AZ

Özündən 20 yaş böyük kişiyə ərə getdi, gənc oğlanla şəkli yayıldı, qardaşı... - FOTOlAR

Titul.az Kulis.az-a istinadla müğənni, Əməkdar artist Almaz Ələsgərli haqqında maraqlı faktları təqdim edir.

Almaz Ramiz qızı Ələsgərova 6 oktyabr 1966-cı ildə Bakı şəhərinin Bakıxanov qəsəbəsində anadan olub. Almaz xanım ailənin beşinci uşağı, sonbeşiyi olub.

Erkən yaşda musiqiyə həvəs göstərən Almaz xanım 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyoru" fakültəsinə qəbul olur və orada təhsil alır. Bir müddət Azərbaycan Dövlət Musiqili Teatrda aktrisa kimi fəaliyyət göstərir.

1988-ci ildə Almaz Ələsgərli 4-cü kursda oxuyanda, bəstəkar Vaqif Gərayzadənin bəstələdiyi "Səni axtara-axtara" mahnısını Alim Qasımovla duet şəklində ifa edir. Bu mahnı hər iki müğənniyə böyük uğur gətirir.

Ancaq sonralar, öz sözlərinə görə, yorulduğundan Rəşid Behbudov adına Mahnı Teatrında işləməyə başlayır. Rəşid Behbudov onun səsini dinlədikdən sonra get, ərizə yaz, mən səni teatrda işə götürürəm deyir. Üç il teatrda işləyəndən sonra Rəşid Behbudov rəhmətə gedir, müğənni də teatrdan uzaqlaşır.

Elə həmin il müğənni özündən 20 yaş böyük bəylə ailə qurur. Bu evlilikdən onların Mədinə və Əminə adlı iki qızı doğulur. Ancaq bir müddət sonra bu evlilik uğursuzluqla nəticələnir. Onlar ayrılırlar. Müğənninin həyat yoldaşı başqa qadınla ailə qurur. Bu barədə Almaz xanım müsahibələrinin birində deyir:

"Anam, bacılarım heç bir halda istəmirdilər mən onunla ailə qurum. Onlar bizə elçi gələndə, anam dedi, mən elçilərin qarşısına çıxmayacam. O, həm də istəyirdi mən sənətimi davam etdirim. Amma mən onu sevirdim. Heç kimə qulaq asmadım, ona getdim, amma sonra alınmadı. Qızlarım sevgidən doğuldu. Ancaq dörd il sonra biz ayrıldıq. O, sonra qızları ilə maraqlanmadı. Qızlarım bir-iki dəfə onun evinə getdilər, sonra getmək istəmədilər. Dedilər, biz getmirik. Bəlkə də, onun yoldaşı razı olmayıb. Amma mən həmişə qızlarıma demişəm ki, atanızı axtarın, zəng vurun. İndi o, rəhmətə gedib, qızlarım atalarını unutmur. Mədinə xaricdən gələn kimi gedib qəbrini ziyarət edir. Əminə isə hər dəfə yada salır. Atasız uşaq böyütmək çox çətindir. Mənim uşaqlarım var, yox nədir bilirlər. Bizim sənətdə həm müğənni olmaq, həm də qadın, ev olmaq çox çətindir".

Bir neçə il sonra müğənni yenidən ikinci dəfə ailə qurur. Hətta həyat yoldaşına görə sənəti tərk edir, evinə çəkilir. Ancaq iş elə gətirir ki, onun ikinci evliliyi də uğursuz alınır. Almaz xanım ikinci həyat yoldaşından da boşanır.

2014-cü ildə Əməkdar artist Almaz Ələsgərova ilə gənc müğənni Ramalın birgə fotosu yayılır. Sosial şəbəkədə paylaşılan bu foto istifadəçilərin böyük marağına səbəb olur. Almaz Ələsgərova məsələyə münasibət bildirərkən Ramalla sevgili olduğunu nə təsdiq, nə də təkzib edir:

"Şəxsi həyatımla heç vaxt gündəmə gəlməyə çalışmamışam. Ona görə də bu mövzuda çox dərinə getmək istəmirəm. Sadəcə onu deyə bilərəm ki, Ramal Əsədzadə dərs dediyim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində mənim tələbəmdir və mənə çox əzizdir. Hazırda da çox xoşbəxtəm".

Bir neçə il əvvəl müğənninin səs tellərində problem yaranır. Müxtəlif ölkələrdə həkimlərin qəbuluna gedən müğənniyə həkimlər səs tellərində yorğunluq olduğunu, dincəlmək lazım gəldiyini deyir. Bu səbəbdən də, Almaz xanım efirlərdən uzaqlaşmalı, sənətdən ayrılmalı olur. Bu barədə o, deyir:

"Toylara gedə bilmirdim, bir az vaxt keçəndən sonra əziyyət çəkirdim, boğulurdum, səs tellərim tez yorulurdu. Əvvəl həvəs var idi. Görürdün biri klip çəkib, gedirdin sən də çəkdirirdin. Cavanlıq başqa bir şeydir. İndi yolu verdik cavanlara, sənətdən ayrıldım. Pandemiyada heç yerə çıxmadım. 2 ilə yaxın səhhətimdə problemlər oldu. Həkim demişdi, susmaq lazımdır, danışmaq olmaz. Boğazımda problemlər var idi. Şükür, çətinlikdən çıxdım, hər şey yaxşıdır".

Müğənninin iki qızı ailə qursa da, sonradan onların ailəsində yaranan problemlərə görə hər iki qızı boşanır.

Müğənninin qardaşı 45 yaşında xərçəng xəstəliyinə tutulur. Səs tellərindən əməliyyat olunur. Dənizdə işlədiyi üçün sağalandan sonra dənizə yollanır. Ancaq üç-dörd gün ondan heç bir xəbər çıxmır. Ailə tərəfindən polisə məlumat verilir. Səkkiz gün davam edən axtarışlardan sonra onun meyiti dənizdən tapılır və dəfn olunur.

Almaz Ələsgərli 1988-ci ildə "Bakı payızı-88" estrada artistləri müsabiqəsinin laureatı olur. 2000-ci ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Yaxşıların yaxşısı-2000" müstəqil musiqi mükafatı olan "İlin ən yaxşı qadın müğənnisi" adına layiq görülür.

2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti adını almışdır. 2016-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Teatrına qayıdıb. Hazırda müğənnilik fəaliyyəti ilə yanaşı aktrisalıq ilə məşğuldur.

Seçilən
147
50
kanal.az

10Mənbələr