EN

Bakıda 14 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib

Bakıda 14 nəfərə qarşı külli-miqdarda dələduzluq etməkdə təqsirləndirilən Kamil Habilli və Fərid Calalovun cinayət işi üzrə məhkəməsi keçirilib.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər dindirilib.

Zərərçəkmiş Elşən Rüstəmov bildirib ki, təqsirləndirilən şəxslərdən Fərid Calalovu tanıyır və onunla qonşu olub: "Özüm taksi fəaliyyəti ilə məşğulam. Onun avtomobil alış-satışı ilə məşğul olduğunu öyrəndim. Ona "Hundai Sonata" və "Kia Rio" maşınlarına görə 13 min manat pul verdim. Mənə dedi ki, 1 ay içində sənədələşəcək. "Hyundai Sonatan"ı gətirib adıma rəsmiləşdirdi, lakin digəri qaldı. Həmin avtomobili 8 min 900 manata satdım. Daha sonra mənə "Toyota Corolla" avtomobilini təklif etdi və buna görə də 8 500 manat verdim. Həmin avtomobili də 17 min 500 manata satdım. Daha sonra dedi ki, ucuz "Toyota Corolla" var ikisi 14 min. 14 mini Kamilə verdi. "Kia Rio" avtomobilini istəyəndə dedi ki, səbrli ol. Gecikmə var. Gətirəcəm, olmasa, pulunu qaytaracam. "Hyundai Tucson"a görə 9 min 500 verdim. Lakin onları gətirmədi".

Digər zərərçəkmiş Səbuhi Rüstəmovun sözlərinə görə, təqsirləndirilən şəxs Fərid ona bildirib ki, maşın alveri ilə məşğuldur və ucuz avtomobillər satışa gətirir: "Fəridlə qonşu olmuşam. Mənə ətrafımda ucuz maşın istəyən olsa, kömək edəcəyini bildirdi. "Toyota Corolla" avtomobilini hərrac yolu ilə 5 min manata çıxarıldığını dedi və həmin an o pulu verdim. Sonra mənə dedi ki, bir az gecikmələr var, narahat olma. Daha sonra "Prado" və "Hundai Ai 35" markalı avtomobilləri sifariş verdim. Ümumilkdə 3 maşına görə mənə 42 min 500 manat ziyan dəyib və bu pulu hər iki təqsirləndirilən şəxsdən tələb edirəm".

Qeyd edək ki, cinayət işi üzrə 14 nəfər zərərçəkmiş qismində tanınıb və onlara ümumilikdə 1 milyon manata yaxın ziyan dəyib. Kamil Habilli və Fərid Calalovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Orxan Rasifoğlu

Chosen
134
20
e-huquq.az

10Sources