmə təcrübəsi barədə bir sıra məlumatlar öz əksini tapacaq. Mövzunun geniş olması və oxucu kütləsinin fərdi sahibkarlar, hüquqi şəxslər və bu sahədə ixtisaslaşmaq istəyən hüquqşünaslar olduğunu nəzərə alaraq, daha anlaşıqlı olması üçün ilk növbədə qısa şəkildə nəzəri məlumatlar verməklə, daha sonra sistemli şəkildə praktikada qarşımıza çıxan halları və eyni zamanda məhkəmə təcrübəsini diqqətinizə çatdıracağam.

Operativ vergi nəzarəti tədbiri vergi orqanları tərəfindən ən çox həyata keçirilən vergi nəzarəti formalarından biridir. Vergi Məcəlləsinə əsasən, Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilir. Bir sözlə, Operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinə əvvəlcədən məlumat vermədən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerdə aparılan yoxlamadır.

Sahibkarlıq subyektində Operativ vergi nəzarəti tədbiri həyata keçirilirsə, əsassız maliyyə sanksiyalarına məruz qalmamaq üçün aşağıdakılara diqqət edilməlidir:

1. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə qərarın olub-olmamasına diqqət yetirilməlidir.

OVN qərarında vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. OVN-in keçirilməsi barədə qərarda qeyd edilən məlumatların olmaması OVN nəticəsində yaranmış bütün maliyyə sanksiyalarının ləğv edilməsinə səbəb olur.

2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışın olub olmamasına diqqət edilməlidir.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Resublikası Qanununa əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunun müvafiq maddəsindən də aydın olur ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar reyesterdən qeydiyyatdan keçirilməli və qanunvericiliyin tələblərinə cavab verməlidir.

Hazırki mövzu üzrə oxucularda sual yarana bilər ki, əgər yoxlama vahid məlumat reyesterində qeydiyyatdan keçmişdirsə, bu hal yoxlamanın qanunvericiliyə tam əməl olunmasıdırmı? Xeyr, yoxlamanın vahid reyesterdən qeydiyyatdan keçirilməsi yoxlamanın tam olaraq qanuni olduğuna dəlalət etmir. Belə ki, yoxlama başlamazdan əvvəl vergi ödəyicisinin yoxlayıcıdan onun xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı tələb etmək, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat almaq və bu sənədlərlə tanış olmaq imkanının yaradılmasını tələb etmək hüququ vardır. Bu zaman yoxlamanın hüquqi əsasına diqqət etmək vacibdir. Yoxlamanın hüquqi əsası aşağıdakılardır:

1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar;

2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar;

3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə;

4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda;

5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda.

Məhkəmə təcrübəsində bir çox hallarda yoxlamanın hüquqi əsasının qanunauyğun olmaması səbəbindən OVN tədbiri nəticəsində tətbiq edilmiş maliyyə sanksiyasının ləğv edilməsi hallarına rast gəlinir.

Məsələn, vergi orqanı OVN-in keçirilməsi barədə qərar ilə və vahid məlumat reyestrində qeydiyyata alaraq OVN tədbiri hayata keçirmişdir. Vahid məlumat reyesterindən çıxarışda isə hüquqi əsas kimi 5-ci bənddə olan vergi ödəyicisinin riskli vergi ödəyicisi olduğunu qeyd etmişdir. Yoxlama keçirilmiş və nəticəsi müvafiq aktla rəsmiləşdirilmişdir. Yekunda isə vergi ödəyicinin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul olunaraq vergi ödəyicisinə 10.000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Araşdırma zamanı vergi ödəyicisinin qeyd edilən dövrdə riskli vergi ödəyicisi olmadığı bizə məlum olmuşdur. Vergi orqanlarının aşkar etdiyi qanun pozuntuları isə qanunvericiliyə uyğun şəkildə sübuta yetirilmişdir. Bu zaman hansı addımları atmalıyıq?

Nəzərə alınmalıdır ki, vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərardan 1 ay müddətinə məhkəməyə, 3 ay müddətinə isə yuxarı inzibati orqana şikayət etmək hüququmuz vardır. Bu müddətin üzrsüz səbəbdən buraxılması gələcəkdə bu qərarın mübahisələndirilməsi hüququmuzu məhdudlaşdıracaqdır. Biz maliyyə sanksiyasını tətbiq edən vergi orqanının yerləşdiryi ərazi üzrə İnzibati Məhkəməyə mübahisələndirmə növündə iddia ərizəsi təqdim edəcəyik. Təqdim etdiyimiz iddia ərizəsinin İnzibati Prosessual Məcəlləsinin tələblərinə riayət edilməsinə və eyni zamanda iddia növünün düzgün seçilməsinə diqqət edilməlidir. Bu hallara diqqət edilməməməsi iddianın mümkünsüz hesab edilməsinə səbəb ola bilər.

Müvafiq iddia ərizəsi 1 ay ərzində tərtib edilərək müvafiq ərazi üzrə İnzibati Məkəməyə təqdim edilməli, iddia ərizəsində məsuliyyətə cəlb edilmsi barədə qərarın mübahisələndirilməlidir. Praktikada bəzən məsliyyətə cəlb etmə barədə qərar yerinə OVN nəticələrinə dair AKT-ın və ya yoxlamanın keçirilməsi barədə qərarın mübahisələndirilməsi kimi səhv addımların atılması müşahidə edilir və buda yekunda iddianın Məhkəmə tərəfindən mümkün sayılmamasına səbəb olur və iddia baxılmamış saxlanılır. İddia ərizəsində vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarın mübahisələndirilməsinə baxmayaraq yoxlamanın keçirilməsi barədə qərar və ya vahid məlumat reyesterində olan pozuntular barədə əsaslandırılmalar qeyd edilə bilər.

Yekun olaraq, hazırda verdiyim misal üzrə, vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərar mübahisələndirilməli, vergi ödəyicisinin riskli vergi ödəyicisi olmadığı qeyd edilməli, vahid məlumat reyesterindən çıxarışın qanunvericiliyin tələblərinə cavab verməməsi səbəbindən yoxlamaların nəticələrinin ləğv edilməsi məhkəmədən xahiş edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsi əsas götürülərək yoxlamaların hüquqi nəticəsi ləğv ediləcəkdir.

Digər diqqət edilməli bir məqam isə, yoxlamanı həyata keçirən vergi əməkdaşları sahibkarlıq subyektində hansı məsələlər üzrə yoxlama keçirə bilməsidir. Belə ki, bəzən sahibkarlar yoxlama həyata keçirən vergi əməkdaşlarının sahibkarlıq subyektində istənilən sahələrə nəzarət edə biləcəyi düşünürlür və obyektə olan bütün pozuntular üzrə maliyyə sanksiyalarına məruz qala biləcəklərini ehtimal edirlər. Təbii ki, belə olan halda yüksək məbləğdə maliyyə sanksiyalarına məruz qalmaq ehtimalı da yaranır. Lakin, bu məqaləni oxuduqdan sonra bunun tam olaraq belə olmadığı qənaətinə gələcəksiniz.

Vergi yoxlamaları aşağıdakı məsələləri əhatə edir:

1. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi

2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi

3. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi

4. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması

5. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi

6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi

7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi

8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi

9. Vergi Məcəlləsinin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi

10. Vergi Məcəlləsinin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi

11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi

12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi

13. malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi

14. Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi

15. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi

Yuxarıda qeyd edilmiş POS-terminalların quraşdırılması, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, əmək müqavilələrinin bağlanılmasına və sabit qəbzin alınması kimi hallara nəzarət edilməsi məqsədilə yoxlamalar təcrübədə daha çox istifadə edilir.

Yoxlama ilə əhatə olunan məsələlərin dairəsini bilmək bizim üçün vacib əhəmiyyət kəsb edir. Çünki Operativ vergi nəzarəti tədbirini həyata keçirən yoxlayıcılar yoxlama qərarında müəyyən edilmiş müddət ərzində sadəcə qərarda göstərilmiş məsələlər üzrə yoxlamalar apara bilər.

Məsələn, Operativ vergi nəzarəti zamanı yoxlama ilə əhatə olunan məsələlər siyahısında əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Vergi Məcəlləsinin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi məsələləri qeyd edilmişdir. Bu zaman Operativ vergi nəzarəti tədbirini həyata keçirən əməkdaşlar sahibkarlıq subyektində aşağıdakı nöqsanları aşkar etmişdir:

1. 4 nəfər işçinin əmək müqaviləsi olmadan əmək fəaliyyəti ilə məşğul olmasını

2. POS-terminal vasitəsilə ödənişdən imtina edilməsini

3. NKA çekinin müştəriyə təqdim edilməməsini

Aşkar edilmiş nöqsanlar yoxlayıcılar tərəfindən müvafiq aktla rəsmiləşdirilmişdir. Vergi Məcəlləsinə əsasən 1-ci hal üzrə hər işçiyə görə 2000 manat olmaqla ümümilikdə 8000 manat maliyyə sanksiyası, POS-terminaldan istifadədən imtinaya görə il ərzində ilk dəfə belə hal olduqda 1000 manat maliyyə sanksiyası, NKA çekinin müştəriyə təqdim edilməməsinə görə il ərzində ilk dəfə olduqda 1000 manat maliyyə sanksiyası nəzərdə tutulmuşdur.

Bu zaman, vergi orqanları sahibkara aşkar edilmiş bütün nöqsanlar barədə maliyyə sanksiyası tətbiq edə bilərmi? Xeyr, bu halda vergi orqanları sahibkara yalnız 1000 manat maliyyə sanksiyası tətbiq etmək hüququna malikdir. Çünki, hazırki məsələdə vergi orqanlarının əmək müqavilələrinin olub-olmaması və POS-terminaldan istifadə edilib-edilməməsi məsələlərini yoxlamağa subyektiv hüququ yoxdur. Belə ki, qeyd edilmiş hallarla bağlı vergi orqanları 10.000 manat maliyyə sanksiyası tətbiq etsə belə qeyd edilmiş məsələlər yoxlama ilə əhatə edilmədiyindən, yoxlamaların vahid məlumat reyestrində öz əksini tapmadığından 9000 manat məbləğində maliyyə sanksiyası məhkəmə qaydasında mübahisələndirilərək ləğv edilə bilər. Təcrübədə bir çox hallarda bu kimi əsassız maliyyə sanksiyalarının məhkəmələr tərəfindən ləğv edilməsi rast gəlinir və bu istiqaməntə artıq vahid məhkəmə təcrübəsi formalaşmışdır.

Yuxarıda qeyd edilmiş məsələdən də aydın olur ki, yoxlamanın əhatə etdiyi məsələlərə diqqət edilməsi əsassız maliyyə sanksiyalarına məruz qalmamaq üçün vacib əhəmiyyət kəsb edir.

Ümumilikdə, tətbiq edilmiş maliyyə sanksiyalarının əsaslı olub-olmamağını aydınlaşdırmaq üçün yuxarıda qeyd edilən hallara diqqət yetirməlisiniz. Əlavə olaraqda tətbiq edilmiş maliyyə sanksiyasının əsassız olmağı qənaətinə gəlmisinizsə və bu barədə məhkəməyə müraciət etmək istəyirsinizsə 1 aylıq iddia müddətinə riaəyət etməlisiniz. Əks təqdirdə yoxlamanın qanuni olub-olmamasından asılı olmayaraq sizin maliyyə sanksiyasını mübahisələndirmək hüququnuz olmayacaqdır. Məhkəməyə iddia ərizəsi təqdim edərkən isə, iddianın ünvanlandığı məhkəmə, mübahisələndirilən qərar və iddia növünə diqqət edilməlidir. Belə ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar həmin qərarı qəbul edən inzibati orqanın yerləşdiyi yer üzrə müvafiq İnzibati Məhkəmədə mübahisələndirilməli və iddia növü olaraq da mübahisələndirmə haqqında iddia növü seçilməlidir.

Şulan Nağıyev

Vəkillər Kollegiyasının üzvü

Seçilən
118
1
e-huquq.az

2Mənbələr