EN

"Neftçi" üçün birini keçdik, ikisini keçdik, bəs digərləri?

Bu gün "Neftçi"də uğursuz gedişatla bağlı verilən bütün suallara cavab birdir - Heyət yenidir, bizə vaxt verin.

Yaranmış iki həftəlik pauza nəzərə alaraq, arxada qalan 5 tura "boylandıq". Görəsən, həqiqətənmi indiki "Neftçi"nin dərdi vaxtla bağlıdır?

Matçlara bir-bir nəzər salaq.

1-ci turda "Turan Tovuz"la bərabərə bitən qarşılaşma üçün bu bəhanə keçərli ola bilər.

Həqiqətən də Tovuz təmsilçisi oturuşmuş heyətə sahibdir.

Ayxan Abbasov qurduğu heyətin əksər üzvü artıq üçüncü mövsümdür birgə çıxış edir. Kurban Berdiyev kimi təcrübəli mütəxəssis bu məqamdan məharətlə faydalanır.

Və ya "Sabah"la oyundakı məğlubiyyətə bəraət qazandırmaq olar. Masazır təmsilçisinin əksər üzvü uzun müddətdir klubda çıxış edir. Yayda heyətə cəlb edilən Mikels tanış simadır. Bundan başqa avrokuboklardakı 4 matç da Masazır klubuna az fayda vermədi. Əslində "tələbələr"in də düşərgəsində yeni adlar az deyil. Amma "Sabah"ı da keçək...

Lakin digər rəqiblərlə görüşdəki bərbad çıxış üçün yuxarıdakı izah heç bir halda keçərli ola bilməz.

"Araz Naxçıvan"ın "ağ qaralar"la görüşdə meydana çıxan heyətində 5 yeni ad vardı. Elə "Neftçi"də də bu baxımdan say eyni olub. Amma 90 dəqiqə üstün futbolu "Araz" oynadı. Avramın kobud xətası olmasaydı, 1 xal da əldə olunmayacaqdı.

"Səbail" Yay fasiləsində ən çox dəyişikliyə uğrayan kollektivdir. Büdcəsi 50%-dən artıq azalan Bayıl təmsilçisi "Neftçi" ilə qarşılaşmaya nə az, nə çox 8 yeni futbolçu ilə çıxmışdı. Hüseynəli Quliyev və Maddini ötən mövsüm ehtiyat qüvvə olduğunu nəzərə alsaq, qalır bircə kapitan Rüfət Abdullazadə. "Neftçi"də isə Ramil Şeydayevlə Ştoqrin xaric digər 9 nəfər ötən mövsümkü heyətdən qalanlar idi. Lakin yenə meydanda bərbad "Neftçi" vardı. Əldə olunan bir xala görə "Neftçi"nin üzvləri bəxtə minnətdar olmalıdır. "Səbail"in üstünlüyü ilə keçən qarşılaşmada Rza Cəfərov ən azı 2 dəfə 100%-lik qola mane olmuşdu.

Yəqin ki, "Şamaxı" barədə geniş danışmağa gərək yoxdur. Axı bu komanda cəmi 1 aya yığılıb.

Əgər bu qədər problemləri olan rəqiblər önündə "Neftçi" çarəsizdirsə, deməli uğursuz gedişatın yeganə səbəbi baş məşqçi və futbolçuların dediyi kimi yalnız heyətin yenilənməsi ola bilməz.

Yuxarıdakı faktlar belə düşünməyə ciddi əsas verir.

Roman Qriqorçukun qarşıda daha iki həftəlik möhləti var. Ciddi nəsə dəyişməsə, vətənə qayıdış üçün bütün qapılar üzünə açılacaq.

XANOĞLAN İMANOV

Chosen
132
sportinfo.az

1Sources