EN

Moskva-Petereburq xəttində yüksək sürətli qatar qəzası – SƏHLƏNKARLIQ, YOXSA SİYASƏT - FOTO

Sovet İttifaqında yüksək sürətli qatar hazırlamaqla bağlı Leninin vaxtından başlayaraq çox sayda cəhdlər edilib. Lakin bu layihələrin bir çoxu həyata keçməyib. Bunun səbəbləri çoxdur və ayrı bir xəbərin mövzusudur. 

Avtosfer.az xəbər verir ki, SSRİ-də 70-ci illərdə Çexoslovakiya istehsalı olan ÇS-2 elektrovozları alınmağa başladıqdan sonra sürətli dəmir yol səfərləri də artdı. Bu lokomotivlər Kalinin adına Zavodda xüsusi hazırlanmış vaqonlarla Moskva-Leninqrad reysini 5 saat 30 dəqiqəyə yerinə yetirə bilirdi. Başqa sözlə, yolda itirilən vaxt yarıbayarı azalırdı. Qatar 160 km/saatadək sürətlə hərəkət edə bilirdi. Bəzi hissələrdə isə maşinistlər sürəti 180 km/saata qaldırırdılar.  Komfort da hiss ediləcək səviyyədə idi.
16 avqust 1988-ci ildə isə hər şey dəyişdi. Saat 11.00-da yolölçən vaqon yolun 308-ci kilometrliyində qüsuru aşkar edərək Moskvaya təcili teleqram göndərir: 307-308-ci kilometrlik mənzildə maksimal sürət 25 km/saata endirilsin.

Saat 16.00-da növbəni təhvil alan yol işçisi eyni ərazidə relslərin əyindiyini görüb müdaxilə etmək istəyir. Lakin relslər elə qızmışdı ki əl vurmaq mümkün deyildi. Normativə görə belə hallarda çökmüş relsin qaldırılmasına icazə verilmirdi. Həm də sözügedən ərazi sonuncu dəfə 8 il əvvəl təmir edildiyindən relslər çox hissədə qaçmış, boltlar açılıb tökülmüşdü. 

Hörmətli oxucu, səhlənkarlığın səviyyəsini təsəvvür edirsinizmi? Dünyanın ən böyük ölkəsinin 2 əsas şəhərini birləşdirən sürətli dəmir yolu xəttində bir mənzildə relslər 8 ildir təmir edilmir! Təbii ki, səhlənkarlıq bununla bitmir. 

Boloqoe stansiyasında teleqramı qəbul edən dəmir yolu işçisi saat 17.00-da onu lazımi ünvana göndərir. Lakin gec idi. 18.25-də Avrora qatarı 307-ci kilometrdə 155 km/saat sürətlə qəzaya uğrayır. Bütün qatar (15 vaqon) relsdən çıxıb aşır, yanğın baş verir. Hadisə yerində 31 nəfər ölür, yüzdən çox sərnişin xəsarət alır. Teleqram isə yolun həmin hissəsinə məsul şəxsə saat 22.00-da yetişir. 

Hadisəyə ilk müdaxiləni isə elə sağ qalan sərnişinlər edirlər. Onlar çantalarındakı döşək ağları ilə yaraları sarıyırlar. 
Saat 19.00-da yanğınsöndürənlər hadisəyə müdaxilə etməyə çalışsalar da, ətraf bataqlıq olduğundan əraziyə yaxınlaşa bilmirlər. Yanğın qatarı isə qısa vaxtda suyu sərf etdiyindən səmərəsiz qalır. Buna görə mühəndisə qoşunları təcili qaydada əraziyə yol açırlar, 2 km məsafədən maşınla su daşınır. Təcili yardım isə saat 21.00-da hadisə yerinə çatır. Drezinlə gələn cərrahlar xəstələrə yerindəcə müdaxilə edirlər.

İstintaq komissiyasının rəyinə görə relsdəki əyriliyi hiss edən maşinist kəskin tormozlama edib. Bu da Günəşin təsiri ilə qızmış relsdə temperatur daha da artdığı üçün əyilmə və qopma baş verib. Bir neçə bolt isə ümumiyyətlə yerində olmayıb. Yaralıların çoxluğuna isə vaqonlarda çanta qoyulan rəflərin tormozlama zamanı qopub sərnişinlərin başına düşməsi səbəb olub. 

Bu qəzadan sonra SSRİ yüksək sürətli qatar vaqonlarını Almaniyadan almağa başladı.

İlk baxışda adi səhlənkarlıq kimi görünən qəzada siyasi səbəblər də var. 80-ci illərin əvvəllərindən başlayaraq SSRİ-də bir çox sahədə qüsurlara göz yumulur, bu və ya digər sektorun çökməsinə məqsədyönlü şərait yaradılırdı. Hadisədən sonra yerli istehsal olan vaqonlardan Almaniyanın xeyrinə imtina edilməsi də, daxili istehsalı çökdürməyə yönəlmişdi. Artıq nəhəng imperiyanın qürubu yaxınlaşırdı.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
Chosen
85
avtosfer.az

1Sources