EN

Heyvandarlığa “yaşıl işıq”

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci ildən pambıq, şəkər çuğunduru, soya və tütün bitkiləri üzrə yalnız məhsul subsidiyası veriləcək.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu ildən soya üzrə əkin subsidiyası ləğv edilərək, yalnız məhsul subsidiyasına keçilir. Qarğıdalı və günəbaxan üzrə isə həm əkin, həm də məhsul subsidiyası veriləcək.

Lakin Pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax, Zərdab rayonlarına və Naftalan şəhərinə şamil edilir, digər rayon və şəhərlər üzrə məhsul subsidiyasının məbləği  0-a bərabər qəbul olunur.

Pambığa ayrılan subsidiya müvafiq şəkildə azaldılır, nəticədə bu torpaqlar heyvandarlığın inkişafı üçün ayrıla bilər?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, subsidiyanın verilməməsi pambığa olan marağı azaltmayacaq:

“Pambıqcılıq bir necə il ərzində dövlətin diqqətində olub. Lakin son illər ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür. Bu isə pambığın istehsalına öz mənfi təsir göstərir. Bundan əlavə pambıq sahələrinin əkilməsi, eləcə də yetişdirilməsi xeyli vəsait lazım olduğundan məhz bu sahəyə ildən-ilə maraq da azalmağa başladı. Bu səbəbdən də bu sahəyə subsidiyanın ayrılması öz aktuallığını itirdi”.

Ekspert bildirib ki, pambıqçılıqla məşğul olan sahibkarların qarşısına müxtəlif tələblər qoyulur:

“Pambıqçılıqla məşğul olan şəxslərə subsidiyalar ona görə ayrılır ki, onlar pambıqçılıqla ciddi şəkildə məşğul ola bilsinlər. Məhz pambıqçılıqla məşğul olan sahibkarlar bu sahədə ixtisaslaşmış kadrlar olduğuna görə pambıqçılıqda müəyyən işlər görə bilirlər.

Bu gün dövlət tərəfindən pambıqçılığa ayrılan subsidiya kəsilsə belə, bu sahəyə olan maraq azalmayacaq. Amma hökumət dəstəyi olmadan onlar pambıqcılıqda bol məhsuldarlıq əldə edə bilməyəcəklər. Hazırda sahibkarlar pambıq əkməkdə maraqlıdırlar”.

O qeyd edib ki, pambıq sahələrinin əkilməməsi nəticə etibarı ilə örüş və biçənək sahələrinin artmasına yol aça bilər:

“Pambıq əkini tamamilə dayanarsa, o zaman örüş və biçənək sahələri artacaq. Məhz örüş və biçənək sahələrinin artması heyvandarlığın inkişafına müsbət təsir edə bilər. Qeyd edim ki, hazırda pambıq sahələri pambıqçılıqla məşğul olan sahibkarların nəzərətində olduğuna görə, heyvandarlıqla məşğul olan fermerlərə xüsusi bir təsiri olmayacaq. Bunun üçün gərək dövlət yeni mexanizmləri işə salsın. Əgər yeni mexanizmlər işə salınarsa, o zaman heyvandarlıq inkişaf edə bilər”.

Chosen
149
cebheinfo.az

1Sources