EN

""Uşaq pulu"na vəsait yoxdursa, niyə beləsi eyni vaxtda dövlətdən də maaş alsın, vəkil kimi müştərisindən də?!"

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası üzrə qurumdur) İdarə Heyətinin sədr müavini Ramin Rzayev həm də vəkildir. Özü də vəkil kimi iş yerinə aid olmayan məhkəmə proseslərinə çıxır. Təəssüf ki, qanunla buna qadağa yoxdur. Əmək müqaviləsində belə imkanın olub-olmamasını bilmirəm. Amma hər bir halda iş vaxtında kənar məhkəmə prosesinə yalnız rəhbərin icazəsi ilə çıxa bilər və həmin saatlara görə maaşından müvafiq məbləğ çıxılmalıdır. Buna görə də rəhbərinə və tabe olduğu nazirə sorğu göndərib maraqlanmışam ki, görək maaşından çıxıblar, ya yox”. 

Hurriyyet.az xəbər verir ki, bu sözləri hüquqşünas Əkrəm Həsənov deyib. 

""Uşaq pulu”na vəsait yoxdursa, niyə beləsi eyni vaxtda dövlətdən də maaş alsın, vəkil kimi müştərisindən də?! Vətəndaş kimi, vergi ödəyicisi kimi müraciət etmişəm, çünki onun maaşı həmçinin mənim hesabıma da ödənilir. Vəkillik etdiyini haradan bilmişəm? Süni mayalanma üzrə həkim Öndər Tulumbacının vəkili olmasından. Bir neçə dəfə onun barəsində yazmışam. Ali Məhkəmənin saytındakı qərarı yaymışdım və orada yazılıb ki, kişi (ər) bu həkimin onu aldatdığını iddia edir: onun əvəzinə (və razılığı olmadan) arvadını başqasından hamilə edib doğuzdurub. Tulumbacı da məni ona böhtan atmaqda ittiham edərək məhkəməyə müraciət edib. Xətai rayon məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi bu cəfəng ittihamı rədd etdi. Axı Ali Məhkəmənin qərarını yayaraq mən ona necə böhtan ata bilərəm? Qərarı mən yazmamışam ki. Nə isə, özü bilər, məhkəməyə üz tutmaq haqqıdır. Hər hansı vəkil də təbii istənilən cəfəng məsələ üzrə belə şəxsi müdafiə edə bilər. Ramin Rzayev kimi. Düzdür, məhkəmə iclasında ittihamdan xeyli kənara çıxırdı və şəxsən mənə qarşı atmacalar atırdı. Amma bununla da işim yoxdur. Məni eyni zamanda dövlətdən də, müştəridən də pul alıb-almaması məsələsi maraqlandırır. Və bu məsələnin axırına çıxacağam. Görək tabe olduğu nazirlik nə cavab verəcək”, - o bildirib. 

Ə.Həsənov deyib ki, ümumən publik hüquqi şəxslərin və dövlətə məxsus şirkətlərin hüquqşünaslarının paralel olaraq vəkil kimi fəaliyyət göstərməsi halları artıb: 

“Özəl şirkətlərin hüquqşünasları paralel olaraq vəkillik də edirsə, bununla işimiz yoxdur, işlədikləri şirkətin öz işidir. Amma dövlətə tam iş günü - 8 saat işləyən hüquqşünasın paralel olaraq da vəkillik etməsi yolverilməzdir. Çünki onlara bizim hesabımıza əməkhaqqı ödənilir. İşləri yoxdur? Bekarçılıqdır? Faktiki olaraq burada korrupsiyanın olması da istisna deyil. Çünki dövlətin ödədiyi maaş müqabilində aşkar şəkildə şəxs iş vaxtı ərzində işdə olmur. Konkret olaraq Ramin Rzayevin işlədiyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən məsul qurumdur. Həmin qurumda ikinci vəzifəli şəxs olan Ramin Rzayevin işi-gücü yoxdur orada? Əlillərin bütün problemləri həll olunub ki, iş vaxtında vəkillik edir? Təəssüf ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 8-ci maddəsinə əsasən yalnız dövlət qulluqçuları vəkillik fəaliyyəti ilə məşğul ola bilməz. Publik hüquqi şəxslərin və dövlət şirkətlərinin işçilərinə dair isə belə qadağa yoxdur. Yalnız publik hüquqi şəxs olan Mərkəzi Bank haqqında Qanunun 59.2-ci maddəsinə əsasən, onun əməkdaşları elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul ola bilməzlər. Və bu da düzgündür: dövlət mararlaqını təmsil edən şəxslər özəl məhkəmə mübahisələrinə müdaxilə etməməlidirlər. Burada aşkar maraqlar ziddiyyəti var. Həmçinin də artıq vurğuladığım kimi, dövlət işində maaş alan şəxs iş vaxtı ərzində digər fəaliyyətlə məşğul olursa, deməli, işini görmür. Hesablama Palatası bu məsələni nəzarətə götürməlidir: burada aşkar dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi halları var”. 

Pravda.az 

Chosen
106
50
hurriyyet.az

10Sources