Azərbaycanın Tehrandakı səfirliyi işini bərpa etdi. Ötən il diplomatik nümayəndəliyimizə edilən silahlı hücumdan sonra səfirliyin normal fəaliyyətinin bərpası aydındır ki, sadə məsələ deyil və mürəkkəb danışıqların nəticəsidir. Eyni zamanda, bu, rəsmi Bakının cənub qonşusuna doğru atdığı addım, xoş məram jestidir. Səfirliyimizə edilən hücum sıradan hadisə deyildi. Xüsusilə 44 günlük müharibənin gedişində və sonra rəsmi Tehranın ayrı-ayrı instansiyaları tərəfindən Azərbaycana münasibətdə aqressiv davranış adi hal almışdı. Bu abı-havanın sıravi vətəndaşlara da sirayət etməməsini düşünmək absurd olardı.
“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
Aqressiv diplomatiyanın iflası
Azərbaycanın Tehrandakı səfirliyinin təqribən bir il ərzində işləməməsi yaşanan diplomatik gərginliyə rəsmi Bakının adekvat reaksiyası idi. Hamı bilir ki, bu hücum sadə vətəndaş cinayəti deyildi. Çünki sıravi iranlının diplomatik nümayəndəliyimizə silahla soxulmasının dövlətlərarası və geosiyasi müstəvidə də eynisi yaşanırdı: II Qarabağ savaşı günlərində qonşuluq münasibətlərinə xoş olmayan bəzi xəbərlər geniş ictimaiyyət üçün də müzakirə mövzusu olmuş və Azərbaycanda dərin təəssüf hissi yaratmışdı. Qonşuluqdan savayı, İslam dövləti olan İranın onillərdir müsəlman azərbaycanlıların qətlinə, deportasiyasına, Qarabağdakı məscidlərimizin dağıdılmasına qeyri-adekvat münasibəti cəmiyyətimizdə cənub qonşumuz haqqında təsəvvürlərin formalaşmasına təsir etməyə bilməzdi.
Son üç il göstərdi ki, Tehran 44 günlük müharibə ərzində nümayiş etdirdiyi arzuolunmaz siyasəti davam etdirmək niyyətindədir. İran rəsmilərinin ən yüksək səviyyədə Zəngəzur dəhlizinə münasibətdə qısqanc və qızışdırıcı reaksiyası, tarixi Azərbaycan torpağı olan bu bölgədə ilk konsulluğu açması, açılışa hətta xarici işlər nazirinin də təşrif buyurması İrəvana göstərilən güclü diplomatik dəstəyin göstəricisi idi. Durum regional siyasi tarazlıq baxımından o qədər anormal görüntü almışdı ki, yarıməsrlik düşmənlər – ABŞ ilə İranın, NATO ilə Tehranın maraqları üst-üstə düşür, sanki atdıqları addımların koordinasiya edildiyi təsəvvürü yaranırdı. Üstəgəl, İranın ölkəmizə münasibətdə ikitərəfli platformada da aqressiyaya meylli davranışları, məsələn, düz sərhəddə hərbi təlimlər keçirməsi təəssüf doğuran hadisə idi. Təbii ki, Azərbaycanın da bu reallığa münasibəti adekvat olmalı idi və hazırki gerçəklik cənub qonşumuzun bu canfəşanlığının iflas etdiyinin, Bakının isə daha bir regional diplomatik qələbə qazandığının göstəricisidir.
Səfirlik niyə bərpa olundu?
Narazılıqları unutmaq və barışmaq özünəinamın göstəricisidir. Bu baxımdan səfirliyimizin işinin bərpası bu qədər ədalətsizliyə rəğmən regional sülh və sabitlik naminə atılmış effektiv addımdır. Bu gedişlə rəsmi Bakı ciddi tərəfdaş olduğunu və xoş məramını nümayiş etdirir. Sürətlə dəyişən bölgəmizdə qlobal iqtisadi, logistik və infrastruktur layihələr həyata keçirilir. Bu layihələrdən hər iki tərəfin eyni dividendləri əldə etməsi mümkündür. Ancaq bir şərtlə: ötən əsrdə qalmış hərbi-siyasi intervensiya cəhdləri unudulmalıdır. XXI əsrin reallıqları tarixi mifləri, kaprizləri və iddiaları inkar edir. Süni intellektin artan rolu şəraitində bölgədəki sərhədlərə və logistik marşrutlara orta əsr vizyonu ilə baxmaq mümkün deyil. İran paslanmış hərbi arsenalını dəyişməyə can atdığı kimi, regional dəyişikliklərə də adekvat baxış sərgiləməlidir. Bu baxımdan yeni seçilmiş prezidentə və onun komandasına asta, ürkək ümidlər ola bilər.
Səfir özfəaliyyəti, yoxsa ikibaşlı siyasət?
Təəssüf ki, Tehrandakı səfirliyimizin işə başlaması İran-Azərbaycan münasibətlərinə pozitiv prizmadan baxmaq üçün yetərli deyil. Qonşumuzun ikibaşlı xarici siyasəti ola bilsin ki, “Şərq incə məsələdir” deyiminin reallıqdakı təcəssümüdür. Ancaq ikitərəfli və regional müstəvidə problemlərin heç də hamısının aradan qalxmadığının əlamətidir. Söhbət bu ölkənin Ermənistandakı səfiri Mehdi Sobhaninin müəmmalı və aşkar anti-Azərbaycan məzmunlu bəyanatlarından gedir. Səfir Azərbaycana münasibətdə aqressiv və yalan dolu bəyanatlar verməkdə davam edir. Onun davranışları elə bir absurd həddə çatıb ki, diplomatın sanki özfəaliyyətlə məşğul olması təəssüratı yaradır. Sobhaninin rəsmi Tehranı illərdir tənqid edən Qərbin media orqanına müsahibəsində “Qarabağdan deportasiya edilən ermənilərin hüquqları” mövzusunda açıqlamaları ironiya və yüngül sarkazm doğurur. Ermənistan hökuməti üçün belə aktual olmayan bir mövzunun İran səfirini narahat etməsi, onun insan hüquqlarına dair mülahizələr irəli sürməsi gülünc deyilmi? İran və insan hüquqları?
Paranoik diplomatın hədyanları
Sobhaninin dövlətinin elan etdiyi prioritetlərdən xəbərsiz olduğunu düşünmək sadəlövhlük olardı. Ola bilsin ki, Tehranda Azərbaycanla xoş münasibətlərə can atanlar kimi, əks mövqedə olanlar da var. Sobhani də həmin o köhnə qvardiyanın təmsilçilərindəndir, ilişib qalıb Ermənistan bataqlığında. Sızan məlumatlara görə, o, İranın yeni seçilmiş azərbaycanlı prezidentinə olduqca neqativ münasibət bəsləyir. Ancaq gerçəklik budur ki, ikitərəfli münasibətlər üçün bir yara, çiban rolunda çıxış edən diplomatın nəinki bu kimi bəyanatları davam etdirməsi, hətta onun Ermənistandakı səfir vəzifəsində qalması belə Tehran-Bakı münasibətlərində arzuolunmaz amilə çevrilir. Onun yaxın müddətə diplomatik fəaliyyətini bölgəmizdən uzaqda, məsələn, şərti Nikaraquada davam etdirməsi Tehrandakı yeni hakimiyyətin atdığı ən ağıllı addımlardan biri ola bilər. Ciddi dövlətlər ikitərəfli münasibətləri bir paranoik diplomatın güdazına vermirlər…
Prezident İlham Əliyevin İranın sabiq dövlət başçısı İbrahim Rəisi ilə Araz çayı üzərindəki görüşü ilə başlanan normallaşma prosesinin Tehrandakı yeni hakimiyyətlə davam etdirilməsi üçün ciddi imkanlar var. Ancaq ikitərəfli münasibətlər yalnız bir tərəfin iradəsi ilə düzəlməz. Problemlər qarşılıqlı xoş məramla aradan qaldırıla bilər.