TBTFW onlayn bazarında çox nadir 2007-ci il buraxılışlı “Mercedes-Benz SLR McLaren 722 Edition” satışa çıxarılıb.
İqtisadiyyat.az xəbər verir ki, Stirling Mossun 1955-ci ildə “Mille Miglia”da qələbəsini qeyd etmək üçün cəmi 150 ədəd istehsal edilən avtomobil əvvəllər basketbol əfsanəsi Maykl Cordana məxsus idi.
“Mercedes-Benz SLR McLaren” ilk dəfə 1999-cu ildə konsept olaraq təqdim edilib və kütləvi istehsalına 2003-cü ildə başlanılıb. Avtomobil həmin illərdə alman brendinin Formula 1-də əməkdaşlıq etdiyi “McLaren”in iştirakı ilə hazırlanıb. Avtomobilin 460 kVt (626 at gücü) hasil edən 5,4 litrlik M155 SLR V8 mühərriki var, lakin “722 Edition”da bu rəqəm 478 kVt (650 at gücü) olur.
“Mercedes-Benz SLR McLaren 722 Edition” 2006-cı ildə buraxılıb. Model, Stirling Mossun 1955-ci ildə “Mille Miglia” yarışında qalib gəldiyi avtomobilin bort nömrəsinə görə adlandırılmışdır. Əsas versiyadan fərqli olaraq, “722 Edition” bir qədər yüngüldür, daha sərt asılqana və azaldılmış klirensə malikdir. Bu avtomobil 100 km/saat həddinə 3,6 saniyəyə çatır, maksimal sürəti isə 337 km/saatdır.
TBTFW saytında Maykl Cordanın “Mercedes-Benz SLR McLaren 722 Edition” modelini 650 min dollara təklif edilir. Xatırladaq ki, 2023-cü ilin mayında Bonhams auksionunda həmin avtomobil 822 min dollara satılıb. Onu da qeyd edək ki, bu ilin iyul ayında RM Sotheby’s auksionunda daha nadir “Mercedes-Benz SLR McLaren Stirling Moss” 3,4 milyon avroya satılmışdı