EN

KREMLİN QORXDUĞU İKİ TƏHLÜKƏ… – Moskvalılar tezliklə müharibənin “dadını” hiss edəcəklər

Ukraynanın Kursk vilayətindəki, Rusiya ordusunun isə Pokrovsk şəhəri istiqamətindəki hücumu demək olar ki, dayanıb.

Rusiyanın Pokrovskdan vaz keçməsi inandırıcı görünmür, çünki ruslar Pokrovsk şəhərini zəbt edərsə, nöbəti hərbi-taktiki və psixoloji üstünlüyü qazanacaqlar. Ukraynanın Rusiya ərazisinə girməsinə qarşı Kreml rəhbərliyi soyuqqanlılıq nümayiş etdirməyə çalışır. Düzdür, Kurskdan sonra Vladimir Putinin reytinqi xeyli aşağı düşüb, lakin indiki şərtlər daxilndə bu, heç nəyi dəyişmir. Hələ ki, Rusiya cəmiyyəti müharibənin törətdiyi acılarla tam qarşılaşmayıb.

Bəs rus xalqı müharibənin real problemləri ilə nə zaman və hansı hallarda birbaşa üzləşə bilər? Belə olan təqdirdə onlar bunun günahını hakimiyyətdə və şəxsən Vladimir Putinin yürütdüyü siyasətdə axtaracaqlarmı?

Hazırda Rusiya hərbi komandanlığının qarşısında duran ən vacib tapşırıq Kursk istiqamətindəki cəbhənin sabitləşdirilməsi, döyüşlərin mövqe xarakterinə gətirilməsidir. Artıq ruslar Ukrayna ordusunun hansı imkanlara sahib olduğunu, neçə briqada ilə hücum əməliyyatı həyata keçirdiyini bilməmiş deyillər. Rusiya kəşfiyyatı Ukrayna birləşmələrinin sayı ilə bağlı böyük səhvə yəqin ki, yol verməz. Qəribə reallıq isə ondan ibarətdir ki, “möhtəşəm” Rusiya ordusu Kurskda – öz ərazisində müdafiə istehkamları qurmağa başlayıb…

Əgər Rusiya müharibənin xarakteri ilə bağlı strateji planından geri çəkilərsə və ya bu istiqamətdə ciddi dəyişikliyə yol verərsə, o zaman indiki şərtlər daxilində uğursuzluğa düçar olacaq. Niyə?

Rusiyanın strategiyasının ana xəttində müharibənin uzadılması və Ukraynanın üzücü müharibəyə sürüklənməsi dayanıb. Bu strategiyanın özü də bir neçə varianta bölünür və mövcud vəziyyətə uyğun taktiki dəyişikliklər edilir. Xüsusilə qeyd etmək gərəkdir ki, Rusiya hakimiyyəti üçün indiki halda müharibənin uzanması və çoxsaylı itkilərin verilməsi qorxulu deyil, çünki bu cür vəziyyətə cəmiyyət psixloji cəhətdən tam uyğunlaşıb, hər şey adiləşib. Kremlə də məhz bu atmosferin davam etməsi sərf edir.

Ölkə əhalisinin ictimai-siyasi və iqtisadi vəziyyətlə bağlı vahid bir düşüncə üzərində köklənməsi həmişə baş verən hadisə deyil. Cəmiyyətdə hamının eyni anda eyni şey barədə fikirləşməsi və danışması fövqəladə hallarda yaşanır. Rusiya ordusu Ukraynaya hücum edəndə Rusiya cəmiyyəti rəsmi təbliğatın təsiri altında kütləvi psixoz halında sevincə qərq olmuşdu, özlərini qalib və qüdrətli ölkənin yenilməz vətəndaşları sanırdılar. Lakin bu eyforiya tədricən aradan qalxdı və müəyyən zaman içərisndə öz yerini məyusluğa və hətta biganəliyə verdi. Hələ ki, Rusiya cəmiyyətini kütləvi və total şəkildə silkələyən elə bir hadisə baş vermir. Kursk vilayətinin bir hissəsinin işğalı və 200 minlik qaçqın ordusu yalnız Kursk əhalisini maraqlandıran məsələdir. Rusiyanın digər regionlarının əhalisi düşünür ki, döyüş bölgəsindən və təhlükədən uzaqdırlar. O ki qaldı canlı qüvvə itkisinə, belə düşünülür ki, əvvəla, bu hərənin öz işidir və muzdlular müharibədə özləri üçün pul qazanmağa gediblər, sonra da “istehsalat qəzasında” ölüblər. Ümumən, əhali bu itkiləri özünə dərd bilmir, hələ əksinə, bir çox yoxsul ailələrdə buna yaxşı biznes kimi də baxırlar. Rəsmi təbliğat isə onları qəhrəman kimi təqdim edir. Yəni, hələlik cəmiyyətin sosial nərdivanının aşağı pilləsində qərarlaşmış insanların bir çoxu ömründə görmədikləri pul müqabilində muzdlu döyüşçü olmağa məmnuniyyətlə razılaşır.

Hərbi analitiklərin hesablamalarına görə, Rusiyanın canlı itkiləri 600 min nəfəri ötsə də, onların yeri doldurulur. Yəni, özünəməxsus “karusel” işləyir. Lakin gözlənilənin əksinə olaraq, bu mexanizm daim işləməyə də bilər. Belə ki, müharibəyə böyük pullar ayrılmasa, muzdluların cəlb olunması müşkülləşər. Hər halda, Rusiyanın potensial imkanları, iqtisadi məşğulluq və bir çox digər sosial-humanitar parametrlər üzərindən müəyyən alqoritm qurub, real mənzərənin təsvirini əldə etmək mümkündür. Məsələn, demoqrafların gənaətinə görə, Rusiyanın maksimum səfərbərlik gücü 18 milyon nəfəri ötmür.

Rusiyada depressiv-yoxsul rayonlardan muzdlu döyüşçülər daha çox cəlb olunur. Bu, həmçinin rəsmi orqanlar tərəfindən bilərəkdən edilir. Döyüşçü yığımı ilk növbədə mərkəzdən uzaqda daha intensiv həyata keçirilir. Ancaq bu prosesin özünün də mütləq bir həddi və qırılma nöqtəsi var.

Rusiya Prezidenti Vladimir Putinin siyasi texnoloqları və sosial psixoloqları bunları yaxşı bilirlər və hər şeyin irəlidə də belə bir məcrada getməsi üçün lazımi tədbirlər görəcəklər. Artıq Rusiya cəmiyyəti yavaş-yavaş və kontrollu surətdə müharibənin içinə soxulur, onu duyub hiss edir. Unutmayaq ki, ”Overton pəncərəsi “ istənilən cəmiyyətdə işə yarayır, sadəcə, onu düzgün tətbiq etmək lazımdır. Ona görə də indiki şərtlər altında Rusiya cəmiyyətinin kütləvi etirazına və elitanın hansısa ekstremal tədbir görməsinə ümid bəsələyənlər yəqin ki, yanılırlar. Rusiyanın müharibədə məğlubiyyətə uğraması tamamilə başqa parametrlərə bağlıdır…

Ruslar ümumi strateji planda bir nüansa xüsusi diqqət edirlər və çalışırlar ki, Ukrayna Silahlı Qüvvələri strateji təşəbbüsü ələ almasın. Kreml rəhbərliyini qorxudan və onlar üçün gələcək perspektivdə böyük başağrısı olan və hətta məğlubiyyətə aparacaq iki problem var.

Birincisi, cəbhə xəttinə yaxın olan 300 kilometrlik radius boyu Rusiyanın hərbi və strateji infrastrukturunun Ukrayna tərəfindən “ATACMS” və “Storm Shadow” kimi raketlərlə vurulmasına Qərbin icazə verməsidir. Bununla yanaşı, Ukraynanın lazım olan miqdarda yeni model“ F-16” təyyarələri ilə təchiz edilməsi Rusiya üçün ciddi təhlükədir.

İkincisi isə Ukrayna dronlarıdır. Bəlkə də hamı elə düşünür ki, müharibənin müqəddəratının Ukrayna lehinə dönməsi onlara yalnız “F-16”-lar, uzaqmənzlilli ballistik raketlər və digər müasir silahların verilməsindən asılıdır. Əlbəttə, bunlar vacibdir. Ancaq nə qədər qəribə görünsə də, müharibənin həlledici silahı dronlar ola bilər və bu, tam realdır. Əslində, Rusiya hakimiyyətini ən çox narahat edən məsələ də məhz dron zərbələridir. Hələ ki, Ukraynanın Rusiya infrastrukturuna endirdiyi zərbələr kritik səviyyədə deyil, amma bunun baş verməsi gözləniləndir. Çünki artıq zərbələr Moskva şəhərini də əhatə etməyə başlayıb. Halbuki, Rusiyada ən güclü Hava Hücumundan Müdafiə sistemi paytaxt ətrafında qurulub. Buna baxmayaraq, Ukraynanın uzaq məsafədən buraxdığı dron Moskva şəhərindəki Kapotnya rayonunda yerləşən Neft Emalı Zavoduna çırpılıb və nəticədə güclü yanğın baş verib. Əgər bu cür halların sayı artarsa və Moskva şəhərinin ən mühüm infrastruktur obyektləri dağıdılarsa, Rusiyanın paytaxtı işıqsız, yanacaqsız və istiliksiz qalacaq. Nəticədə ölkənin mərkəzi iflic vəziyyətə düşə bilər və bu effekt Kursk çöllərindəki hansısa qəsəbənin alınması ilə müqayisəyə gəlməz. Ona görə də Kremldəkilər bunu özləri üçün ən böyük təhlükə sayırlar. Bu o deməkdir ki, yəqin bu gedişlə tezliklə Moskva sakinləri də müharibənin “gözəlliklərini” öz üzərlərində əyani hiss edəcəklər.

Bəs görəsən, paytaxt əhalisi buna uyğunlaşaraq yaşamağa razı olacaqmı?“AzPolitika.info”

Chosen
145
50
moderator.az

10Sources