EN

“Su ehtiyatına görə dünya öncüllərindən olan bu ölkədə boş yerə bir damcı da su axdığını görmədim...”

“Yerli əhali daim gülərüzlü görünür, heç vaxt kənardan baxanlara əsəbi, qəmli-kədərli, bədbin, pessimist təsir bağışlamırlar. İnsanlar bir-birini ən cüzi formada belə, incitməməyə çalışırlar...”
 
“Kanada içməli su ehtiyatına görə dünyanın öncül ölkəsidir. Bir ay müddətində mən onun ən böyük şəhəri olan Torontoda harasa boş yerə bir damcı da olsun su axdığını görmədim... Bir də kanadalıların şəhərkənarı sahələrdə gəzintilərə, pikniklərə çıxarkən təbiətlə necə davranmaları diqqətimi cəlb etdi. Şəhərin müvafiq qurumları, bələdiyyə və s. isə gəzintiyə çıxmış insanlara çatışmayan ləvazimatları çatdırmaqda dəstək olurlar. Və təbii ki, insanlar gəzdikləri meşələri, çəmənləri qətiyyən zibilləmirlər”.
 
Bunu bu yaxınlarda Kanadanın Toronto şəhərində bir aylıq səfərdə olmuş  tanınmış alim,  AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev  Moderator.az-a açıqlamasında qonağı olduğu ölkə haqda təəssüratlarından bəhs edərkən söyləyib.
 
“Ölkədə heyvanat aləmi də çox zəngindir. Elə Toronto şəhərinin öz içərisində bu, hiss olunurdu. Təsəvvür edin ki, şəhərin ortasındakı küçələrdə, parklarda ağacların üzərində dələlər oynaşır. Hətta mən səhər tezdən oyananda meşədə tülkülərə, marallara və s. heyvanlara rast gəlirdim. Kanadada heyvanlara toxunmaq, onları yemləmək qadağandır. Onlar öz problemlərini özləri həll etməlidirlər”- deyə davamında  həmsöhbətimiz bilidirib. 
 
“Kanadalıların qonaqlara münasibəti necə hiss etdiniz?” sualını isə alim belə cavablandırıb:
 
“Kanadalıların qonaqlara münasibətləri çox yaxşıdır. Bəhs etdiyimiz aborigen, yerli əhali daim gülərüzlü
görünür, heç vaxt kənardan baxanlara əsəbi, qəmli-kədərli, bədbin, pessimist təsir bağışlamırlar. İnsanlar bir-birini ən cüzi formada belə, incitməməyə çalışırlar. Hətta tanışlardan biri mənə danışdı ki, çalışdığım müəssisədə rəhbəri olduğum əməkdaşlardan birinə bir az kəskin formada onun öz işində ciddi nöqsanlara yol verməsi haqda yazmışdım. Bundan xəbər tutan müdiriyyət məni çağırıb nəzakətlə dedi ki, əməkdaşlarla, insanlarla belə kəskin danışmaq olmaz- nəticədə mən həmin əməkdaşdan üzr istəməli oldum. Ümumiyyətlə, Kanadada belə yanaşmalar insanın şəxsiyyətinə toxunmaq kimi dəyərləndirilir. Hətta orada yaxından tanış olmayan şəxslərin bilə-bilə bir-birlərinə toxunması da kobudluq sayılır. Bir dəfə mağazalardan birinin nəzarətçisi mənə yaxşılıq etmişdi, ona təşəkkür etmək üçün əlini sıxmaq istədim, yanımdakı soydaşlarım dedi ki, ehtiyac deyil. Bəzən belə hərəkətə görə adam kəskin cavab verirlər. Yeri gəlmişkən, onu da əlavə edim ki, Torontoda heç bir yerdə növbələrə, basabasa-filana, tıxaclara rast gəlmədim...” 
 
Sultan Laçın
Chosen
261
50
moderator.az

10Sources