ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris yeni qurulan şirkətlər üçün vergi endirimini 5 min dollardan 50 min dollara çatdırmağı planlaşdırdığını açıqlayıb.
Harris seçki kampaniyasının bir hissəsi kimi Nyu-Hempşirdəki çıxışında kiçik biznes üçün vergi təşviqi planını izah edib.
Kiçik biznesin ölkə iqtisadiyyatı üçün əhəmiyyətinə diqqət çəkən Harris, özəl sektorda çalışan işçilərin yarısının bu müəssisələrdə işlədiyini bildirib.
Harris prezident olarkən əsas prioritetlərindən birinin ABŞ-da kiçik biznesi gücləndirmək olacağını vurğuladı və ilk növbədə daha çox kiçik biznesin işə başlamasını təmin edəcəklərini qeyd etdi.
İlk prezidentlik müddətinin sonuna qədər 25 milyon yeni kiçik biznes müraciəti görmək istədiyini ifadə edən Harris, bunu reallaşdırmaq üçün yeni bir iş qurma xərclərini azaldacaqlarını ifadə edib.
Harris Amerikada yeni bir işə başlamağın orta dəyərinin təxminən 40 min dollar olduğunu və bunun bir çox insan üçün böyük maliyyə maneəsi olduğunu bildirib.
Bir müəssisə üçün cari vergi endiriminin 5 min dollar olduğunu xatırladan Harris, yeni qurulan müəssisələr üçün vergi endirimini 50 min dollara çatdırmağı planlaşdırdığını deyib.
Harris, mövcud kiçik müəssisələrin böyüməsinə kömək etməyi hədəflədiklərini və genişlənmək istəyən kiçik bizneslərə aşağı faizli və ya faizsiz kreditlər verəcəklərini söylədi.
Vergi sistemini daha ədalətli hala gətirərkən investisiya və innovasiyaya üstünlük verəcəklərini qeyd edən Harris, milyarderlərin və böyük şirkətlərin öz ədalətli vergi paylarını ödəməli olduqlarını vurğulayıb.
Digər tərəfdən, ABŞ mətbuatında mövzuya yaxın mənbələrə əsaslanaraq Harrisin ABŞ prezidenti Co Baydenin bu ilin əvvəli büdcə layihəsində ifadə etdiyi şirkətlər üçün vergi dərəcələrində daha yumşaq artım planladığı bildirildi.