AZ

Tarif Şurasının yeni qərarlarını şərtləndirən amillər - ekspertlər nə deyir

Qiymətlərin tənzimlənməsinin iqtisadiyyata təsirləri; ekoloji təmiz avtomobillərə maraq artacaqmı...

Azərbaycanda AVRO-5 ekoloji standartı ilə istehsal edilən yanacağın qiyməti tənzimlənib.

Bu barədə Tarif Şurasından məlumat verilib. Qərar 1 iyul 2024-cü il tarixindən qüvvəyə minib.

Belə ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib. Dizel yanacağından istifadənin daha yüksək ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb. Qiymət dəyişikliyi enerji təhlükəsizliyinin dayanıqlılığını təmin etməklə yanaşı, yanacağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz (CNG) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək. Statistikaya əsasən, son illərdə Azərbaycana avtomobil idxalında elektrik mühərrikli avtomobillərin sayı artır. Yanacağın keyfiyyətinin yüksəldilməsi öz növbəsində nəqliyyat vasitələrinin təmirinə çəkilən xərcləri azaldaraq istismar müddətini uzadacaq.

Elməddin

Elməddin Muradlı

Nəqliyyat eksperti Elməddin Muradlı mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda avtomobil yanacağının qiymətinin tənzimlənməsi gözlənilən idi. Ekspert bunu Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) aparılan yenidənqurma işləri ilə əlaqələndirib: “SOCAR-ın açıqlamalarında zavodun tam yeni, müasir tələblərə uyğun formatda qurulması və bunun da bəzi xərcləri artırması kimi fikirlər öz əksini tapırdı. Beləliklə, zavod işə düşəndə qiymətdə artım olacağı gözlənilirdi. Bununla paralel olaraq vətəndaşlar keyfiyyətin artırılmasını önə çəkirdilər ki, cüzi qiymət artımı fonunda bu, daha önəmli hesab olunur. Bu gün Tarif Şurası tərəfindən verilən qərar onu göstərdi ki, Neft Emalı Zavodunda istehsal olunan həm Aİ-92, həm də Aİ-95 benzini Avro-5 standartına çatdırılıb. Düşünürəm ki, bu, müsbət addımdır. Çünki 2014-cü ildən bəri hətta Avro-3, Avro-4 səviyyəsində belə yanacaq əldə etmək çətin idi. Ümid edirəm ki, SOCAR bütün yanacaqdoldurma məntəqələrinə keyfiyyətli yanacaq satmaqla yanaşı, həm də digər qurumlarla birlikdə yanacağın keyfiyyətinin dəyişdirilməməsi, sürücülərə daha aşağı oktanlı benzin satılması kimi əməllərin qarşısını alacaq”. 

Ekspertin fikrincə, Aİ-92 markalı benzinin qiymətinin 10 qəpik artırılması fonunda keyfiyyətin daha da yüksəldilməsi o qədər də ciddi problem yaratmayacaq: “Artıq dünyanın bir çox ölkəsi dizel yanacağından istifadədən imtina edir, çünki bu, ciddi ekoloji problemlər yaradır. Bəzi ölkələr hətta dizel mühərrikli avtomobillərin istehsalını məhdudlaşdırmaqla yanaşı, həm də öz ölkələrində onun istismarını qadağan edirlər. Məsələn, bu addımı bir neçə il öncə Almaniya hökuməti atdı. Bir sıra bölgələrdə dizel mühərrikli avtomobillərin istismarı qadağan edilib və bu tip avtomobillər, ümumiyyətlə, istismar olunmur. Əksinə, elektrik və hibrid avtomobillərə üstünlük verilir. Azərbaycanın da məqsədi insanların marağını ekoloji təmiz avtomobillərə yönəltməkdir. Ekoloji təmiz nəqliyyat vasitələri olan hibrid və elektromobillər üçün kifayət qədər güzəştlər tətbiq olunur. Buna görə də onların ölkəyə gətirilməsi daha ucuz başa gəlir və ətraf mühitin qorunmasında bu avtomobillərin rolu böyükdür. Nəzərə almaq lazımdır ki, Bakı şəhərində ətraf mühitin çirklənməsinin 80%-i avtomobillərin ixrac etdiyi zəhərli qazların payına düşür. Burada da dizel yanacağı böyük önəm daşıyır. Benzinlə dizel arasında qiymətin yaxınlaşması ona dəlalət edir ki, insanlar öz avtomobillərində daha çox benzin istehlak etsinlər və ətraf mühitə atılan zərər də azalmış olsun. Bununla yanaşı, elektromobillər və hibrid avtomobillər üçün yenə də geniş imkanlar qalmaqdadır”. 

E.Muradlı qeyd etdi ki, şayiələrə görə, kifayət qədər ciddi qiymət artımından söhbət gedirdi: “Ancaq belə olmadı, 10 və 20 qəpik fərq yarandı. Qarşılığında isə Aİ-95 premium benzinin qiymətinin 40 qəpik azaldılması müsbət addımdır. Bunu alqışlamaq lazımdır. Aİ-92 ilə Aİ-95 arasındakı qiymət fərqi 1 manat idi. Bu qiymətin tənzimlənməsində isə Tarif Şurası fərqi 50 qəpiyə çatdırdı. Yəni bir manat on qəpiyə Aİ-92, bir manat altmış qəpiyə isə Aİ-95 premium benzini satılır. Hesab edirəm ki, gələcəkdə avtomobil alarkən dizelə maraq göstərən insanlar da benzinlə dizel arasında cəmi 10 qəpik fərq olduğunu görüb daha çox ziyan vuran, daha çox təmir xərci tələb edən dizel mühərrikli avtomobil yox, məhz benzin mühərrikli avtomobillər almağa üstünlük verəcəklər. Ümumiyyətlə, gələcəyin maşınları elektrik və hibrid avtomobillərdir. Azərbaycanda da buna sürətli keçid müşahidə edilməkdədir”.

Eyyub

Eyyub Kərimli 

İqtisadçı Eyyub Kərimli isə bildirib ki, iqtisadi islahatların müsbət nəticələri müəyyən müddətdən sonra görünməyə başlayır: “Bəzi islahatlar var ki, həyata keçməsi zamanından asılı olmayaraq həmişə emosional qarşılanır. Lakin bu islahatlar bəzən zərurətdən irəli gəlir, bəzən də müəyyən səbəblərə görə gecikir. 2024-cü ildə ölkədə benzin istehsalı 1 milyon 519,6 min tona, 2025-ci ildə 1 milyon 535,6 min tona, 2026-cı ildə isə 1 milyon 551,6 min tona qədər artacaq. Beləliklə, 2024-2026-cı illərdə benzin istehsalı 7,5% artacaq.

Proqnozlara görə, 2024-cü ildə 2 milyon 542,6 min ton, 2025-ci ildə 2 milyon 536,5 min ton, 2026-cı ildə 2 milyon 535,6 min ton dizel yanacağı istehsal ediləcək.

Yanacağın qiymətinin artmasının iqtisadiyyata təsirlərini bir neçə istiqamətdən qiymətləndirmək lazımdır. Aİ-95 markalı benzinin ucuzlaşması birmənalı olaraq avtomobil parkının yenilənməsinə, daxili yanacaq istehsalının stimullaşdırılmasına, ətraf mühitin qorunmasına, hibrid və elektrokarların idxalını stimullaşdıracaq. Bu keçidi daha da sürətləndirmək üçün hibrid və elektrokarların idxalına əlavə yeni güzəştlərin tətbiq edilməsinin daha müsbət təsirləri ola bilər. Həmçinin fikrimcə, Aİ-95 və Aİ-98 markalı benzinin qiymətlərinin dövlət tənzimlənməsindən çıxararaq sərbəst rəqabətlə təyin edilməsi daha müsbət nəticələr verə bilər". 

E.Kərimli hesab edir ki, Aİ-92 benzinin keyfiyyətinin AVRO-5 standartlarına çatdırılmasına çoxdan zərurət yaranmışdı: “Əlbəttə ki, keyfiyyətin artırılması qiymətin də artırılmasını şərtləndirir. Dizel yanacağının qiymətinin artmasının sözsüz ki, iqtisadiyyata və əsasən də kənd təsərrüfatına müəyyən təsirləri olacaq. Habelə dizel mühərrikli avtomobillərin idxalının azalmasına, ölkədə olan avtomobillərin isə istismardan çıxarılmasına təsir edəcək. Belə ki, bu avtomobillərin istismarı benzinlə işləyən avtomobillərin istismarından daha baha başa gəlir. Bu isə tədricən dizel mühərrikli avtomobillərdən imtina edilməsi ilə nəticələnəcək ki, bu da ümumi avtoparkın yenilənməsinə müsbət təsir göstərəcək. Həmçinin ətraf mühitin qorunmasına, büdcəyə əlavə vəsaitin cəlb olunmasına da müsbət təsirləri olacaq. Digər tərəfdən, kənd təsərrüfatı məhsullarının qiymət artımının qarşısını almaq üçün fermerlərə dizel üçün verilən subsidiyalar mütləq artırılmalıdır. Kənd təsərrüfatı texnikası yanacağına güzəştli limitlər də təyin edilə bilər. Çünki dizel yanacağının qiymətinin 25% artırılması iqtisadiyyatın digər sahələrində də qiymət artımına təsir edəcək. Yekunda bunların fonunda əmək haqqının artırılması da gündəmin əsas məsələsi kimi qalmaqdadır”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Seçilən
239
25
musavat.com

10Mənbələr