“Zirə” Azərbaycan Premyer Liqasının V turunda doğma meydanda “Qarabağ”a 1:3 hesabı ilə məğlub olub.
Msport.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Oyun bizim üçün yaxşı başlamışdı. Meydanda gərgin mübarizə gedirdi. Müəyyən ərazi üstünlüyü var idi. “Qarabağ” fərqlənəndən sonra oyunumuzun balansı pozuldu. Təhlükəli dəqiqələr idi. Üçüncü qol böyük hesablı məğlubiyyətə gətirib çıxara bilərdi. Amma futbolçularımız xarakter göstərdilər, bir qol vurdular. Çox çalışdılar, əllərindən gələni etdilər. “Qarabağ” bu gün bizdən daha yaxşı idi. Yorğun idik, itkilərimiz çoxdur. Bu oyunda da zədəlilərimiz oldu. Bu qədər problemin içində futbolçular sona qədər mübarizə apardılar. Keçirdiyimiz 12 oyunu dəyərləndirsək, futbolçuların çıxışından çox razı qalmışam. 4 oyuna altı xal yğmışıq. 2-3 gün yaxşı dincəlib, daha sonra fikrimizi çempionata verəcəyik.
– Bu gün hiss etdiniz ki, çempionluq mübarizəsində yer ala bilərsiniz?
– Gücləri doğru qiymətləndirmək lazımdır. “Qarabağ” hamımızdan daha yaxşıdır. İllərdir ki, çəkdikləri əziyyətin bəhrəsini görürlər. Çalışıb mübarizə aparmaq olar. Bu gün nə çatmadı? “Dinamo”nun (Zaqreb) şansı. Onlar qədər şanslı olsaydıq…”Qarabağ” qol epizodu olmayan hücumu məntiqi sonluqla bitirdi. Belə matçlarda qələbə qazanmaq üçün əlinə düşən epizodları qola çevirməlisən. İlk iki qolda dərhal bizi cəzalandırdılar. Belə olan halda, mübarizə aparmaq çətinləşir. Futbolçuların əzmkarlığı çox xoşuma gəldi. İsmayil İbrahimli zədədən sonra bu gün ilk dəfə kollektivə qoşuldu. Məcburiyyətdən meydana daxil oldu.
– İndiyə qədər “Zirə”dən 5 futbolçu milliyə dəvət almayıb. Fernandu Santuş dedi ki, İsmayıl İbrahimli və Hacıağa Hacılı zədəli olmasaydı, onlar da dəvət ediləcəkdi. Bu qədər futbolçunun milliyə dəvət edilməsində Avropadakı çıxışınızın təsiri var?
– Milliyə yeni baş məşqçi gəlib. Avrokubok matçları onun seleksiya etməsi üçün yaxşı şans idi. Millinin məşqçilərinin diqqətini cəlb etdilər. Mənim üçün sevindirici haldır ki, bizim komandamızdan 5 futbolçu milliyə dəvət ala bilərdi. Yerli futbolçu ilə bağlı ciddi sıxıntılar yaşayırıq. Qıtlıq var. Vaxtımız da azdır. Bilmirəm həll edə biləcəyik, ya yox. Yerlilərlə bağlı seleksiyanı gücləndirməliyik.
– Əlinizdə alternativ variant olsaydı, Rüstəm Əhmədzadəni yenə də oynadardınız əsas heyətdə?
– Bəli. Yaxşı reydlər etdi. Rüstəmi keçən oyunda 30 dəqiqə oynatmışdıq. Bilirdik ki, “Qarabağ”la matçda yerli oyunçu sarıdan qıtlığımız olacaq. Planımız o idi ki, “Şamaxı” və “Qarabağ” görüşlərində meydanda 90 dəqiqə oynasın.
– Transfer gözlənilir? Elçin Əlicanov Ruan Renatonun səviyyəsinə çata bilər?
– Futbolçuları bir-biri ilə müqayisə etmək düzgün deyil. Elçin yaxşı mənada məni təəccübləndirir. Böyük potensialı var. Bugünkü Elçin “Kəpəz”dəki Elçindən daha yaxşıdır. Çalışqandır, istəklidir. Zərurətdən onu başqa mövqelərdə istifadə edirik. Transferlə bağlı danışıqlar gedir. Ayın 9-na qədər vaxtımız var.
– AFFA-nın yeni rəhbərliyinin gəlişindən sonra hakimliyi nəzərdə tutaraq, deyirdiniz ki, hər şey daha yaxşı olacaq. Sizcə, belədir?
– Səmimi qeyd edirəm, hakimlərimiz çox bacarıqlıdır. Əvvəl də demişəm. Şikayətimiz, narazılığımız bir neçə hakimlə bağlı idi. Rəhbərliyə gəldikdə, bəli, hiss olunur. Beş turdur ki, onu hiss edirəm. Ümid edirəm ki, uğurlu trayektoriya ilə inkişaf edərlər və Avropa səviyyəsində hakimlərimiz olar. Hakimlər daha soyuqqanlı olub. Keçən il ciddi gərginlik hiss olunurdu. Ümid edirik ki, belə davam edəcək.
– Azərbaycan çempionatı yeni başlayıb. Sizcə, hansı komandalar sürpriz edə bilər?
– Beş tur keçib, müəyyən şəkil formalaşır. Keçən il ilk “beşlik”də olanlar bu il də iddialı olacaqlar. Amma “Araz-Naxçıvan”la “Turan Tovuz”un məşçqi və oyunçu seleksiyasından bilinirdi ki, bu sezon daha iddialı olacaqlar. Digər tərəfdən Ayxan Abbasovun “Şamaxı”da qısa müddətdə gördüyü iş sadəcə fantastikadır. Bir ay içində birinci liqadan gələn komandanı güclü formalaşdırmaq üçün böyük bacarıq lazımdır. Onun yerində, əcnəbi olaydı, məsələ daha çox danışılacaqdı. Digər tərəfdən, “Səbail” “Neftçi”yə qarşı yaxşı oynadı.
– Fernandu Santuş mətbuat konfransında bildirdi ki, futbolçuların fiziki hazırlığı klublardakı çıxışlarından asılı olacaq. Sizcə, o, bunu deməklə, millidə baş verəcək uğursuzluğa bəhanə gətirib, yoxsa necə?
– Bəhanə deməzdim, reallıqdır. Əgər əvvəlki illərlə müqayisə etsək, milli 10-15 gün toplanış keçirdi. Elə olan halda, qlobal fiziki dəyişiklik edə bilməsən də, dəyişikliklər olur. Millinin baş məşqçisinin üç gün vaxtı varsa, təbii ki, oradakı fiziki durum bizlərlə bağlı olacaq. Ola bilər ki, futbolçuların fiziki forması yaxşı olsun, oyunda ilk dəqiqələrdə qol buraxsınlar, ruhdan düşsünlər. Ola bilər ki, indiki dövrdə “Qarabağ” və “Zirə”nin oyunçuları çoxsaylı oyunlar keçiriblər, kimsə yorulub. Millinin baş məşqçisi fiziki duruma təsir edə bilməz. Azərbaycan Premyer Liqasında çıxış edən futbolçularla top liqalardakı oyunçunun fiziki durumu eyni ola bilməz. Futbolumuz top ölkələrlə, ortabab millilərlə başabaş mübarizə aparacaq səviyyədə deyil. Təki futbolçularımız fiziki və psixoloji cəhətdən özlərini yaxşı tərəfdən göstərsinlər, millinin çıxışları uğurlu olsun. Fernandu Santuşa inanıram. Millimiz onun dönəmində uğurlu çıxış edəcək və futbolumuza faydası olacaq.