İran prezidenti Pezeşkianın yeni təklif etdiyi hökumətdə Azərbaycan üçün də xüsusi maraq doğuran xarici işlər naziri postuna kimin gətiriləcəyi idi. Bəlli olduğu kimi, yeni prezident bu posta Abbas Əraqçinin namizədliyini irəli sürüb. Əraqçinin namizədliyini parlament təsdiqləməlidir.
Məlumata görə, M.Pezeşkianın məsləhətçiləri hesab edirlər ki, Əraqçi ölkənin xarici işlər naziri postu üçün ən uyğun namizəddir. Yada salaq ki, illər öncə azərbaycanlı şairlər İranda tutulanda buna etiraz olaraq nazir müavini Əraqçi Bakıya buraxılmamışdı.
Əraqçi 1962-ci il dekabrın 5-də Tehranda anadan olub, onun karyera yolunu əvvəlcədən müəyyən edən diplomatiya təhsili alıb. 1989-cu ildə o, Xarici İşlər Nazirliyində işə başlayıb, burada peşəkarlığı və fədakarlığı tez bir zamanda diqqəti cəlb edib. Əraqçi bacarıqlı diplomat kimi tanınır və 2015-ci ildə İran Nüvə Sazişinin bağlanmasında əsas rol oynayıb.
2013-cü ildən o, xarici işlər nazirinin müavini vəzifəsində çalışıb və altı beynəlxalq vasitəçinin (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) nüvə proqramı üzrə danışıqlarında İran nümayəndə heyətinə başçılıq edib. Əraqçinin İranın maraqlarını müdafiə etmək bacarığı və diplomatik yanaşması İranın beynəlxalq əlaqələrinin normallaşdırılmasında böyük addım olan Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bağlanmasına töhfə verib.
Abbas Əraqçinin İran diplomatiyasının başına gətirilməsi Bakı-Tehran münasibətlərinə necə təsir edəcək?
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Əraqçinin təcrübəli diplomat olduğunu dedi: "O, mühafizəkarların və islahatçıların qəbul etdiyi kadrdır. Doğrudur, İranın xarici siyasətini əsasən Ali Dini lider müəyyənləşdirir. Ancaq müəyyən edilən xarici siyasət kursunun həyata keçirilməsi böyük diplomatik bacarıq və səylərdən birbaşa asılıdır. Əraqçi professional diplomat kimi İranın nüvə proqramı ilə bağlı böyük dövlətlərlə - ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya aparılan danışıqlara nazir müavini olaraq rəhbərlik edib. Onun çətin və uzun sürən danışıqları öz bəhrəsini verib. Əraqçi təcrübəli olmaqla yanaşı, həm də reallıqlar uyğun manevr qabiliyyətində olduğuna görə İran hökuməti kritik məsələlərdə onun fəaliyyətinə güvənib. Bir məsələni də xatırladım ki, Əraqçinin İranda bir neçə il öncə həbs olunan Azərbaycan vətəndaşı olan şairlərin həbsinə səbəb olan qalmaqalda Bakı ilə danışıqlara gəlmək planı iflasa uğrayıb və onu Azərbaycana buraxmayıblar. Məncə, onun xarici işlər naziri vəzifəsinə namizədliyinin irəli sürülməsi İranın beynəlxalq aləmdə münasibətlərinin gərginləşməsi və nüfuzuna ciddi xələl gəlməsi dönəminə təsadüf etməsi ciddi siqnaldır. Görünür, İran xarici siyasətində düşdüyü dalandan çıxması üçün Əraqçinin diplomatik istedadına ümid edir. Bir tərəfdən İsrail-İran münasibətlərinin müharibə həddinə çatması, digər tərəfdən, Yaxın Şərq və İran körfəzi regionunda yaranmış mürəkkəb vəziyyət yeni təsdiq olunacaq xarici işlər nazirini çətin sınaqlar qarşısında qoyacaq. Tehranın Bakı ilə də indiki münasibətlərini sabit və normal hesab etmirəm. İran rejimi Azərbaycanın İsraillə əməkdaşlığını və geniş əlaqələrini qəzəblə qarşılayır və hər fürsətdə Bakıya qarşı bundan qarayaxma, şantaj və gözdənsalma kampaniyası aparır. Eyni zamanda Türkiyənin artan regional nüfuzu İranı narahat etməkdədir. Qərbin, xüsusən də Fransa və ABŞ-ın Ermənistanda getdikcə artan mövqelərinə İranın soyuqqanlı mövqeyinin uzun sürməyəcəyi düşüncəsindəyəm. Əraqçinin bütün bu ciddi problemlərin, qlobal dünyada gedən sürətli proseslərdə İranın maraqlarını yüksək səviyyəyə qoruya biləcəyi barədə əmin deyiləm. Çünki həmin problemlərin həllinə İran Ali Dini Liderinin necə yanaşacağı və xarici siyasət kursunun necə müəyyənləşdiriləcəyi hələ aydın deyil”.
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov hesab edir ki, Əraqçinin İranda xarici işlər naziri postuna gətirilməsi Qərblə danışıqların intensivləşəcəyinin siqnalı ola bilər: "Çünki Əraqçi Qərblə danışıqlar aparmış biridir. İranda bəzi dairələr başa düşür ki, dünyada bəzi güclər onu birbaşa münaqişəyə təhrik etmək istəyirlər. Qəribə görünsə də, İranla münaqişəyə, birbaşa üzləşməyə İsraili təhrik edən də daha çox Amerikadır. İran nüvə proqramı və raket silahlarının inkişafı işlərini aparır. İran daxili sənaye istehsalını sanksiya rejiminə uyğunlaşdıra bilib. Buna görə də İranın bu proqramlarını inkişaf etdirməsi regionda təhlükədir. İsrail-İran münasibətləri pis olsa da, İsrail də İranla birbaşa toqquşmada maraqlı deyil. Çünki İsrail son Qəzza müharibəsində əslində quru qoşun imkanlarının o qədər də deyildiyi kimi olmadığını göstərdi. Əgər İran və İsrail birbaşa savaşarlarsa, bu zaman ikinci gərək nüvə silahından istifadə etsin. Dünyada da bu hələ heç kimə lazım deyil. İrana da birbaşa münaqişə lazım deyil. Ona görə də İrana Qərblə danışıqlar aparmaq təcrübəsinə malik birisi lazımdır. İrana lazımdır ki, o, birbaşa münaqişəyə girməsin. Bizə də İran xarici siyasətini idarə edəcək olan şəxsin danışıqlar aparma qabiliyyətinə sahib olması lazımdır”.
Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı isə o rəydədir ki, Azərbaycan üçün İranın xarici işlər nazirinin Abbas Əraqçinin və yaxud başqa birinin olmasının ciddi əhəmiyyəti yoxdur: "Əsas İranın dini rəhbərinin və o cümlədən İran prezidentinin Azərbaycan dövlətinə olan münasibətidir. Azərbaycan müstəqil dövlətdir. Öz beynəlxalq siyasətini özü müəyyənləşdirir. İsraillə Azərbaycanın ikitərəfli normal və çox yüksək səviyyəli hərbi əməkdaşlığı var. 44 günlük müharibədə Amerikanın tapşırığı ilə bir Qərb dövləti Azərbaycana pulu ilə belə ən müasir silah vermədi. Yalnız İsrail Azərbaycana ən müasir silahı pulu ilə verdi. Bütün bunları ona görə sadalayıram ki, İranın XİN rəhbərinin kim olmasının heç bir mənası yoxdur. İranı idarə edən əsas şəxslər Azərbaycanla ikitərəfli və dostluq səviyyəsində əlaqələrin qurulmasında maraqlı olmalıdırlar. Yeni seçilmiş İran prezidenti Pezeşkian bu istiqamətdə işlər aparmalıdır. Həm də İran beynəlxalq əlaqələrinin qurulmasını düşünməlidir. Əhalisinin böyük əksəriyyəti yoxsulluq səviyyəsindən aşağı yaşayan İran bu əlaqələrin qurulması üçün yeni qərarlar qəbul etməlidir. İran-İsrail müharibəsinin baş tutmaması üçün birgə səylər göstərilməlidir. Bu, baş vermiş olsa, İran iqtisadiyyatına böyük zərbə vurulmuş olar. İranın yeni XİN rəhbəri bu istiqamətdə əlaqələrin qurulmasını təşkil etməlidir. Yeni XİN rəhbəri başqa yol seçəcəksə, bundan İran ancaq ziyan çəkə bilər”.(musavat.com)