Bakı, 5 sentyabr, AZƏRTAC
Danimarkada elektriklə işləyən avtomobillərin ümumi minik avtomobil parkında xüsusi çəkisi ilk dəfə olaraq 10 faizi ötür.
AZƏRTAC xəbər verir ki, bu barədə “Mobility” avtomobil idxalçılarının ticarət assosiasiyasının məlumatında bildirilir.
Avqustda ölkədə 7050 yeni elektrik avtomobili satılıb ki, bu da aylıq avtomobil satışının 55 faizini təşkil edib.
“Mobility”nin idarəedici direktoru Mads Rörviqin sözlərinə görə, Danimarkadakı vergi güzəştləri daha çox danimarkalını elektrik avtomobilləri seçməyə təşviq edib. Eyni zamanda, hazırda kifayət qədər gediş ehtiyatı olan bir sıra elektrik avtomobili var, onların bəziləri isə qiymət diapazonlarında əlçatandır, bu da vacibdir. “Alıcıların gediş ehtiyatı ilə bağlı narahatçılığı tezliklə yox olacaq, çünki şarj stansiyaları daha çox olacaq və avtomobillər daha uzun müddət sürə biləcəklər”, - deyə Mads Rörviq qeyd edib.
Önümüzdəki illərdə Danimarkada elektrikli avtomobillərin satışı daha da artacaq. Çünki Aİ-nin qərarına əsasən, 2035-ci il yanvarın 1-dən etibarən Avropa İttifaqında yalnız sıfır karbon qazı emissiyası olan avtomobillər istehsal edilməlidir.