Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Kazımov Rauf Cəfəroviç Gürcüstandan Azərbaycana ekstradisiya edilib.
Korrespondent.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Baş prokurorluğun vəsatəti əsasında Gürcüstanın səlahiyyətli orqanları tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq həmin şəxs Azərbaycana ekstradisiya edilib.
"Binəqədi Rayon Polis İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Kazımov Rauf Cəfəroviçin Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib. Rauf Kazımov Gürcüstanın ərazisində saxlanılaraq 03.09.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib", - məlumatda qeyd olunub.