AZ

Qərb Gürcüstanı necə cəzalandırır? - ƏTRAFLI

Nəhayət ABŞ Gürcüstana əsl simasını göstərdi. Və bəlli oldu ki, Amerika heç də çətin günün dostu deyil. Ümumiyyətlə, ABŞ heç kimə və Gürcüstana dost deyilmiş. Sadəcə, Ağ Evdəkilər öz siyasi və iqtisadi maraqlarına görə hər bir ölkəyə fərdi yanaşır. Bir zamanlar Gürcüstana qucaq açan Amerika bu gün bu ölkə ilə əlaqələrini kəsmək üzrədir.

Təsadüfi deyil ki, ABŞ Gürcüstana yardımı dayandıracağını bildirib. Bunu ABŞ dövlət katibi Antoni Blinken deyib.  O qeyd edib ki, Gürcüstan hökumətinin hərəkətləri Aİ və NATO-ya üzvlüklə uyğun gəlmir.

ABŞ-ın və Aİ-nin, hətta NATO-nun “incikliyinin” tək səbəbi isə “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu və qüqvvəyə minməsidir. Tək bir qanunvericilik aktına görə Qərb Gürcüstanla bütün körpüləri yandırdı. Halbuki, bu qanun ABŞ-da və Aİ ölkələrində çoxdan qüvvəyə minib. Amma nədənsə özlərində qüvvədə olan qanunun Gürcüstanda icra edilməsini Qərb istəmir. Səbəbsə çox sadədir. Çünki, Qərbin Gürcüstanda çox böyük agentura şəbəkəsi var. Və bu şəbəkə hesabına Qərb təkcə Gürcüstanda yox, bütün regionda öz məkrli planlarını həyata keçirir.

Ona görə də Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qüvvəyə minməsi Qərbin planlarını ciddi şəkildə pozur. Ona görə də həm ABŞ, həm də Aİ Gürcüstana qarşı cəza tədbirlərinə başlayıb.

Təsadüfi deyil ki, bir müddət əvvəl Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell bu qanunun Aİ-nin əsas prinsip və dəyərlərinə zidd olduğunu, Gürcüstanın təşkilata gedən yoluna mənfi təsir göstərəcəyini bəyan edib:

“Biz Gürcüstan hakimiyyətini bu tendensiyanın qarşısını almağa və Aİ yoluna qətiyyətlə qayıtmağa çağırırıq. Dinamikanı dəyişdirmək üçün hələ vaxt var, lakin idarəetmə orqanlarından güclü öhdəlik tələb olunur. Aİ və ona üzv dövlətləri bu hadisələrə cavab vermək üçün bütün variantları nəzərdən keçirir”.

ABŞ-ın addımları isə daha konkret oldu. Belə  ki, ABŞ Gürcüstana qarşı sanksiyaların tətbiqinə başladı. Rəsmi Vaşinqton Gürcüstan vətəndaşına, o cümlədən rəsmi şəxslərə və onların ailə üzvlərinə qarşı viza sanksiyaları tətbiq edir. Bundan sonra bir sıra Gürcüstan rəsmləri və o cümlədən, parlamentinin üzvləri ABŞ-ın viza sanksiyaları ilə üz-üzə qalacaq.

Göründüyü kimi bir qanuna görə ABŞ həm qanunun təşəbbüskarlarını, həm də onun parlamentdə qəbulunda əli olan hər kəsi cəzalandırır. Yəqin ki, bu cəza tədbirlərinin davamı gələcək. Beləcə, Qərb öz mahiyyətini bir daha ortaya qoyacaq. Təbii ki, Qərbin mahiyyəti, qlafı və populizmi çoxlarına aydındır.

Gürcüstan necə xilas olacaq?

Göründüyü kimi Gürcüstan üçün çətin günlər gəlir. Məlumdur ki, Gürcüstan hər il həm ABŞ-dan, həm də Aİ-dən maliyyə dəstəyi alırdı. Amma agentura şəbəkəsi haqqında qanunun qüvvəyə minməsindən sonra bu yardımlar dayanacaq. Ən azı müəyyən müddətə… 

Çünki Qərb Gürcüstana lazım olduğu qədər, Gürcüstan da Qərbə lazımdır. İndiki həssas dönəmdə həm Qərb, həm də Gürcüstan inadkar görünür. Amma Qərbin daha tez inadından əl çəkəcəyi inandırıcı gəlir. Ona görə ki əgər Qərb Gürcüstandan əlini çəksə, o zaman məcburən Rusiyaya yaxınlaşmalı olacaq. Bu isə Qərb üçün ən arzuolunmaz variantdır. Ona görə də Qərbin təhdidləri tədricən səngiyəcək. 

Gürcüstan inad edəcəyi təqdirdə qazanacaq. 

Ən azı ölkənin ərazi bütövlüyü və suveren hüquqları bərpa olunacaq. Lakin həmin zamana qədər Gürcüstan ciddi siyasi və iqtisadi təzyiqlərlə üzləşəcək. Əgər rəsmi Tiflis Qərbin təzyiqlərinə boyun əyməsə, o zaman Rusiya Gürcüstanla münasibətlərinə yenidən baxacaq. Bu da o deməkdir ki, Rusiya Cənubi Osetiya və Abxaziyanı Gürcüstanın nəzarətinə qaytaracaq. 

Məlumdur ki, hazırda bu bölgə Rusiyanın nəzarət zonasındadır. Hətta Cənubi Osetiya və Abxaziya Rusiyanın Federal Büdcəsindən maliyyələşir. Vəziyyətin belə hal almasınınsa səbəbi vaxtilə Gürcüstanın Qərbə meyillənməsi olub. O zamansa Rusiya buna qarşı çıxdı. Öz sərhədlərində avropalıları və amerikalıları görmək istəmədiyini bildirdi. Rusiya fikrində nə qədər ciddi olduğunu Gürcüstanda separatizmi alovlandırmaqla sübut etdi. Nəticədə, artıq 16 ildir ki, Gürcüstanın 20 faiz ərazisi işğal altındadır. 

İndiki zamanda isə Gürcüstan müharibə etmədən, qan tökmədən işğala son vermək istəyir. Bunun üçünsə tək şərt Gürcüstanın Qərbin idarəçiliyindən çıxmasıdır. 

Əslində, rəsmi Tiflis anlayır ki, Qərb heç zaman 20 faiz torpaqlarının azad olmasında Gürcüstana kömək etməyəcək. Bunun ən bariz nümunəsi Azərbaycan gerçəkliyidir. Azərbaycan 25 il vasitəçiləri gözlədi. Sonda isə ərazi bütövlüyünü və suveren hüquqlarının öz qətiyyəti hesabına bərpa etdi. Qərbə inanan Moldova da eyni acı aqibəti yaşayır. Ukraynada isə vəziyyət daha faciəlidir. 

Bütün bunlara rəğmən Gürcüstan seçim anındadır. Ya Qərbin arxasınca gedib, ərazilərinin işğal müddətini bir qədər də uzadacaq, Ya da heç bir bloka qoşulmadan regional inkişafa və mehriban qonşuluğa meydan açacaq. Bu halda isə Gürcüstanın ərazi bütövlüyünün və suveren hüquqlarının bərpası heç də uzaq görünmür.

İlhamə Qiyas, News365.az


Seçilən
151
1
news365.az

10Mənbələr