1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ hakimiyyəti HƏMAS lideri Yəhya Sinvara və hərəkatın daha beş rəhbərinə 7 oktyabr 2023-cü il tarixində İsrailə hücumla əlaqədar rəsmi cinayət ittihamları irəli sürüb.
Oxu.Az-ın BBC-yə istinadən məlumatına görə, bu barədə ABŞ Ədliyyə Nazirliyinin bəyanatında bildirilib.
Onlar ABŞ vətəndaşlarının öldürülməsi, terrorizmin maliyyələşdirilməsi və kütləvi qırğın silahlarından istifadədə ittiham olunur.
İttihamnamə təkcə keçən ilin payızında İsrailin cənubuna edilən genişmiqyaslı hücumu deyil, həm də HƏMAS-ın 10 illiklər boyu həyata keçirdiyi çoxsaylı hücumları əhatə edir.
Qeyd edək ki, HƏMAS liderlərinə qarşı ittihamların irəli sürülməsi əsasən simvolik addımdır. ABŞ Ədliyyə Nazirliyi öz bəyanatında etiraf edir ki, təqsirləndirilən şəxslərin bəziləri artıq ölüb, digərləri isə axtarışdadır.
Belə ki, siyahıya düşənlər arasında HƏMAS-ın keçmiş lideri İsmail Haniyə var ki, o, bu yay Tehranda sui-qəsd nəticəsində öldürülüb. Son aylarda İsrail zərbələri nəticəsində ittiham olunan HƏMAS-ın daha iki görkəmli üzvü - təşkilatın rəhbər müavini Mərvan İssa və onun hərbi qanadının rəhbəri Məhəmməd Deyf də həlak olub.
Bundan əlavə, ittiham olunanlar arasında HƏMAS-ın qurucularından biri və təşkilatın Qəzza zolağından kənardakı rəhbəri Xalid Məşəl, həmçinin qruplaşmanın Livanda yerləşən üzvü Əli Baraka da var.
ABŞ qanunlarına görə, HƏMAS üzvlərinin ittiham olunduğu cinayətlər ömürlük həbs və ya ölüm cəzası ilə cəzalandırılır.
Xatırladaq ki, HƏMAS-ın 2023-cü ilin 7 oktyabrında İsrailə hücumu nəticəsində əksəriyyəti mülki şəxslər olmaqla təxminən 1200 israilli öldürülüb, fələstinli döyüşçülər 251 girov götürüblər.
Bundan sonra İsrail Qəzza zolağında hərbi əməliyyata başlayıb.