EN

Paşinyan Putini yenə şantaj edir: İrəvan "Rusiya Ermənistanı işğal edəcək" deyir

Halbuki, Rusiyanın hazırda bütün diqqəti Ukrayna savaşında üzləşdiyi qəliz situasiyaya yönəlib, üstəlik, hərbi-siyasi potensialını parçalayaraq, Qərblə qarşıdurma məkanında daha da zəif duruma düşmək istəməz... Ona görə də, Kreml Ermənistana hərbi müdaxilə ilə Rusiyaya qarşı "ikinci cəbhə"nin yaradılmasına, Qərbin Cənubi Qafqaza yerləşmə planlarına əlavə bəhanə verərək, asanlaşdırmağa həvəs göstərməz...
Cənubi Qafqaz regionunda geopolitik situasiya qəlizləşməkdə davam edir. Belə ki, ABŞ və Qərbin israrla bu regiona can atdığı müşahidə olunur. Hətta son vaxtlar Qərbin Rusiya ilə regional qarşıdurmada müəyyən üstünlüklər əldə etdiyi də inkaredilməz reallıqdır. Və bu baxımdan, Cənubi Qafqaz uğrunda geopolitik mübarizənin yaxın vaxtlarda daha da intensivləşə biləcəyi qətiyyən istisna deyil.

Hər halda, Rusiya Cənubi Qafqazdakı ənənəvi mövqelərini ABŞ və Qərbə belə asanlıqla təslim etmək niyyətində olmadığını sezdirir. Prezident Vladimir Putinin Bakıya son rəsmi səfərindən sonra Rusiyanın konkret addımların atılmasına hazır olduğunu da düşünmək olar. Çünki Kremldə hesab edirlər ki, ABŞ və Qərbin Ermənistan üzərindən Cənubi Qafqaza yerləşmək cəhdlərinə bundan sonra müşahidəçi qalınması Rusiyanın regionu tamamilə itirməsinə yol aça bilər. Və Rusiyanın tezliklə prinsipial qərarlar qəbul etməyə çox yaxın olduğu artıq o qədər də şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, prezident Vladimir Putinin Bakıya son rəsmi səfəri Ermənistan cəmiyyətinə və siyasi dairələrində kifayət qədər ciddi narahatlığa yol açıb. İndi erməni siyasi düşüncəsində Rusiyanın Ermənistana qarşı radikal addımlar atmaq niyyətinin reallıq səviyyəsi daha güclü təsirə malikdir. Hətta hesab edirlər ki, Kreml Ermənistana münasibətdə iqtisadi-siyasi mexanizmlərdən tutmuş hərbi faktorlara qədər əlində olan bütün təzyiq potensialını işə sala bilər. Və bu, Ermənistan üçün əsl fəlakət demək olardı.

Halbuki, prezident Vladimir Putin Bakı səfərindən sonra Ermənistan baş naziri Nikol Paşinyana telefonla zəng edərək, Azərbaycan və Rusiya arasında aparılan danışıqlar barədə ona müəyyən məlumatlar da verib. Böyük ehtimalla Kreml sahibi bununla erməni baş nazirə həm Rusiyanın Cənubi Qafqaz planlarının nə qədər ciddi olduğunu anlatmaq niyyəti güdüb. Həm də rəsmi İrəvana Rusiyanın əleyhinə fəaliyyətini dayandırmaq üçün sonuncu dəfə şans verməyin vacib olduğunu düşünüb. Və indi Paşinyan Kreml sahibinin bu manevrinə adekvat reaksiya vermək məcburiyyətində qala bilər.

Ancaq nə qədər qəribə də olsa, Ermənistan siyasi dairələrində Rusiya ilə münasibətlərin normallaşması istiqamətində hər hansı pozitiv addımın atılmasına yönəlik həvəs müşahidə olunmur. Əksinə, Paşinyan hakimiyyətinə yaxın Ermənistan mətbuatı müxtəlif ssenarilər uyduraraq, Rusiyanı növbəti dəfə ittiham etməyə üstünlük verir. Xüsusilə də, Kremli Azərbaycanla ortaq şəkildə Ermənistana və Rusiyadakı erməni diasporuna qarşı təzyiq planları qurmaqda suçlayır. Və bu, rəsmi İrəvanın Qərbə sığınmaq siyasi kursuna sadiq olduğunu göstərir.

Məsələ ondadır ki, Paşinyan hakimiyyətinə bağlı Ermənistan mediası prezident Vladimir Putinin Azərbaycana səfərindən sonra Kremlin Rusiyada erməni biznesi üçün fəaliyyət çərçivəsini yenidən planlaşdırmaq niyyətində olduğunu iddia edir. Həmin uydurma iddialara görə, Rusiyada milyardlarla dollar qazanan erməni əsilli (və vətəndaşlığı olan) bir çox iş adamı guya indi çətin günlər yaşayır. Və bunu məhz rəsmi Bakının Kremldən tələbi ilə əlaqələndirməyə çalışırlar.

Ermənistan mətbuatı "etibarlı mənbə"lərə istinadən iddia edir ki, guya rəsmi Bakının Azərbaycanın BRİCS-ə qoşulmasından əvvəl irəli sürdüyü əsas tələblərindən biri də guya erməni milyarderlərin sıxışdırılması ilə yanaşı, Rusiyada biznes məkanının tamamilə yenidən bölüşdürülməsidir. Həmin uydurma iddialarda o da vurğulanır ki, guya tezliklə Rusiyanın media sferasında həbslər, vergilərlə bağlı problemlər və s. haqqında çoxlu xəbərlər görünəcək. Bu mövzuda məşhur erməni soyadları ön plana çıxarılaraq, xatırlanacaq.

Göründüyü kimi, erməni fantaziya qurma imkanları heç bir sərhəd tanımır. Paşinyan hakimiyyəti öz xəyanət kursuna haqq qazandırmaq üçün Ermənistan cəmiyyətinə Rusiya və Azərbaycan üzərindən neqativ narrativlərin yüklənməsinə cəhd göstərir. Rəsmi İrəvan bu məsələdə hətta Paşinyan hakimiyyətinə müxalif mövqedə olan siyasətçilər və hərbçilərdən belə, istifadə edir. Ermənistan cəmiyyətində inandırıcı görünməsi üçün həm yumşaq şəkildə Paşinyan hakimiyyətinin tənqid olunması, həm də Rusiyanın geopolitik düşmən obrazının gücləndirilməsi taktikasından istifadə olunur.

Bu dəfə rəsmi İrəvan sentyabr ayında baş verə biləcək hərbi-siyasi hadisələrlə bağlı uydurmalarını məhz erməni general-mayor Levon Stepanyanın absurd açıqlamalarını Ermənistan cəmiyyətinə sırımağa çalışır. Erməni general iddia edir ki, guya sentyabrda Rusiya qoşunları İrəvana, İran hərbi kontingenti isə Zəngəzura girəcək. Onun fikrincə, Ermənistan hakimiyyətinin hazırda yürütdüyü yanlış siyasət ölkəni məhz bu təhlükəyə doğru aparır. Çünki Paşinyan hakimiyyətinin siyasəti həm Rusiyanı, həm də İranı ciddi şəkildə narahat edir.

Erməni generalın qənaətinə görə, Ermənistan hakimiyyəti sentyabr ayında Avropa İttifaqına daxil olmaq məsələsini aktivləşdirməyə hazırlaşır: “Bu barədə referendumla bağlı qərar payızda veriləcək. Bu, Rusiya və İranın müdaxiləsinə səbəb ola bilər. Nəticədə Rusiyanın Gümrüdəki 102-ci bazasının hərbçiləri İrəvanın Respublika meydanına, İran qoşunları isə Sünikə (Zəngəzur) girəcək. Hakimiyyətin siyasəti prosesi ölkəni bu təhlükəli istiqamətə aparır”.

Göründüyü kimi, bu, sərf siyasi təbliğat xarakteri daşıyan açıqlamadan başqa bir şey deyil. Çünki İran rəsmi İrəvanı tam şəkildə dəstəkləyir, ABŞ və Qərbin Ermənistana yerləşmək niyyətinə əngəl törədərək, hərbi müdaxilə cəhdinə cəsarət etməz. Rusiyanın isə hazırda bütün diqqəti Ukrayna savaşında üzləşdiyi qəliz situasiyaya yönəlib. Ona görə də, Kreml Ermənistana hərbi müdaxilə ilə Rusiyaya qarşı "ikinci cəbhə"nin yaradılmasına, Qərbin Cənubi Qafqaza yerləşmə planlarına bəhanə verərək, asanlaşdırmağa həvəs göstərməz.

Ümumiyyətlə isə erməni generalın açıqlaması elə məzmun daşıyır ki, onun Paşinyan hakimiyyətini tənqid edən hissəsi əslində, rəsmi İrəvanın xarici siyasətinə haqq qazandırmaq məqsədinə xidmət edir. Yəni, Rusiya və İranın aqressiyası ilə bağlı ictimai rəy yaratmaqla əslində, Paşinyan hakimiyyətinin Qərbə sığınmaq siyasətinin dəstəklənməsinin vacibliyi qabardılır. Və bu, onu göstərir ki, rəsmi İrəvan Rusiya ilə münasibətləri normal məcraya qaytarmaq barədə hələlik düşünmək niyyətində deyil.(Yeni Müsavat)

Chosen
156
50
olke.az

10Sources