Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsəd arasında 11 ildən sonra baş tutacaq ilk görüşə hazırlıq davam edir.
Bu barədə jurnalistlərə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəsmi nümayəndəsi Ömər Çelik bildirib.
“Əvvəlcə iki ölkənin xüsusi xidmət orqanları danışıqlar üçün dosye hazırlayacaq, daha sonra Müdafiə və Xarici İşlər nazirliklərinin rəhbərləri səviyyəsində görüş keçiriləcək, bundan sonra prezidentlərin görüşü baş tuta bilər. Prezidentlərin görüşünün vaxtı ilə bağlı qərar hələ verilməyib”, - Çelik deyib.
“Hurriyet” qəzeti daha əvvəl Ərdoğanla Əsəd arasında görüşün avqustda keçirilməsinin planlaşdırıldığını, danışıqlar yeri kimi isə Bağdad və Türkiyə-Suriya sərhədindəki “Kesab” keçid məntəqəsinin nəzərdən keçirildiyini yazmışdı.
İyunun 28-də Ərdoğan rəsmi Dəməşqlə 2012-ci ildən kəsilmiş diplomatik münasibətləri bərpa etməyə hazır olduğunu bəyan edib.
"Cebheinfo.az"