EN

Riçard Almeyda “Qarabağ”da 250-yə çatdı

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Ağdam klubunun heyətində Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir.

35 yaşlı futbolçunun yubileyi Azərbaycan Premyer Liqasının 4-cü turuna təsadüf edib.

O, “Turan Tovuz”la ev görüşündə (0:1) meydana çıxıb. Riçard 250 matçda 51 qola imza atıb.

Braziliyalı yarımmüdafiəçi Azərbaycan çempionatları tarixinə eyni klubda 250 və daha çox oyun keçirən 5-ci futbolçu kimi düşüb. Bu göstəricidə mütləq rekord onun sabiq komanda yoldaşı Maksim Medvedevə məxsusdur – 376 matç. Qara Qarayevlə Aslan Kərimov da “Qarabağ”da, Rahid Əmirquliyev isə “Xəzər Lənkəran”da “250”ni geridə qoyub.

Xatırladaq ki, 2012/2013 mövsümündən fasilələrlə “Qarabağ”da çıxış edən Almeydanın debütü 2012-ci il avqustun 5-nə təsadüf edib. O, “İnter”lə (indiki “Şamaxı”) səfər matçında (1:1) şans qazanıb.

Riçard Almeyda daha öncə 2012-2019-cu illərdə “köhlən atlar”ın şərəfini qoruyub. O, 2018/19 mövsümündə qısa müddət Qazaxıstanın “Astana” klubunda çıxış etsə də, yenidən Ağdam klubuna qayıdıb. 2020-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubuna transfer olunan yarımmüdafiəçi elə həmin il Azərbaycana qayıdaraq “Zirə” ilə müqavilə bağlayıb. 2021-ci ilin avqustunda “Zirə”dən ayrılan Almeyda yenidən “Qarabağ”a keçib.

Almeyda “Qarabağ”la 10 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. Yarımmüdafiəçi bu müddətdə Ağdam klubunda bütövlükdə 354 oyuna çıxıb. O, bu görüşlərdə 62 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycan millisində də çıxış etmiş futbolçu, karyerası ərzində “Santo Andre” və “Jil Visente” kimi klublarda da çıxış edib. Riçard milli komandamızda 31 oyun keçirib, 3 qol vurub. O, 2023-cü ilin yayında Azərbaycan yığmasındakı karyerasını başa vurduğunu açıqlayıb.

Chosen
79
20
arena.az

10Sources