EN

"Gələn ildən sərbəst şəkildə Kəlbəcərə gedə biləcəyik" - Aqil Camal

"Artıq dördüncü ildir ki, Kəlbəcər azad olunub və bu müddətdə demək olar ki, ölkə prezidenti intensiv şəkildə digər bölgələrə olduğu kimi, Kəlbəcərə də səfər eləyir. Orada aparılan infrastruktur işləri, əhalinin qayıdışı ilə bağlı yaşayış massivlərinin tikintisi istər Kəlbəcər şəhərinin özündə, istərsə də bir neçə kənddə bu proseslərlə yerində tanış olur".

Bu sözləri Redaktor.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, “Türküstan” Media Qrupunun rəhbəri, əslən Kəlbəcərdən olan jurnalist Aqil Camal Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərə son səfərini şərh edərkən dedi.

"Prezidentin budəfəki səfəri əvvəlkilərdən daha zəngin oldu. Çünki bir sıra açılışlar və yeni təməlqoymalar həyata keçirildi. Burada Kəlbəcər üçün spesifik olan su elektrik stansiyalarıdır. Ermənilər işğal dövründə su elektrik stansiyaları tikmişdilər. Kəlbəcər bol sulu çaylarla zəngin olduğu üçün ermənilər bu potensialdan istifadə edirdilər və hətta Ermənistana belə su stansiyalarından istehsal olunan elektrik enerjisini ötürürdülər. Amma onlar oradan çıxanda bunların hamısını dağıtdılar. Azərbaycan isə torpaqlar azad olunandan sonra bu çaylar üzərində tamamilə sıfırdan yeni stansiyalar tikir. Bunların bir çoxu artıq istifadəyə verilib və cənab Prezidentin də son səfərində iki stansiyanın açılışı oldu. Digər tərəfdən Kəlbəcər şəhərinin özündə artıq yaşayış binaları tikilir və yol infrastrukturu çəkilməkdədir. Bundan başqa, Kəlbəcərə müxtəlif istiqamətlərdə yolların çəkilməsi və yaxud ənənəvi mövcud olan yolların yenidən qurulması, genişləndirilməsi işləri həyata keçirilir. Digər bir məsələ, xüsusən kəlbəcərlilər üçün əlamətdar oldu ki, Azərbaycanın məşhur mineral sularından olan "İstisu" 30 ildən sonra yenidən fəaliyyətinə başladı. Yeni biçimdə, yeni dizaynda, müasir görünüşlü, qablaşdırılmış formada. Artıq yəqin ki, biz yaxın günlərdə Kəlbəcərin məşhur müalicəvi "İstisu"yunu mağazalarda görəcəyik. Digər məsələ də "İstisu" sanatoriyasının tikilməsidir. Orada da hazırda intensiv iş həyata keçirilir. Ölkə başçısı hazırda tikintinin gedişi ilə tanış oldu".

Jurnalist bildirdi ki, vaxtikən İstisu qəsəbəsində yaşayan insanların bura köçü yaxın vaxtda baş tuta bilər.

""İstisu" kurort sanatoriyası təkcə müalicə müəssisəsi deyil, eyni zamanda həm də qəsəbə idi. Bu baxımdan qəsəbənin də əsası qoyuldu. Orada yəqin ki, yaxın gələcəkdə artıq İstisuda yaşamış insanların da köç məsələsi başlayacaq. Ümumən deyə bilərəm ki, həm kəlbəcərlilər özləri, həm də əhalinin də, sosial şəbəkələrdəki marağından göründü ki, ölkə Prezidentinin Kəlbəcərə budəfəki səfəri çox maraqla qarşılanıb. Xüsusən Kəlbəcərin özünəməxsus təbii gözəlliyi, rəngi, təbiəti insanlarda bölgəyə marağı artırır. Ümid edirik ki, artıq yollar və yaxud da müəyyən təhlükəsizlik tədbirləri var. Bilirsiniz, Kəlbəcər mina ilə bağlı o qədər çirklənmiş ərazi sayılmır. Amma bununla belə risklər hər zaman mövcuddur. Bu baxımdan yaxın gələcəkdə insanlar təhlükəsiz şəkildə necə ki, bu gün Şuşaya, Laçına səfərlər edirlər, yəqin ki, artıq gələn ildən insanların sərbəst şəkildə Kəlbəcərə getməsi mümkün olacaq".

Aqil Camalın sözlərinə görə, Kəlbəcərdə binaların tikilməsi, qaz xəttinin çəkilməsi prosesi tamamlandıqdan sonra köç başlayacaq. 

Türkan İSGƏNDƏRLİ

Chosen
77
2
redaktor.az

3Sources