AZ

FHN Akademiyası ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

Fövqəladə Hallar Nazirliyinin Akademiyası ilə Respublika Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

"İki sahil" nazirliyin saytına istinadən xəbər verir ki, Mərkəzin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Mübariz Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşən FHN Akademiyasının rəisi general-mayor Baba Salayev qonaqlara ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, Akademiya Fövqəladə Hallar Nazirliyi üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını həyata keçirən, fövqəladə hallar sahəsində fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatları aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir.

Həm respublikamızın, həm xarici ölkələrin müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayan Akademiya rəisi Respublika Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə əməkdaşlığın qarşılıqlı faydasını qeyd edib.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov səmimi görüşə görə minnətdarlığını bildirib. FHN Akademiyası ilə əməkdaşlıqdan məmnunluq ifadə edən Mərkəz rəisi birgə təşkil edilən tədbirlərin və aparılan tədqiqatların hər iki qurum əməkdaşlarının peşə hazırlığına mühüm töhfə verəcəyini bildirib.

Daha sonra hər iki təhsil müəssisəsi arasında Anlaşma Memorandumu imzalanıb. Sənəddə əməkdaşların nəzəri biliklərinin və peşə hazırlığı səviyyəsinin artırılması prosesində qarşılıqlı iştirakın təmin edilməsi, birgə layihələrin hazırlanması və bir sıra digər məsələlər nəzərdə tutulub.

İmzalanma mərasimidən sonra qonaqlar FHN Akademiyasının fənn kabinetləri, laboratoriyaları və Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar.

Seçilən
77
4
ikisahil.az

5Mənbələr