EN

Daniel Olmo: “Barsa”da hamı qənimət qazanmaq istəyir”

“Barselona”nın yarımmüdafiəçisi Daniel Olmo bildirib ki, Kataloniya klubunun bütün oyunçuları qənimətlər qazanmaq istəyirlər.

Arena.az ispan futbolçunun bu barədə fikrini təqdim edir:

“Mən təzəlikcə Avropa çempionatını qazanmışam və qalib gəlməkdən yorulmamışam. Getdikcə daha çox titullar qazanmaq istəyirəm. Futbolçu qələbə aclığını itirə bilməz. Komandada hər kəs “Barsa” ilə yenidən kuboklar qazanmağa can atır”, deyə Olmo bildirib.

Dani “blauqrana”nın baş məşqçisi Hans-Diter Flikin komandasının futbolçuları ilə hansı dildə danışdığını da açıqlayıb:

“Flik almanca danışanda başa düşürəm. Amma çox vaxt ingilis dilindən istifadə edir ki, hamı başa düşsün”.

Yeri gəlmişkən, “Barselona”nın sabiq müdafiəçisi Jerar Pike blauqrana”nın alman baş məşqçisi Hans-Diter Flikin rəhbərliyi altında çıxışı haqda danışıb. O, keçmiş komandasının çıxışını müsbət qiymətləndirib:

“Hazırda işlər çox yaxşı gedir. Olmo kimi yeni gələnlər, eləcə də mövsümöncəsi məşq zamanı artıq çox şey sübut etmiş gənclər yaxşı nəticələr göstərdilər. Düşünürəm ki, Flikin komandası qənimətlər uğrunda mübarizə aparmaq üçün kifayət qədər yüksək səviyyədədirlər”.

“Barselona” Olmonu 2024-cü ilin avqustunda 55 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “Leypsiq”dən “blauqrana”nın heyətinə qatıb. İspan yarımmüdafiəçinin Kataloniya klubu ilə müqaviləsi 2030-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Olmo bu mövsüm “Barselona”nın heyətində 2 oyuna çıxıb, 2 qola imza atıb.

Dani Olmo 2019-cu ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 39 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə verib.

Daniel Olmonun qənimətlər muzeyində Zaqreb “Dinamo”su ilə qazandığı 5 Xorvatiya çempionluğu, 3 Xorvatiya Kuboku, “Leypsiq”lə əldə etdiyi 2 Almaniya Kuboku və 1 Almaniya Super Kuboku var. Milli komanda səviyyəsində Olmo İspaniya yığması ilə UEFA Millətlər Liqasının (2023) və Avropa çempionatının (2024) qalibi olub. Həmçinin Olmo “qırmızı qəzəb”in U-21 komandası ilə Avropa çempionluğunu (2019) qazanıb.

Fərdi uğurlara gəlincə, Olmo Zaqreb “Dinomo”sunda 2 dəfə ilin oyunçusu elan edilib və həmçinin 3 qolla AÇ-2024-ün ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı ispan hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
37
arena.az

1Sources