EN

Sisi Ankarada: Misir Türkiyə ilə barışdı?

  • Misir Prezidenti Əbdülfəttah əs-Sisi bu gün rəsmi səfərlə Türkiyəyə gəlib. Bu səfər çərçivəsində Ankarada Sisi və Ərdoğanın həmsədrlik edəcəyi Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçiriləcək.

Milli.Az xəbər verir ki, Misir və Türkiyə arasında 2013-cü ilin yayında hərbi çevrilişdən sonra pisləşən münasibətlər son iki ildə yumşalmağa başlayıb. Bu ilin fevral ayında, 11 illik fasilədən sonra, Türkiyə Prezidenti Ərdoğan Qahirəyə rəsmi səfər etmişdi. Sisinin Ankaraya səfəri Ərdoğanın Qahirəyə səfərinə cavabdır.

Misirlə barışıq Türkiyənin "ərəb baharı" dövründə yürüdülən siyasi kursundan imtina etməsi və region ölkələri ilə barışıq prosesinə başlamasının bir hissəsidir. Yaxın Şərqdə sərt müdaxilə siyasətinin nəticəsi olaraq, Ankaranın yalnız Dəməşqlə deyil, həm də Misir, BƏƏ və İraqla münasibətləri kəskin pisləşmişdi, 2017-ci ildə Camal Xaşuqcinin müəmmalı ölümü ilə isə Səudiyyə Ərəbistanı ilə münasibətlər kritik nöqtəyə çatmışdı. Lakin sonrakı illərdə Ankara xarici siyasətdə kəskin dönüş edərək, region ölkələri ilə münasibətləri normallaşdırmağa çalışdı. Bu sırada Misir xüsusi yer tuturdu.

Misir keçmişdəki nüfuzunu itirsə də, hələ də Yaxın Şərqin əsas güclərindən biri hesab olunur. Misirin hərbi gücü, eləcə də onun böyük insan resursları və coğrafi mövqeyi Yaxın Şərqdə və Şimali Afrikada rolunu gücləndirir. Lakin son illərdə iqtisadi tənəzzül və inqilabdan sonra baş verən hərbi çevriliş Misirin nüfuzuna ciddi zərbə vurub, nəticədə o, BƏƏ-Səudiyyə Ərəbistanı "tandeminin" təsirinə düşüb.

Bundan əlavə, son illərdə Misir hərbi-siyasi rolunu gücləndirməyə, bölgənin iqtisadi nəhəngləri olan Körfəz ölkələrinin kölgəsindən çıxmağa çalışır.

Bu baxımdan Türkiyə ilə barışıq Misirin regional siyasətini gücləndirmək cəhdlərinin bir hissəsidir. Hazırda Qəzzadakı müharibəyə görə ciddi tənqidlərə məruz qalan Qahirə, eyni zamanda Efiopiyadakı su problemi (Renessans Su Anbarı), Sudandakı vətəndaş müharibəsi və Liviyadakı hərbi-siyasi böhrandan da əziyyət çəkir.

Bu mənada Sisinin Ankaraya səfərinin ümumi mövzuları ikitərəfli ticarət dövriyyəsinin artırılması, iqtisadi və siyasi münasibətlərin inkişafı, həmçinin Liviya böhranı, Şərqi Aralıq dənizində aşkar edilən neft-qaz ehtiyatlarının mənimsənilməsi və Avropada əməkdaşlıq imkanlarıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
43
2
milli.az

3Sources