AZ

Qarabağ Universitetinə iki prorektor təyin olundu

Qarabağ Universitetinə prorektorlar təyin olunub.

Elm və Təhsil Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nərgiz İsmayılova Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə, Fariz Əhmədov elm və innovasiya məsələləri üzrə prorektor vəzifələrinə təyin olunub.

Məlumat üçün bildirək ki, N.İsmayılova bakalavriat səviyyəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetində, magistratura üzrə isə Niderland Krallığının Maastrixt Universiteti ilə ADA Universitetinin birgə “Executive MBA” (EMBA) proqramında təhsil alıb. O, həmçinin London Biznes və Maliyyə Məktəbinin (LSBF) “İdarəetmənin inkişafı” proqramının məzunudur.

Nərgiz İsmayılova İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “British Petroleum”, “SOCAR Downstream Management” və digər qurumların benefisiarı olduğu müxtəlifspektrli institusional quruculuq, idarəetmə sistemləri və bacarıqların inkişafını hədəfləyən proqram və layihələr üzrə 10 ildən artıq təcrübəyə malikdir. O həmçinin İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO), Dünya Bankı, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və digər beynəlxalq təşkilatlar tərəfindən icra olunan layihələrdə çalışıb. Nərgiz İsmayılova həm də 2-ci “Yüksəliş” müsabiqəsinin qalibi olub.

Nərgiz İsmayılova bu təyinatadək Təhsilin İnkişafı Fondunun (TİF) Layihələrin idarə olunması şöbəsinin müdiri və TİF-in İdarə Heyətinin sədr müavini vəzifələrində çalışıb.

Fariz Əhmədov isə biznesin təşkili və idarə edilməsi ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU/UNEC) bakalavriat, idarəetmə və təşkilatlandırma ixtisası üzrə Türkiyə Cümhuriyyətinin Sakarya Universitetinin Sosial Elmlər İnstitutunda magistratura səviyyələrində təhsil alıb. Fariz Əhmədov həmçinin iqtisad elmləri üzrə fəlsəfə doktorudur.

Fariz Əhmədov 2010–2014-cü illərdə UNEC-in Türk dünyası iqtisad fakültəsində müəllim, baş müəllim, dosent və kafedra müdirinin müavini vəzifələrində çalışıb. 2014–2017-ci illərdə UNEC-in İqtisadiyyat və işlətmə kafedrasının müdiri, 2017-ci ildən isə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru olub. Fariz Əhmədov həmçinin Dünya Bankı, BMT-nin İnkişaf Proqramı (UNDP), Elm və Təhsil Nazirliyi, “Erasmus+”, “SOCAR Midstream Operations”, KOBİA tərəfindən dəstəklənən bir sıra layihələrdə çalışıb.

Bir çox kitab və tədris-metodiki vəsaitlərin həmmüəllifi olan Fariz Əhmədov həm də “Web of Science”, “Scopus” indeksli jurnallarda 10-dan çox elmi məqalənin müəllifidir. O, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun həyata keçirdiyi “2016-cı ilin gənc alimi” müsabiqəsinin qalibi olub.

Fariz Əhmədov bu təyinatadək UNEC-in elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsində işləyib.

Seçilən
192
49
ucnoqta.az

10Mənbələr