EN

Nazirlik qanunsuz ambulanslarla bağlı hərəkətə keçdi - Polisə müraciət edildi (FOTOLAR)

Bir neçə gün əvvəl Bakıda fərdi şəkildə təcili yardım xidməti ilə məşğul olan şəxslərin peyda olduğu barədə məlumat vermişdik.

Bu məsələ ilə bağlı "Unikal"a yeni fakt daxil olub.

Belə ki, 99-BP-103 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı avtomobilin sahibi nəqliyyat vasitəsinin üzərinə xüsusi səs siqnalı yerləşdirərək və "ambulans" yazısı qeyd edərək fərdi "tibbi xidmət"lə məşğul olur.

Bu avtomobil hər hansı dövlət xəstəxanasına, yaxud özəl klinikaya bağlı deyil, çünki onun üzərində hər hansı özəl klinikaya məxsus olmasına dair nişan yoxdur.

Araşdırmamız nəticəsində məlum oldu ki, həmin avtomobilin sahibi bu xidməti elan saytlarından birində təklif edir. 

O, xəstələrə "tibbi xidmət" göstərdiyini, onları klinikalara çatdırdığını bildirir və bunun üçün 59 azn ödəniş tələb edir.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, ambulansla pasiyentlərə tibbi xidmət göstərilməsi səyyar xidmətin tərkib hissəsidir və “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”na əsasən, lisenziya tələb edilən xidmət növüdür:

"Qeyd olunan faktlara dair bildiririk ki, AEM-nin Özəl tibb müəssisələrinə dair məlumat bazasında sizin şəklini göndərdiyiniz nəqliyyat vasitələri və müəssisələr barədə məlumat yoxdur. 

Qeyd edək ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, ölkəmizin әrazisindә bütün mexaniki nәqliyyat vasitәlәri vә onların qoşquları Daxili İşlər Nazirliyi tərəfindən qeydiyyata alınır və onlara nəzarət DİN-in səlahiyyətləri daxilindədir. 

Səhiyyə Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin fəaliyyətinə nəzarətin aparılması yalnız konkret şəxslərin tibbi xidmət göstərilməsinə dair hüquq mühafizə orqanları tərəfindən aşkar edilmiş və Səhiyyə Nazirliyinə təqdim edilmiş faktlar əsasında mümkün ola bilər. 

Yuxarıda qeyd olunanlara əsasən, DİN-ə müraciət edilib. Zəruri məlumatlar alındıqdan sonra qanunvericiliyə uyğun müvafiq addımlar atılacaq", - deyə məlumatda qeyd olunub.

Murad İbrahimli

Chosen
231
50
unikal.az

10Sources