“Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyəti əleyhinə səs vermiş şəxslər “arzuolunmaz şəxslər” siyahısına salınıb”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə avqustun 23-də Almaniya parlamentinin üzvü Frank Şvabenin AzadlıqRadiosuna müsahibəsinə cavab verərkən bildirib. F.Şvabe həmin müsahibədə demişdi ki, Azərbaycan Avropa Şurasında üzvlükdə maraqlı deyil. O, habelə bildirmişdi ki, Azərbaycan Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq deyil: “Əgər sən Avropa Şurası üzvü olmaq istəyirsənsə, demokratiyaya, qanunun aliliyinə və insan haqlarına hörmət etməlisən”. Eyni zamanda, o, Azərbaycan-Rusiya yaxınlığından bəhs edib. Vurğulayıb ki, “Siz Almaniyanın Bakıda noyabrda keçiriləcək COP29 iqlim konfransından əvvəl bəzi tədbirlər planladığını görəcəksiniz”. O habelə əlavə edir ki, “biz Sovet İttifaqına oxşar bir avtoritar rejimlə üz-üzəyik”. A.Hacızadə isə həmin müsahibədə səslənən bir sıra fikirlərə cavab verərkən vurğulayıb ki, AŞPA-da nümayəndə heyətlərinin mandatı bərpa olunmayanadək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək. “Siyasi sabitlik, iqtisadi inkişaf və tərəqqi göstəricilərinə görə lider ölkələrdən olan Azərbaycanın siyasi rəhbərliyinə qarşı səslənən fikirlər ilk növbədə ölkənin uğurlarına qarşı qərəz kimi dəyərləndirilir”, – o bildirib. A.Hacızadə Azərbaycan-Rusiya münasibətlərinə də toxunub: “Azərbaycanın Rusiya ilə münasibətlərindən narahatlıq ifadə edən Şvabenin Almaniyada və AŞPA-da Rusiya ilə əməkdaşlıqda olan, hətta bu gün Rusiyanın “Qazprom” şirkəti ilə yaxından əməkdaşlıq edən şəxslərdən danışması yerinə düşərdi”. Bu ilin əvvəlində Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) mandatı təsdiqlənməyib. Buna səbəb kimi Azərbaycanın qurum qarşısında insan hüquqları və digər bir çox məsələlərlə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi göstərilib. Azərbaycan da iradları qəbul etməyərək buna cavab olaraq qurumda fəaliyyətini dayandırdığını açıqlayıb. Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Həmin vaxt Azərbaycan insan hüquqları və bir sıra başqa məsələlərlə bağlı qurum qarşısında öhdəlik götürüb. Ölkə hələ də AŞPA-nın monitorinqi altındadır. AzadlıqRadiosu