AZ

Vətənə oğul borcu

44 günlük haqq savaşımızda minlərlə qeyrətli Azərbaycan övladları kimi Lənkəran elinin igid oğlu Fariz Zülfüqarzadə də ağır döyüş meydanlarında xüsusi rəşadət nümunəsi göstərib. Belə ki, Vətəninə, xalqına olan sonsuz məhəbbəti onu 28 yaşında şəhidlik zirvəsinə ucaldıb.

Həyatı dərk edən gündən mənalı yaşamağın dəyərini Vətəninə, xalqına təmənnasız xidmətdə görən Fariz Fərhad oğlu Zülfüqarov 2012-ci ildə həqiqi hərbi xidmətə gedir. Döyüş bölgəsində Vətənin keşiyində durmaqla, layiqli bir övlad kimi ona olan borcunu şərəflə yerinə yetirir.

Fariz əsgərlikdən evinə üzüağ qayıdıb. Vətənin taleyi üçün narahat olan Fariz öz yerini hərbidə görür və 2015-ci ildə yenidən orduya yazılıb, tankçı peşəsinə yiyələnib. Aprel döyüşlərində göstərdiyi hünər tarixə yazılıb. Həm də Müdafiə Nazirliyinin fəxri fərmanlarına layiq görülüb. Azərbaycan Silahlı Qüvvələrin sərrast tankçısı Fariz Zülfüqarzadə İkinci Qarabağ müharibəsi zamanı isə Füzuli, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə düşmənin zirehli texnikalarını və atəş məntəqələrini darmadağın edib. Qubadlının azadlığı naminə erməni dığaların üstünə onlardan qənimət götürülən tankla gedib, işğalçıları pərən-pərən salıb və onlar öldürülən, eləcə də yaralı yoldaşlarını döyüş meydanında qoyaraq qaçıblar. Beləcə, Fariz hər döyüşdə düşmənə ağır itkilər verib. Özü isə 2 dəfə yaralansa da, geri durmayıb. Ölüm-dirim savaşların birində onun tankı qarşı tərəfdən atılan top mərmisinə tuş gəlib. Fariz ekipaj üzvlərini xilas etsə də, özü tankın içərisində qalaraq qan itirmə nəticəsində həlak olub. Ölməz qəhrəmanın Vətən naminə xidmətləri dövlətimiz tərəfindən "Vətən uğrunda", "İgidliyə görə", həmçinin Füzuli, Zəngilan və Qubadlının azad olunmasına görə medalları ilə təltif edilib.

Artıq Farizin əbədiyyət adlı dünyasına qovuşduğu gündən 3 il ötdü. Bu münasibətlə Lənkəran camaatı xatirəsini həmişə uca saxladığı, onunla qürur duyduğu qəhrəman oğlunun uyuduğu müqəddəs məzarını ziyarət etdilər, ehtiramla önündə baş əydilər, məzarına güllər düzüldü. Anım günündə gerçəkləşən ziyarətə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatın rəsmi şəxsləri, şəhid ailələrinin üzvləri, eləcə digər rəhbər işçilər qatılmışdı. Şəhidin ailə üzvləri ilə söhbət edib, qayğılarını öyrənən icra başçısı bildirdi ki, şəhidlərin xatirəsinin əziz tutulması və hər zaman böyük qürurla anılması mənəvi borcumuzdur.

Z.ORUCOĞLU.

Seçilən
9
respublika-news.az

1Mənbələr