AZ

Ad və soyadını dəyişən, qızıl yüklənmiş təyyarəni ələ keçirən erməni marşal – Xanferyans kim olub?

Sovet dövründə ermənilərin kütləvi şəkildə soyadlarının sonluqlarını dəyişməsi heç kim üçün sirr olmayıb. Xüsusilə, kiçik bir vəzifəyə təyin olunan ermənilər soyadlarının "yan" sonluqlarını "ov"la əvəzləyiblər.

Milli.Az yeni müsavat-a istinadla bildirir ki, hətta bəzi ermənilər yuxarılara xoş gəlsin deyə adlarını da dəyişiblər. Nümunə üçün marşal Baqramyanı göstərmək olar. Hansısa "səbəb"dən Baqramyanın Ovanes adı İvan adı ilə əvəzlənib. Addəyişmə məsələsində Armenak Xanferyans isə daha "qoçaq" tərpənib. O, həm adını, həm də soyadını ruslaşdırıb.

Armenak Xanferyans kim olub?

1902-ci ildə Xocavənd rayonunun Böyük Tağlar kəndində anadan olan Xanferyans 15 yaşında olarkən işləmək üçün Bakıya üz tutub və neft mədənlərində işə düzəlib. Oktyabr inqilabından sonra o, Qırmızı ordunun sıralarına daxil olub, bolşevik hərəkatında iştirak edib. Bu ərəfədə Xanferyans Stalinlə də tanış olub.

Vətəndaş müharibəsi zamanı Xanferyans Həştərxanda Qırmızı orduya məxsus gəmidə olarkən həmin gəmi Britaniya qoşunları tərəfindən silahlı hücuma məruz qalaraq batırılıb. Son anda Xanferyansı rus bolşevik Sergey Xudyakov xilas edib. Bir neçə gündən sonra həmin bolşevik hərbi toqquşmalar zamanı öldürülüb. Xanferyas xilaskar dostunun xatirəsini "əbədiləşdirmək" üçün onun sənədlərini götürərək öz adına rəsmiləşdirib və beləliklə, Armenak Xanferyans Sergey Xudyakov olub. Əslində, bu məsləhəti ona Bakıda neft mədənlərindən pul qazanan imkanlı ermənilər verib, "sən bacarıqlı oğlansan, yeni hökumətdə yüksəlmək üçün soyadın sənə problem olacaq",- deyə onu təlimatlandırıblar.

Sonrakı həyatını hərbi sahəyə bağlayan Xanferyans əvvəlcə Tiflisdə ikiillik hərbi kursları keçib. Daha sonra isə Jukovski adına Hərbi Hava Akademiyasında təhsil alıb.

Moskvada yüksək vəzifələr tutan ermənilərin, xüsusilə də Anastas Mikoyanın himayədarlığı sayəsində Xanferyans vəzifə pillələrini sürətlə qalxıb. Artıq 1937-ci ildə o, Hərbi Hava Qüvvələrinin əməliyyat idarəsinin rəisi, bir ildən sonra, 1938-ci ildə Hərbi Hava Qüvvələri komandanının arxa cəbhə üzrə müavini vəzifələrini tutub.

Sovet-alman müharibəsi başlananda Xanferyans Qərb cəbhəsinin Hərbi Hava Qüvvələrinin komandanı təyin edilib və general rütbəsi daşıyıb.

Xanferyansın ən böyük "talantı" ondan ibarət olub ki, o, özünü yüksəkçinlilər qarşısında təqdim etməyi bacarıb, aldadıcı manevrləri ilə peşəkar hərbçi kimi tanınıb. Digər bir tərəfdən Dövlət Müdafiə Komitəsində  Mikoyanın Xanferyans haqqında xüsusi çıxışları erməni generalın nüfuzunu daha da artırıb.

Əsl erməni xislətinə malik olan Xanferyans ailə faciəsindən də "səmərəli" istifadə edib. Belə ki, general Xarkova ezam olunanda 14 yaşlı oğlunu da özü ilə aparıb. Baqramyanın səriştəsizliyi nəticəsində Xarkov alman qoşunları tərəfindən darmadağın ediləndə Xanferyansın oğlu da həlak olub. Erməni general mötəbər tədbirlərdə oğlunun, ömründə əlinə bir dəfə silah almayan 14 yaşlı bir oğlanın həlak olmasını az qala böyük qəhrəmanlıq kimi təqdim edib.

1944-cü ilin avqust ayında Xanferyans Hərbi hava Qüvvələrinin qərargah rəisi vəzifəsinə təyin edilib və ona avisiya marşalı rütbəsi verilib.

1945-ci ilin mart ayında Stalinin əmri ilə Xanferyans 12-ci Hərbi Hava Ordusuna komandan təyin edilib və həmin ordu Uzaq Şərq Hərbi Dairəsinin tərkibində Yaponiyaya qarşı hərbi əməliyyatlara başlayıb.

Xanferyans bu əməliyyatlarda "xüsusilə" fərqlənib. O, bu əməliyyatlar zamanı Çinin tarixi Mancuriya ərazisində Yaponiya İmperiyası tərəfindən yaradılmış Mançjou-qo dövlətinin imperatoru Aysinqero Puini əsir götürüb. Bu əməliyyat zamanı erməni marşal Mancuriyanın qızıl ehtiyatlarını daşıyan təyyarəni də səmadan endirib. Stalin Xanferyansa  qızılla yüklənmiş təyyarənin Moskvaya göndərilməsini göstəriş verib. Erməni marşal bu göstərişi qəbul etsə də təyyarə səmada müəmmalı şəkildə yoxa çıxıb.

Xanferyansın bir təyyarə qızıla sahib olmaq sevdası baş tutmayıb. O, Moskvaya dönən kimi həbs edilib. Dörd il davam edən istintaqda  Xanferyansın digər cinayət əməlləri də üzə çıxıb. Onun Britaniya kəşfiyyatına işləməsi də təsdiqini tapıb.

Bu dəfə Xanferyansı heç kim xilas edə bilməyib. Heç Mikoyan da vaxtilə ağızdolusu təriflədiyi erməni marşalı müdafiə etməyə cürət etməyib.

18 aprel 1950-ci ildə Xanferyans ən ağır cəzaya, güllələnməyə məhkum edilib, məhkəmənin hökmü həmin gün icra olunub. Erməni marşalın bütün əmlakı da müsadirə olunub, ailəsi isə mövcud dövrün qanunlarına görə, vətən xaininin ailəsi kimi sürgünə göndərilib.

Milli.Az

Seçilən
250
4
milli.az

10Mənbələr