Astarada dəniz sahili ərazilərdə, istirahət mərkəzlərinin ətrafında, eləcə də rayondakı iaşə obyektlərində ətraf mühitin mühafizəsi və sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər təşkil olunub.
Avtosfer.az xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı vətəndaşlara məişət tullantılarının tutumundan kənar yerlərə atılması, tullantıların qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarına yol verilməməsi barədə xəbərdarlıqlar edilib. Bir daha diqqətə çatdırılıb ki, sözügedən hallar qadağandır və inzibati məsuliyyət yaradır.
Keçirilən tədbirlər zamanı ərazinin zibillənməsi halları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.