EN

Azərbaycanda erkən parlament seçkisi: Seçici niyə səsverməyə gəlmədi?

Məqalə barədə məlumatMüəllif, Aygül MehmanVəzifə, BBC News Azərbaycanca

Sentyabrın 1-də keçirilən parlament seçkilərindən sonra açıqlanan yeni Milli Məclis tərkibində köhnələrlə yanaşı, yeni deputat adları da var.

İlkin nəticələrə görə, yeni parlamentin 120 üzvünün adı bəllidir və onlardan 68 nəfəri hakim Yeni Azərbaycan Partiyasının təmsilçisidir. Beş dairənin nəticələri hələ ki sayılmaqdadır. Dairələrin nəticələrini təqdim etmək üçün isə iki gün vaxtı var.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, bazar günü keçirilən növbədənkənar parlament seçkisində 125 deputat yeri uğrunda 1000-ə yaxın namizəd mübarizə aparıb.

ATƏT-in Seçkiləri Müşahidə Missiyasının sentyabrın 1-də keçirilən erkən parlament seçkiləri ilə bağlı hesabatında deyilir ki, builki erkən seçkidə Milli Məclisə namizədlərin təxminən 30 faizini qadınlar təşkil edib. Bu isə bundan əvvəlki seçkilərdəki 21 faizdən xeyli böyük artım deməkdir.

Bununla yanaşı ATƏT missiyası seçkilərin fundamental azadlıqların və medianın məhdudlaşdırıldığı şəraitdə keçdiyini açıqlayıb.

Yeni parlamentdə kimlər var?

Yeni parlamentdə əvvəllər azı dörd çağırış deputat olmuş Asim Mollazadə, Aydın Hüseynov, Səməd Seyidov və başqaları ilə yanaşı, Milli Məclisdə ilk dəfə təmsil olunacaq gənc deputatlar Günay Ağamalı, Günay Əfəndiyeva və digərləri də var.

Müstəqil Azərbaycanın Milli Məclisinin son 6 çağırışının 5-də deputat olmuş Fəzail Ağamalı budəfəki parlamentin deputat kürsüsündə oturmayacaq. Lakin ölkənin 7-ci çağırış Milli Məclisində Ağamalı ailəsini onun qızı Günay Ağamalı təmsil edəcək, MSK Günay Ağamalının deputat seçildiyini açıqlayıb.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, indiyədək parlamentdə azı 4 çağırışı təmsil etmiş Sabir Rüstəmxanlı da deputat statusu ilə vidalaşanlar siyahısındadır. MSK-nın ilkin nəticələrinə görə isə, budəfəki parlamentdə Rüstəmxanlılar ailəsini onun xanımı Tənzilə Rüstəmxanlı təmsil edəcək. Belə ki, o, builki seçkidə daha əvvəl əri Sabir Rüstəmxanlının dairəsindən - 70 saylı Neftçala seçki dairəsindən (əvvəllər 61 saylı olub) namizədliyini irəli sürmüşdü.

Siyasi şərhçi Alya Yaqublu hesab edir ki, yeni parlamentin xüsusi özəlliyi “hakimiyyətin valideyndən övlada, ərdən arvada mandat ötürülməsi təcrübəsini yaratması oldu”.

“Mən bunu çox mənfi bir hal kimi xüsusi qeyd etmək istəyirəm. Ən azından hakimiyyət bu günə kimi bu qədərinə də getməmişdi, amma bunu da etdilər. Tutaq ki, bir partiya sədrinin - Fəzail Ağamalının qızının mütləq gedib seçicilərin səsini qazanması və yaxud da Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlının digər rayonlar kimi böyük problemlər içində olan Neftçalada ərindən sonra gedib yüksək səs qazanması reallığına inanmaq çətindir. Yeni parlamentin əsas fərqi bundan ibarətdir ki, biz artıq mandatın da varisliklə ötürüldüyünü gördük”, - Alya Yaqublu BBC-yə bildirir. Mərkəzi Seçki Komissiyası ilə bu fikirlərə reaksiya üçün əlaqə saxlamaq cəhdlərimiz uğursuz olub.

BBC müxbiri Neftçaladan xəbər verir ki, bəzi dairələrdə müstəqil namizəd Vəfa Nağı qalib gəlsə də, ümumi nəticələr Rüstəmxanlının xeyrinə olub.

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının rəhbəri Ditmir Buşati deyib ki, seçkilərdə "əsl siyasi plüralizm yox idi", seçkilərdə iştirak etmək istəyən xeyli sayda namizəd isə "ciddi maneələrlə" üzləşib.

Azərbaycanda

Şəklin mənbəyi, Getty Images, Aziz Karimov

Chosen
151
1
bbc.com

2Sources