AZ

Çinar boylu oğulların azad etdiyi çinarlı Zəngilan

Məcrasına sığmayan çaylar, əzəmətli çinar meşələri, baş-başa söykənən dağlar, çəmənliklər, laləli düzlər və s. Qarabağda və Şərqi Zəngəzurda möhtəşəm mənzərə yaradır. Qızılı payızın al-əlvan rəngləri ağacların yarpaqlarına, böyürtkənin yanaqlarına, mamırlı daşların sinəsinə hopub, zirvədən özünü atan şəlalənin zərrələrindən asılı qalıb. Bu yerlərdəki zəngin meşə örtüyü, qiymətli ağaclar, nadir bitkilər, vəhşi heyvanlar, dimdiyində balasına yem daşıyan quşlar bənzərsiz bir harmoniyadır. Təəssüf ki, 1990-cı ildən başlayaraq 1993-cü ilin payızına kimi Ermənistan ordusu havadarlarına arxalanaraq həmin əraziləri işğal etdi və təxminən yüz minlərlə hektar meşə fondu qəsbkarların, "vəhşi qəbilə"nin əlinə keçdi.

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində 13197,5 hektar qiymətli meşə sahəsi misli görünməmiş vandalizmə məruz qalıb. İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol, o cümlədən Bəsitçay və Qaragöl qoruqları talan edilib, "Qırmızı kitab"a daxil olmuş 60-dan çox fauna və 70-dən çox flora növünün əksəriyyəti ermənilər tərəfindən məhv edilib. Ümumiyyətlə, su ehtiyatlarının çirkləndirilməsi, meşələrin qırılması və yandırılması üçün ermənilər döyüşlər zamanı qadağan olunmuş fosfor bombalarından istifadə ediblər.

Rəsmi məlumata görə, işğal olunmuş ərazilərdə ermənilər tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində təxminən 110 min hektar ərazi sıradan çıxıb. Qarabağda və Şərqi Zəngəzurda yaradılmış qoruqlar və yasaqlıqlar erməni faşistləri tərəfindən məhv edilib. Otuz illik işğal dövründə ermənilər Qarabağın və Şərqi Zəngəzurun təbiətinə qəsd ediblər. Yeraltı və yerüstü sərvətləri, flora və faunanı, bol su ehtiyatlarını, tarixi mədəni-dini abidələri, nadir təbiət incilərini dağıdıblar. Əfsuslar olsun ki, ermənilər həmin gözəl və bərəkətli meşələri, çayları, ormanları, təbii abidələri ekoloji terrora məruz qoyublar. Otuz ilə yaxın müddətdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil edilən ərazilərin yeraltı-yerüstü sərvətləri erməni vandalları tərəfindən talanıb, qarət olunaraq Ermənistana daşınıb.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan otuz ilə yaxın Ermənistanın işğalı altında qalıb. Tariximizə şərəflə və qürurla yazılan İkinci Qarabağ müharibəsində ən uğurlu döyüş əməliyyatlarından biri də Zəngilanda aparılıb. Burada hər qarış torpaq uğrunda şiddətli döyüşlər gedib, qəhrəman oğullarımızın şücaəti, hünəri sayəsində bu qanlı savaş Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. Qürur hissi ilə qeyd edək ki, 2020-ci il oktyabrın 20-də Zəngilan işğalçılardan azad edilib. Cəmi bir aydan sonra, dekabrın 23-də Prezident, Qalib Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Zəngilan rayonunda səfərdə olublar. Erməni separatçıları və şovinistlər tərəfindən Zəngilanda törədilən vandallıq, vəhşilik sərhəd tanımayıb, dini-etnik nifrət zəminində müsəlmanların ibadət yeri olan məscidlərdə heyvan saxlanılıb.

 44 gün davam edən Vətən müharibəsi Qarabağda və Şərqi Zəngəzurda erməni işğalına son qoydu, düşmənin dünyaya sırıdığı "qəhrəman ordu"su diz çökdürüldü, hərbi texnikaları məhv edildi, erməniliyin ideoloji və mənəvi sütunları sarsıdıldı. Bütün bu haqsızlıqlara Azərbaycan əsgəri son qoydu, Qalib Ali Baş Komandanın rəhbərliyi ilə ədalət zəfər çaldı.

Zəngilan rayonu ərazisindəki Bəsitçay Dövlət Təbiət Qoruğu Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə 1974-cü ildə yaradılıb. Qoruq Azərbaycanın cənub-qərbində, Zəngilan rayonu ərazisində Bəsitçay dərəsində yerləşir. Müvafiq ərazinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilib. Qoruğun adı buradan axan Bəsitçayın adı ilə bağlıdır. Qeyd edək ki, Bəsitçay respublika qoruqlarının ən kiçiyidir və sahəsi 107 hektardır. Meşə ilə örtülü sahənin əsas ağac növü Şərq çinarıdır. Qoruğun yerləşdiyi ərazi əsasən dağlıqdır, dəniz səviyyəsindən hündürlüyü 600-800 metrə qədərdir. Sağ sahil dik yamaclı dağlardan, sol sahil isə təpəliklərdən ibarətdir. Çay dərəsi boyunca ensiz düzənlik uzanır. Buradakı dağlar Bəsitçayın qolları ilə haçalanıb. Qoruğun ərazisində qışı quraq keçən mülayim-isti iqlim tipi hakimdir. Yayın isti olması səciyyəvidir. İllik yağıntının miqdarı 600 mm-dir. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir. Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisi əsasən meşə torpaqlarından ibarətdir. Dörd çayın keçdiyi dərələrin yamaclarında, qoruğun ətraf sahələrində qəhvəyi dağ-meşə torpaqları mövcuddur. Çayın yatağı boyu və digər torpaqlar əsasən çinar meşələri altındadır. Burada daşlı-çınqıllı ərazilər də müəyyən sahəni tutur. Bunların hamısında çinar bitir və inkişaf edir.

Vaxtilə Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində 100 hektar çinar meşəsi olub. Onlar Bəsitçayın və onun qolu Şıxauzçay dərəsində yerləşib. Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılıb. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq və digər ağaclar, yemişan, itburnu, murdarça, qaratikan və sair kollar bitir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 metr, orta diametri isə bir metrdir. Qoruğun ətraf sahələrində, bəzən də özündə canavar, çöl donuzu, porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər və sair məməlilərə, kəklik, turac, göyərçin və digər quşlara rast gəlinir. Çox təəssüf ki, otuz ilə yaxın müddət ərzində erməni təcavüzkarlarının işğal altında saxladığı qoruq ciddi ekosidə məruz qalıb. Mütəxəssislər bildirirlər ki, qoruqdakı ən nəhəng ağacdan birinin yaşı 1200 il, hündürlüyü 53 metr, diametri 4 metrdir. Onun kök gövdəsindən 185 ədəd pöhrə əmələ gəlib. Bu pöhrələr də öz növbəsində nəhəng ağaca bənzəyir, böyüklərinin 100-150 il yaşı və 40 metrə qədər hündürlüyü var. Təəssüf ki, belə bir təbii sərvətimiz 1993-cü ildən başlayan işğal illərində erməni vəhşiləri tərəfindən məhv edilib, qiymətli ağaclar kəsilərək mebel istehsalında istifadə olunub.

Bəsitçay Dövlət Təbiət Qoruğu işğaldan azad edildikdən sonra dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə bərpa edilməyə başlanılıb. Mövcud vəziyyətin qiymətləndirilməsi üçün işğaldan azad olunmuş ərazilərə ezam olunan monitorinq qrupunun araşdırmalarına əsasən məlum olub ki, erməni vandalizmi nəticəsində qoruğa aid olan 85 hektar meşə ilə örtülü sahənin 42 hektardan çox hissəsi tamamilə məhv edilib. Çoxyaşlı Şərq çinarları kəsilib, köklərinin itirilməsi üçün müxtəlif partladıcı maddələrdən istifadə edilib, ərazidə yanğınlar törədilib və qoruğun inzibati binası dağıdılıb.

Üç il bundan əvvəl şanlı Azərbaycan Ordusu işğalçı Ermənistanı məğlub edərək diz çökdürdü, silahlı qüvvələrini məhv etdi, Qarabağı və Şərqi Zəngəzuru öz əbədi sakinlərinə qaytardı. Cəmi üç il keçməsinə baxmayaraq, Azərbaycan işğaldan azad edilən torpaqlarda sözün əsl mənasında xarüqələr yaradır. Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən sonra dövlətimizin başçısı İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq bu ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Çox böyük maliyyə vəsaiti tələb edən nəhəng infrastruktur layihələr icra olunur, kəndlər, şəhərlər yenidən qurulur, hava limanları istifadəyə verilir, dini-mədəni abidələr bərpa edilir, bir sözlə, geniş quruculuq işləri həyatın bütün sahələrini əhatə edir. Düşmənin viran qoyduğu təbiətin yaralarına da məlhəm qoyulur, bölgədə ekotarazlıq yaradılır. Qarabağda və Şərqi Zəngəzurda ekovəziyyəti yenidən bərpa etmək üçün mühüm addımlar atılır. Azad edilən ərazilərdə, əsasən, Şərq çinarı olmaqla, minlərlə müxtəlif növ ağac əkilir, meşə zolaqlarına palıd və digər ağacların toxumları səpilir. Ermənilərin kirli caynaqlarından qurtulan çinar ağacları göylərə baş çəkir. Çinar ağacı xalqımız üçün müqəddəsdir, min illərdir ki, torpaqlarımızda çinarlar böyüyür...

Salman ALIOĞLU,

"Respublika".

Seçilən
394
50
respublika-news.az

10Mənbələr