EN

Risk azdır, amma ...

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) Avropada Meymun çiçəyi virusu riskinin aşağı səviyyədə qalmasına baxmayaraq, Avropa ölkələrini yoluxma hallarının artacağı təqdirdə virusla mübarizəyə hazır olmağa çağırıb.

Avropa Parlamentinin (AP) Ətraf Mühit, İctimai Sağlamlıq və Qida Təhlükəsizliyi Komitəsi (ENVI), Avropa Birliyinin (AB) Komissiyasının Səhiyyədə Fövqəladə Hallara Hazırlıq və Cavab Agentliyi (HERA), Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) və Avropa Dərman Agentliyinin (EMA) təşkil etdiyi toplantıda Meymun çiçəyi virusu ilə bağlı mövcud vəziyyət və hazırlıqlar müzakirə edilib.

ECDC Direktoru Pamela Rendi-Vaqner bildirib ki, Avropada epidemiya riski hazırkı şəraitdə azdır və Avropada yeganə hadisə avqustun 15-də İsveçdə aşkarlanıb.

Buna baxmayaraq, Rendi-Vaqner AB daxilində yoluxma hallarının sayının artması ehtimalına hazır olmaq lazım olduğunu bildirdi: “Ona görə də Avropa ölkələrinin virusun qitədə daha da yayılmasının qarşısını almaq üçün infeksiyaları mümkün qədər tez bir zamanda aşkar etməyə hazır olması çox vacibdir”.

***

Afrikada hesabat və diaqnoz prosesində çatışmazlıqlar olduğuna diqqət çəkən Rendi-Vaqner, “Afrikadakı epidemiyanın əsl miqyasının daha böyük ola biləcəyini fərz edirik”, – deyib.

Rendi-Vaqner, ECDC-nin Avropa Birliyinə üzv ölkələri epidemiyaya qarşı hazırlamaqla yanaşı, Afrikada, xüsusilə Konqo Demokratik Respublikasında da sahədə fəaliyyət göstərdiyini və bu yolla bölgədəki səhiyyə orqanlarına dəstək olduqlarını söyləyib. Afrikadakı epidemiyaya nəzarət etmək və onun digər qitələrə yayılmasının qarşısını almaq üçün virus haqqında daha çox məlumat əldə etdiklərini söyləyib.

***

“Xatırlamaq lazım olan bir şey odur ki, Meymun çiçəyi yeni “COVİD-19” deyil”, – deyən Rendi-Vaqner iki virusun fərqli yollarla yayıldığına, fərqli risklərə malik olduğuna və hazırda Meymun çiçəyi virusuna qarşı peyvəndin olduğuna diqqət çəkib.

Rendi-Vaqner, bütün əhalini əhatə edən peyvəndlərə ehtiyac olmadığını ifadə edərək, “Virus dövriyyəsi yüksək olan bölgələrə səyahət edən avropalılar, xüsusilə ağır xəstəlikləri olan və yüksək risk altında olan insanlar üçün peyvənd düşünülməlidir”, – deyib.

***

Meymun çiçəyi virusu siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən ötürülür. Virusun törətdiyi bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, dəsmal və bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq infeksiyanın ən mühüm səbəblərindəndir.

İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus ümumiyyətlə yüksək hərarət, baş ağrısı, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.

Chosen
125
vaxt.az

1Sources