AZ

Akif Qurbanovun mübarizə yoldaşları istintaqın onun övladlarının hüquqlarını pozduğunu bildiriblər

İyulun 26-da “III Respublika Platforması” bəyanat yayaraq, bu qurumun həbsdə olan rəhbəri Akif Qurbanovun azyaşlı uşaqlarının elektron cihazlarının qanunsuz ələ keçirilməsinə diqqət çəkiblər.

Açıqlamada qeyd edildiyi kimi, martın 6-da A.Qurbanov tutulduğu gün atası Yaqub Qurbanovun “Hyundai Velacruz” markalı avtomobilində axtarış aparılıb.

Baxış zamanı Qurbanovun məktəb yaşlı uşaqlarına məxsus 1 ədəd “Redmi” markalı telefon, 2 ədəd “iPhone” telefonu və 1 ədəd “Macbook” kompüteri götürülüb.

“Axtarış zamanı Akif Qurbanovun azyaşlı uşaqları avtomobildə olub. (Baba hər gün onları məktəbə və evə aparırdı). Axtarış Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş uşaqların maraqlarının üstünlüyü prinsipinin pozulması ilə həyata keçirilib. Üstəlik, axtarışdan sonra Akif Qurbanovun atası qısa müddətə saxlanılıb”, - Platformanın bəyanatında deyilir.

Eyni zamanda, sənəddə daha sonra qeyd olunduğu kimi, Bakı Şəhər Baş Polis İdarəsinin istintaq-əməliyyat qrupu tərəfindən A.Qurbanovun övladlarına məxsus elektron cihazların guya “III Respublika Platforması” nın ofisindən götürülməsi faktı sənədləşdirilib və onların üzərinə həbs qoyulub.

“Nəticədə Akif Qurbanovun övladları təhsil almaq üçün lazım olan elektron cihazlardan məhrum olublar”, - deyə məlumatda bildirilir.

Bəyanat müəlliflərinin fikrincə, istintaq orqanı bir sıra milli qanunları və Avropa Konvensiyasının müddəalarını pozub.

O cümlədən, polis onların babasının avtomobilində zor tətbiq etdiyindən uşaqların maraqlarının üstünlüyü prinsipi pozulub.

Cinayət Prosessual Məcəlləsinə (maddə 12) və “Əməliyyat axtarış haqqında” (maddə 4) Qanuna əsasən, istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri təməl konstitusion insan hüquq və azadlıqları təminatlarına riayət edilməklə həyata keçirilməlidir.

Bundan başqa, elektron avadanlıqların əsassız yerə “III Respublika Platforması”nın ofisindən götürülmüş kimi rəsmiləşdirilməsi ilə Cinayət Prosessual Məcəllənin prosessual tələbləri pozulub“.

İstintaq orqanı həmçinin qanunsuz protokollaşma aparıb.

A.Qurbanov və onun atası Y.Qurbanova münasibətdə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsinin (şəxsi həyata hörmət hüququ) və Əlavə 1 saylı Protokolun 1-ci maddəsinin (mülkiyyət toxunulmazlığı) tələbləri pozulub.

A.Qurbanovun övladlarına münasibətdə Əlavə 1 saylı Protokolun 2-ci maddəsinin (təhsil hüququ) pozuntusuna yol verilib.

A.Qurbanovun həmkarlarının “Turan”a verdiyi məlumata görə, atası onun avtomobilində qanunsuz axtarış aparılması və ondan əmlakın götürülməsi ilə bağlı məhkəmə nəzarəti qaydasında şikayət verib. Məhkəmə axtarışla bağlı sənədlərin olmaması bəhanəsi ilə işi qəbul etməyib. Əslində, axtarış qanuni sanksiya olmadan aparılıb.

Bununla belə, silahdaşlarının sözlərinə görə, A.Qurbanovun ibtidai istintaqın sonunda bütün prosessual pozuntular, onun və siyasətçinin yaxınlarının hüquqlarının pozulması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmək imkanı olacaq.

*Akif Qurbanov 2024-cü il martın 6-da “Toplum TV” işi çərçivəsində saxlanılıb. Martın 8-də Xətai Rayon Məhkəməsi onu 4 ay müddətinə həbs edib.

Həmçinin, “Toplum TV” saytının təsisçisi Ələsgər Məmmədli, “III Respublika Platforması”nın üzvü Ruslan İzzətli, “Toplum TV”nin redaktoru Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayev, İlkin Əmrahov və Əli Zeynal da saxlanılıb.

Saxlanılanların hamısı valyuta qaçaqmalçılığında ittiham olunurdu, hökumətyönlü media isə bu şəxslərin xaricdən guya “qanunsuz” qrant alması barədə xəbərlər yayıb.

Beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini haqsız yerə həbs olunanları azad etməyə çağırıb.

Seçilən
102
turan.az

1Mənbələr