AZ

İftixar və Qürur Günü

2020-ci il sentyabrın 27-də başlayan, 10 noyabrda şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına əbədi həkk olundu. O müharibədə əldə etdiyimiz Qələbə bir daha sübut etdi ki, ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olmuşdur. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində, Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi - işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması.

Vətən müharibəsində əldə olunmuş Qələbə, həm də effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsi oldu. Uzun illər ərzində Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin əsas prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmlənib, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edilib.

Ermənistanın sentyabrın 27-də törətdiyi təxribatlar isə Azərbaycanın səbir kasasını daşıran son damla oldu. İşğal altında olan torpaqlarımızın həsrətini çəkən Azərbaycan xalqı "İrəli" əmrini çoxdan gözləyirdi. 44 günlük savaşda bütün dünya xalq və ordu birliyinin şahidi oldu. Müharibə dövründə xalq öz birliyini və gücünü nümayiş etdirə bildi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də təxribatlar zamanı öz evlərini tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamdan xəbər verir.

 Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. "Dəmir yumruq" əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı.

Noyabrın 9-dan 10-na keçən gecə Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Nəhayət, Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə baxmayaraq, Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində "Ermənistanın güclü ordusu var" və "erməni xalqı döyüşkən xalqdır" kimi miflərə birdəfəlik son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələri ilə yanaşı, bütövlükdə erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusunun hərbi texnikası və canlı qüvvəsi məhv edildi. 

Müharibə dövründə Prezident İlham Əliyevin çıxışları öz emosionallığı ilə fərqlənirdi. Ürəkdən səslənən, xalqın hisslərini əks etdirən hər bir söz, hər bir fikir insanların yaddaşına əbədi həkk oldu, dillər əzbərinə çevrildi. Dövlət başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında əyilməməyə, əksinə qürurla durmağa ruhlandırdı. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqının yenilməz övladını görürdülər. Prezident İlham Əliyevin müharibə ilə bağlı nitqlərini və çıxışlarını bütün ölkə əhalisi səbirsizliklə gözləyirdi.

Qazandığımız tarixi Qələbədə Türkiyənin mənəvi dəstəyini də heç zaman unutmuruq. Çünki Türkiyənin dəstəyi Qələbəyə inamı daha da artırdı. "Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır". İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" deməsi Azərbaycana əlavə güc verdi.

Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir - siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində.

Qardaşlığın Zəfəri bu gün düşmənə və onun havadarlarına əsl göz dağıdır. İki ölkə rəhbərinin Qələbə paradını birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj oldu.  Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisəyə çevrildi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşının yaddaşında silinməz bir iz buraxdı.

Bu gün Zəfər bayramının 3 ili tamam olur. Budəfəki Zəfər bayramının böyük bir fərqi var. Çünki bundan əvvəlki Zəfər bayramları zamanı Qarabağda suverenliyimiz tam və qəti təmin edilməmişdi.  Azərbaycan bayrağı nə Xocalıda, nə Xocavənddə, nə də Xankəndidə dalğalanmırdı. 2023-cü il sentyabr ayının 19-20-də Azərbaycan silahlı qüvvələrinin keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda tam şəkildə suverenliyimiz təmin edilmiş oldu və Azərbaycan bayrağı, ilk növbədə, Xankəndidə dalğalandı. Antiterror tədbirlərindən sonra Azərbaycan Prezidenti İlham Əliyev ölkənin suverenliyinin tam təmin olunduğunu bəyan etdi və bununla da son 100 ildə ilk dəfə Azərbaycanın şanlı bayrağı Qarabağın bütün ərazisində - Ağdərə, Əsgəran, Xankəndi, Xocalı və Xocavənddə dalğalandı. Bu, çoxlarına bir yuxu kimi görünürdü, amma Azərbaycan bunun öhdəsindən layiqincə gəldi. Və beləliklə, şanlı Zəfərin üçüncü ildönümünü ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkə olaraq qeyd edirik!

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.

Seçilən
599
50
respublika-news.az

10Mənbələr