AZ

Nuh əhvalatının əsli – Ətirlər ehtiraslandıra bilərmi?

Kulis.az Ömər Xəyyamın qoxular, qoxuların tarixi əhəmiyyəti, ədəbiyyatda və sənətdə yeri haqqında yazdığı məqalənin birinci hissəsini təqdim edir.



Ətirlərin mahiyyəti necə dəyişdi?



Qədim Romadakı cin-şeytan oylağı hesab olunan lupanarlarda tez-tez eyş-işrət məclisləri keçirilirdi, fəqət illər ötdükcə haman eyş-işrət məclisləri də hər şey kimi mahiyyətini dəyişdi.


Şərab/həzz tanrısı Dionisin şərəfinə gizlincə keçirilən gecə mərasimləri zamanla vakxanaliyaya çevrildi və şənliklərin təkcə keyfiyyəti yox, kəmiyyəti də düşdü.

Əgər əvvəl-əvvəl müqəddəs günah gecələri yüksək təbəqənin fahişələri - kurtizanlarla təşkil olunurdusa, zamanla şənliklərə qoyun iyi (məhz qoyun iyi!) verən bazar fahişələri dəvət olundu və beləcə, kurtizanlar oyundan çıxdılar.

Kontingentlə birgə fahişəxanaların qoxusu da dəyişdi.

Belə ki, kurtizanlar dövrün bahalı ətirlərindən istifadə edirdilər, üstəlik, müştərilər də yuxarı təbəqənin nümayəndələri idi və onlar müqəddəs günah gecələri üçün yüksək məbləğdə pul ödəyirdilər.

Yuxarı təbəqənin kişiləri lupanarlara təkcə cinsi ehtiyaclarını ödəmək üçün getmirdilər, onların məqsədi həm də xoş qoxulu, ağızlarından iy gəlməyən qadınlarla ictimai-sosial, siyasi-iqtisadi məsələlər haqqında danışmaq idi.

“İnsan insanın canavarıdır” qənaətilə xatırlanan romalı şair Plautus “Asinaria” komediyasında arvadına xəyanət edən, hər gecə fahişəxanalara gedən kişi obrazının arqumenti də qoxuyla bağlıdır:

“Fahişənin dadlı nəfəsini, öpüşünü arvadımın acı nəfəsindən üstün tuturam. Arvadımla öpüşməkdənsə, zibillikdən su içərəm…”


Müştərilərin diqqətini cəlb etmək üçün, heç olmasa, bir neçə saatlıq olsa da, özlərini insan kimi hiss etmək üçün kompleksli, dəfələrlə təhqir edilmiş fahişələrin ən effektiv “silahlarından” biri ətir idi.
Əlbəttə, xoş qoxu, - hələ yatağacan, yataqdakı performansacan müştərinin ağlını bulandırmaqdan ötrü önəmli vasitədir.


****

Mesopotamiyanın ədəbi-mədəni irsi, ilk yazılı bədii əsər hesab edilən “Gilqameş”də önəmli hadisələr Uruk vilayətində Humbabanın qoruduğu sidr ormanında baş verir.


Sidr ormanı müqəddəs hesab edilirdi.
Hökümdar II Aşşurnasirpalın sarayının qapıları, pəncərə çərçivələri, döşəməsi, tavanı sidr ağacından hazırlanmışdı.
Sidr ağacından ovaxtkı əttarlar da istifadə edirdilər, fəqət sivilizasiyanın başlanğıcında indiki kimi ağacın qoxu notlarını, yaxud laboratoriya şəraitində onun suyunu çıxarmaq mümkün deyildi, əlbəttə.

Ya qabığını soyub yandırırdılar, ya da yuxarı təbəqəyə aid malikanələrin tikintisində istifadə edilirdi ki, o malikanələrin nəinki içində, hətta yan-yörəsinə də xoş rayihə olurdu.

Demək olar ki, bəşəriyyətin ilk yazılı mətnlərindən biri olan “Gilqameş”də qəhrəman müqəddəs sidr meşəsindən – yəni qoxu cənnətindən qovulmuşdu.


Üstəlik, on iki lövhəlik daş mətndə təkcə kurtizan qadınların müqəddəs anası hesab edilən İştarın qisası, qoxu məsələsi, Nuh əhvalatı, sevişdiyinə görə sidr ormanından qovulan Enkidu haqqında yox, həm də Böyük tufandan qurtulan yeganə adam - Utnapiştimin Gilqameşə verdiyi ölümsüzlük, gəncləşdirmə otundan və onu oğurlayan ilandan da bəhs edilir.

Ki, bilirsiniz, ilan qoxunu diliylə alır. Haçalı dil qoxunun mənbəyini tapmaqda ilana kömək edir və zamanla bizim burnumuzda funksiyasını itirmiş vomeronasal orqanın köməyilə obyektin mahiyyətini, materialını, necəliyini təsbit edir.

Biləsiniz, heyvanlar məhz bu vomeronasal orqanları sayəsində feromonları duyurlar.
Quşlarda olmayan feromonqəbuledici xeyli məməlilərdə, eləcə də, kəpənəklərdə, böcəklərdə, qurbağalarda da var və heyvanlararası sosial münasibətlər, cinsi aktlar məhz bu feromonlar sayəsində reallaşır.


Bəlkə də, Gilqameşin tapdığı ölümsüzlük - əbədi gənclik otunu ilan oğurlamasaydı, indi hər şey başqa cür olacaqdı...

“Gilqameş” lövhələrindəki hekayələrin izlərinə səmavi dinlərin hamısında rast gəlmək olar, əlbəttə, bu ayrıca mövzudur, fəqət əfsanədəki kurtizan İştar, qoxuyla bağlı hekayə də dini məsələlər qədər aktualdır və mən məhz bu barədə yazıram.



Yalandır! Fırıldaqdır!
Marketoloji istismarın qoxulu versiyasıdır.


Deyək ki, filankəs hər nə cürsə təkmilləşmədən, zamanın hay-küyündən gizlənib, o lənətəgəlmiş ilanın apardığı vomeronasal orqanın bu dostumuza heç dəxli yox imiş. Necə ki özü feromon ifraz eləyir, eləcə də feromon qəbul edir, əməllicə ağzının suyunu axıdır, ağlı çıxır başından. Olsun.
Əgər belənçi qədim insan varsa, ta onun ətirə-mətirə ehtiyacı yoxdur. O elə qadınların ifraz etdiyi feromonlarla da cuşa gələ bilər. Ta bunca xərc nədən?

Lanolin məsələsinə qayıdaq.

Deməli, əvvəl-əvvəl ki müqəddəs günah gecələri yüksək təbəqənin fahişələri - kurtizanlarla təşkil olunurdu, sonra şənliklərə qoyun iyi (məhz qoyun iyi!) verən bazar fahişələri dəvət olundu və beləcə, kurtizanlar “oyundan” çıxdılar, bax haman bu lanolini ətirlərə qatıb afrodizyak adıyla satırlar...

Ardı var...

Seçilən
66
1
kanal.az

2Mənbələr