Bakı, 4 sentyabr, AZƏRTAC
Bəzi sosial media səhifələrində Azər Sərhəd oğlu İsmayılov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən bəraət hökmü çıxarılması barədə məlumatlar yayılıb.
AZƏRTAC-ın məlumatına görə, Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, Azər İsmayılovun Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Binəqədi RPİ-də istintaq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 15 avqust tarixli hökmü ilə Azər İsmayılova bəraət verilib, qeyd edilən bəraət hökmündən sentyabrın 3-də dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib.