EN

Avropa ölkələri və Amerika beynəlxalq hüququ lazımsız alətə çevriblər



Rusiya Federasiyasının prezidenti Vladimir Putin Monqolustana rəsmi səfər edib. Bu Putinin Beynəlxalq Cinayət Məhkəməsinin qərarından sonra bu qurumun üzvü olan ölkəyə ilk səfəridir. Xatırladım ki, 17 mart 2023-cü ildə Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya prezidenti Vladimir Putinin həbsinə qərar verib. Ona qarşı Rusiya - Ukrayna müharibəsində müharibə cinayətləri törətməkdə ittiham irəli sürülüb. O, BCM-yə üzv olan ölkələrin hər hansısa birinə səfər edərsə həbs olunmalı idi. Monqolustan isə bunun əksinə Putini yüksək səviyyədə qarşıladı, danışıqlar apardı və yola saldı. Belə olan halda bir çox Avropa ölkələri və Amerika Monqolustanı beynəlxalq hüquq qarşısındakı öhdəliklərini yerinə yetirməməkdə ittiham etməyə başladılar və BCM-nin qərarını icra etməyə çağırdılar.

Sözsüz ki, Putin BCM-nin qərarından və Monqolustanın quruma üzvlüyündən xəbərdar idi. Buna baxmayaraq yenə də bu ölkəyə rəsmi səfər etdi. Çünki, o, bilirdi ki, Monqolustan heç vaxt qeyd olunan qərarı icra etməyəcək. Ona görə ki, Rusiya ilə həmsərhəd olan Monqolustan bir çox sahədə ondan asılıdır. Bütün bunları düşünən Putin Monqolustana səfər etməklə Avropa ölkələrinə və Amerikaya ultimatum göndərdi və sərt şillə vurdu.

Putinin Ukraynada hərbi cinayətlər törətdiyinə görə həbs qərarı çıxardan BCM, Beynəlxalq Təşkilatlar və Məhkəmələr Ermənistanın Azərbaycana qarşı törətdiyi insanlığa sığmayan cinayətləri nə üçün gözardı edirdilər? Nəyə görə hərbi cinayətlərinin sayı-hesabı olmayan Köçəryan, Sarkisyan, Paşinyan və digərləri haqqında həbs qərarı çıxarılmır? Bütün bunların əslində bir cavabı var: Beynəlxalq hüquq işləmir və hegemon dövlətlərin - Avropa ölkələrinin və Amerikanın əlində alətə çevrilib. Onlar öz istədikləri kimi onu istiqamətləndirirlər. Azərbaycan-Ermənistan münaqişəsinə və keçmiş Qarabağ məsələsinə qarşı münasibətdə biz bunun şahidi olmuşuq.

Beynəlxalq hüquq yoxdur! Hər bir xalq, dövlət öz gücü hesabına ədaləti bərpa etməli, müqəddəratını təyin edib parlaq gələcəyini qurmalıdır.



Anar Salehoğlu,
İctimai-siyasi fəal
Chosen
25
1
newscenter.az

10Sources