EN

"Alternativ yoxdur deyə, şadlıq sarayları istədiyi qiyməti diktə edirlər" - TOY BAZARI

Bir neçə gündür ki, ölkəmizdə toy mövsümünə start verilib. Toy şadlıq, büsat anlamına gəlir, lakin müasir dövrdə insanlarımızın lüzumsuz yerə borca-xərcə girərək bu mərasimdə israfçılıq etmələri təəssüf ki, bəzən kədərə, sonrakı peşmançılığa da səbəb olur...  

Ta qədimdən xalqımız oğul evləndirib, qız köçürəndə bu mərasimi böyük xoşbəxtlik hissi ilə qeyd edib, toy-düyün adlandırdığı şadlıq məclisi qurub, qohum-qardaşı, qonum-qonşunu evinə dəvət edərək sevincini onlarla bölüşüb. 

Hətta əksər nağıl və dastanlarımızda Şərq zənginliyinə uyğun dəbdəbə ilə "üç gün, üç gecə", "yeddi gün, yeddi gecə", "qırx gün, qırx gecə" davam edən toy mərasimləri keçirildiyindən də bəhs olunur... Adətən bu cür toyları xanlar, bəylər, ağalar, ümumiyyətlə, imkanlı insanlar keçiriblər...

Lakin hazırkı dövrdə sosial statusundan asılı olmayaraq, əksər insanların şöhrətpərəstlik çılğınlığına düşərək, toy keçirmək adı altında bir-biri ilə yarışa çıxdıqlarına şahidlik edirik.  Hətta vəziyyət o yerə çatıb ki, imkanı çatanlar gözlərini qırpmadan bütün var-dövlətlərini, pullarını bu yolda xərcləyirlər... 

Elə imkanı çatmayanlar da bir an belə düşünmədən borca-xərcə, kreditə girərək övladlarına təmtəraqlı toy çaldırırlar...

Xoşbəxt sonluq məyusluqla əvəzlənəndə...

Ötən ayların birində oğluna toy edən Şövkət xanım deyir ki, həyat yoldaşının da, özünün də hər zaman arzusu yeganə övladları üçün təmtəraqlı toy keçirmək olub: "Düzdür, imkanımız elə də yaxşı deyildi, amma dost-tanışdan bir az borc alıb, yoldaşımın adına kredit götürüb və oğlumun avtomobilini satıb ona ürəyimiz istəyən toyu etdik". 

Xanımın sözlərindən aydın oldu ki, bahalı restoranların birində toy etmələri, qonaqlara ən müxtəlif çeşiddə yemək-içmək vermələri, bir neçə tanınmış müğənninin şadlıq mərasimində iştirakı onlara təxminən 50 min manata başa gəlib. Toydan yığılan məbləğ isə heç bu vəsaitin yarısı da olmayıb.Toyun səhəri günündən etibarən borc sahibləri qapılarını döyərək onlardan pullarını geri istəyiblər, çox keçmədən kreditin vaxtı yetişib, beləcə, gəlinə aldıqları qızılları, o cümlədən evdə dəyər-dəyməz nə varsa, hamısını sataraq aldıqları borcları, götürdükləri kreditləri verməyə başlayıblar...

Bu minvalla, necə deyərlər, onların birgünlük sevincləri illik əzab-əziyyətin başlanğıcına çevrilib... 

Sadə azərbaycanlı ailəsinin - Şövkət xanımgilin timsalında gətirdiyimiz bu nümunə mübaliğəsiz deyə bilərik ki, ölkəmizdəki minlərlə insanın da yaşadığı haldır. 

Kimisi şüurlu şəkildə özünü toy adı altında borc girdabına sürükləyir, kimisi əzab-əziyyətlə qazandığı pullarını bir günün içərisində göyə sovurur, kimisi də müasir toy biznesinin diktə etdiyi izafi xərcləri ödəməyə məcbur qalır, etiraz belə edə bilmir...

Toy bazarı

Hazırda Azərbaycanda sadə toy keçirmək, sözün əsl mənasında, qəbuledilməz və mümkünsüzdür desək, heç də yanılmarıq. 

Hər kəs bahalı restoranlarda toy etmək istəyir, menyuda min-bir təamın yer almasına, el dili ilə desək, süfrədə barmaq qoyulacaq yer qalmamasına səy göstərir, toyunda ən populyar müğənnilərin iştirak etməsinə çalışır... 

Buna görədir ki, neçə illərdir ölkəmizdə yeni toy qaydaları, biznesi formalaşıb və heç kəs bununla bağlı oturuşmuş "qayda-qanun"lardan kənara çıxa bilmir, müasir toyun tələb etdiyi yüksək məbləği ödəməli olur. 

Toy bazarı ilə bağlı apardığımız kiçik araşdırmadan məlum oldu ki, hazırda Bakıda gəlinlik kirayəsi 300-3000 manat, gözəllik salonlarında gəlinin bəzədilməsi 150-2000 manat, gəlin gülünün hazırlanması 50-1000 manat, gəlin maşınının kirayəsi 150-2000 manat civarındadır. Yəni bir xidmətin 20-30 dəfə bahalı nümunələri də var. Orta rəqəmlə ifadə etsək, bu xidmətlərin hər biri 500-10000 manat arasında dəyişir, hətta daha yüksək rəqəmlərə qədər arta bilir.  

Paytaxtda fəaliyyət göstərən yüzlərlə müxtəlif həm milli, həm də xarici adlara malik şadlıq saraylarında menyular bir nəfər üçün 45 manatdan başlayaraq 150 manata  qədər çıxır. Hotel və digər lüks restoranlarda toy etmək istəyənlər isə göstəriləndən daha artıq pul - hətta 800 manata qədər məbləğ ödəməli olurlar. 

Şadlıq saraylarının menyularında mütləq 8-10 cür salat, 10-15 çeşid xörək, spirtli içki, qazlı və qazsız sular, şirələr və digər nemətlər təklif olunur. Toy sahibi qiymətin daha münasib olması üçün menyuda çeşid sayını azaltmaq istəyini bildirdikdə isə, restoranın inzibatçısı tərəfindən bunun qətiyyən mümkün olmadığı, bu halın, ümumilikdə restoranın imicinə xələl gətirdiyi kimi absurd fikir irəli sürülür...

Toylarda aparıcıların, şoumenlərin qiymətləri 1000 manatdan başlayır.

Restorana kənardan hansısa musiqi qruplarını, müğənniləri dəvət etməyin də öz hesabı var və yarım saatlıq ifa üçün 1000 manatdan başlayan qiymətlər 10 min manata, hətta 20 min manata qədər gedib çıxır. 

Yeri gəlmişkən, yerli şou-biznes saytlarının bir müddət əvvəl Azərbaycan müğənnilərinin yeni toy qiymətləri ilə bağlı verdikləri məlumatdan bəlli olur ki, bütün toyu idarə edən zaman həmin müğənnilər 10-25 min manat, yarım saatlıq çıxışlarına görə isə 5-10 min manat və daha yuxarı məbləğlərdə qonorar alırlar. 

Qiyməti şadlıq sarayı formalaşdıra bilməz 

İqtisad elmləri doktoru, professor, "Toy iqtisadiyyatı" kitabının müəllifi Zahid Məmmədov söyləyir ki, insanın yemədiyi bir şeyə görə pul ödəməsi qəbuledilməzdir: "Nəyə lazımdır toy süfrəsində o qədər köhnə ətlərdən hazırlanan yemək, yaxud vaxtı keçmiş çərəzlər? Kim yeyir onları?.. Kimsə məcbur deyil ki, gəlib toyda istəmədiyi yeməklərdən yeyə, içkilərdən içə... Dünyada belə şey ola bilməz, amma bizim ölkədə var. Alternativ yoxdur deyə, şadlıq sarayları istədiyi qiyməti diktə edirlər. Tutaq ki, gəlib deyirəm ki, uyğun məbləğ civarında toy etmək istəyirəm, amma şadlıq sarayı məcbur edir ki, yox, menyu-filan qiymətdən başlayır. Bu, süni qiymət artımıdır, qiyməti şadlıq sarayı formalaşdıra bilməz". 

İqtisadçı alim hesab edir ki, vergi tətbiqi ilə toylardakı israfçılığın qarşısını almaq olar. Eyni zamanda alternativ olaraq bələdiyyələrin nəzdində fəaliyyət göstərəcək evləndirmə dairələri yaratmaq olar ki, daha azməsrəfli toylar keçirilə bilsin. Məsələn, Türkiyədə evləndirmə dairələrinə gedib ucuz və keyfiyyətli toy edirsən, bələdiyyə də gənc ailəyə dəstək olur. O cümlədən xarici təcrübədə də var ki, işlədiyin müəssisədə həmkarlar ittifaqı, hansısa bu kimi digər təşkilatlar gözəl və ucuz toy edirlər. Toyda da həmin kollektivin, təşkilatın müğənniləri iştirak edirlər. Bizdə də belə etmək olar: "Ehtiyac yoxdur ki, televiziya efirinə çıxıb öz səsi ilə deyil, digər fəaliyyətləri ilə gündəmə gələn müğənniləri toya çağırasan". 

Toy adətlərimizi televiziya kanallarının dəyişdirdiyini vurğulayan professor insanların televerilişlərə çıxan müğənnilərin onların toylarında oxuması ilə özlərinin xoşbəxt olacaqlarını düşündüklərini deyir: "Daha düşünmürlər ki, sonra özləri sıxıntı çəkəcəklər. Müğənniyə böyük məbləğdə pul verirlər, şadlıq evinə də xeyli pul ödəyirlər. Axı insan borca girib o cür toy edərmi?!."

Bugünkü toylarımızla bağlı insanların əksəriyyəti birmənalı olaraq akustikadan, səsin yüksəkliyindən də narazılıq edirlər. Professorun qənaətincə, restoranlarda müğənninin səsi olmadığı üçün səsi yüksək həddə qədər artırırlar və qışqır-bağırla camaatın fikrini yayındırırlar ki, ifaçının səsinin olmadığı, oxuya bilmədiyi bilinməsin. 

Bu problemin həlli yolları tapılmalıdır

Kulturoloq Fuad Məmmədov o fikirdədir ki, restoranlarda toy zamanı musiqinin səsi 50 faiz azaldılmalıdır. Bu hal insanların bir-biri ilə ünsiyyətinə rahat şərait yaradar. Yaxud, musiqi qonşu otaqda olmalıdır ki, rəqs etmək istəyənlər gedib orada oynasınlar: "Türkiyədə hansısa restorana gedəndə musiqi də olur, amma elə çalıb-oxuyurlar ki, insanlar rahat ünsiyyətdə ola bilirlər, bir-birilərini eşidirlər. Bizdə isə bu mümkün deyil". 

Toylarda rast gəlinən israfçılıqla bağlı kulturoloq söyləyir ki, əgər imkan yaradılsaydı, seçim olardı və hər kəs menyudan istədiyini seçərdi, onu gətirərdilər, nəinki, istədin-istəmədin bütün yeməkləri süfrəyə düzsünlər: "Belə bir təklif vardı ki, toy olanda ən çoxu 30 nəfərə yaxın ailə üzvləri yığılıb onu qeyd etsinlər. Qalanlar - kim gənc ailəyə kömək etmək istəyirsə, hesabına pul köçürsünlər və onlar da özlərinə hansısa əşyanı alsınlar, yaxud xarici ölkəyə səyahətə getsinlər. Əlbəttə, mən bu fikri bəyənirəm, nəinki, birdən-birə 200-300 nəfəri toya çağırmağı. Belədə israfçılıq olur, yeməklər də yeyilmədən qalır..."

Fuad Məmmədov qeyd edir ki, Milli Məclisdə, yaxud Mədəniyyət Nazirliyində xüsusi komissiya yaradılıb toylarla bağlı bütün bu məsələlər müzakirə olunmalıdır. Səriştəli, təcrübəli adamlar yığılıb müəyyən tövsiyələr verməlidirlər: "Bu problemi  inzibatçılıqla həll etmək mümkün deyil, çünki bu, mədəniyyət məsələsidir".

Toy təşkil edən pulgir, sifarişçi şöhrətpərəst olanda...

Azərbaycan toylarının ən gözəl məqsədinin sosiallaşma olduğunu vurğulayan Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, əvvəllər toyda insanlar sevgini bərabər paylaşırdılar: "Təəssüf ki, sonra bunu çevirdilər kapitalizmə, pullu etməyə və bütün vəsaitləri müğənnilərə, gərəksiz yeməklərə xərcləməyə. Bunlar isə bəylə gəlinin bu prosesdən borc içində çıxmasına yol açdı. Hesab edirəm ki, bizim toylar çox ciddi sosial problemə çevrilib. Bu həm də gənclərin xoşbəxt yaşaması, inkişaf etməsi, sosiallaşması üçün mane olan amillərdəndir". 

Deputatın fikrincə, ilk növbədə ölkəmizdə tikilən şadlıq evləri modern iqtisadiyyatın tələblərinə uyğun gəlmir. Nə ABŞ-də, nə Avropa ölkələrində, nə də Türkiyədə bu modeldə şadlıq evləri yoxdur: "Bu, Şərq üslubunda israfçılığın bir nümunəsidir və daha çox şöhrətpərəstliyin geniş yayıldığı bizim mentalitetin nəticəsidir".

Fazil Mustafa qeyd edir ki, məsələnin zənginlə, yoxsulla əlaqəsi yoxdur, insanların böyük əksəriyyəti xoşbəxtliyini yaşamaq əvəzinə, özlərini göstərməyə meyillidirlər. Söhbət təkcə toy prosesini təklif edəndən yox, sifarişçidən də gedir. Təklif edən pul qazanmaq istəyir. Tutaq ki, toy 1000 nəfər üçün nəzərdə tutulub, amma 300 nəfərlik menyu hazırlanır: "Əslində, orada hamı normal yemək imkanına sahib olmur. Eyni zamanda ya səsi yüksəyə qaldırıb, ya da sərinkeş və sair vasitəsilə müəyyən problemlər yaradırlar ki, toyda nə qədər az adam iştirak eləsə, gözləniləndən daha çox gəlir əldə etmək olar. Eyni zamanda toya lazımsız komponentlər artırırlar ki, əlavə də pul qazansınlar". 

Sifarişçi şöhrətpərəst olanda isə israfçılığın daha da baş alıb getdiyini söyləyən deputat misal çəkir ki, toya böyük məbləğlərə müğənniləri dəvət edirlər, onlar da gəlib fonoqramla oxuyurlar. Eyni zamanda bəzən gənclərin zövqü yetərli olmayanda toylara lüzumsuz xərclər çəkilir: "Məsələnin gerçək üzü budur. İnsanlarımız bu prosesin həm gileyçisidir, həm də həvəsli iştirakçısı..."

Deputat söyləyir ki, hansısa bələdiyyə salonu və bu tip digər yerlər olsa, az miqdarda vəsait ödəməklə toy məsələsini həll etmək olar: "Amma qalan yerlərdə şadlıq evləri öz "prestij"ləri düşməsin deyə, buna imkan vermirlər. Hətta deyirsən, filan yemək, içki olmasın, deyirlər ki, "bu bizim "prestij"ə ziddir, edə bilmərik". Bəzən toy sahibi şadlıq evinə 10, 20 min manat pul ödəyir ki, yüksək səs olmasın. Yəni səsi aşağı salmaq üçün də əlavə məbləğ, əslində isə rüşvət tələb olunur". 

Fazil Mustafa toyda 100, 150, 200 manatdan yığılan vəsaitin böyük hissəsinin ev sahibinə qalmadığını vurğulayır: "Bu məsələ nümunələrlə dəyişə bilər. Məsələn, televiziyada və sair göstərmək olar ki, filan toy oldu, yığılan pulun böyük əksəriyyəti, ailənin məsrəfinə getdi... Yaxşı olar ki, toy dəvətnamələri göndəriləndə orada hesab nömrəsi də göndərilsin ki, əgər kimsə uzaqdadırsa və yaxud hansısa digər səbəblərdən toyda iştirak etmək imkanı yoxdursa, həmin hesaba vəsait köçürsün. Öncədən də bildirsin ki, ona yer ayrılmasın". 

Toydan sonra zəhərlənmələrin başvermə səbəbi

Qida texnoloqu Ağa Salamovun sözlərinə görə, bol süfrə, ürəyiaçıqlıq xalqımızın adətidir və hətta qonaq gələndə yedi-yemədi süfrə başdan-başa bəzədilir. Toylarımızda da hazırda belədir: "Yaxşı olar ki, menyunu ev yiyəsi tərtib etsin. Düzdür, əslində restoranlar da nə isə satmalıdırlar ki, qazanc əldə etsinlər, amma bu da israfçılıq həddinə gətirilib çıxarılmamalıdır. Tövsiyə odur ki, normal rasiona uyğun, yəni bir insanın yeyəcəyi qədər menyu tərtib edilsin".

Qida texnoloqu qeyd edir ki, reallıqda bir insan müxtəlifçeşidli salatı, meyvəni, plovu, kababı, içkini bir yerdə qəbul edə bilməz. Toydan sonra zəhərlənmələrin başvermə səbəbi də budur: "Burada çeşid azaldılmalıdır. Məsələn, kabab 4-5 cür deyil, haradasa 2 çeşid ola bilər. Salatlar, digər xörəklər də onun kimi. Yəni bunu qida rasionuna uyğun şəkildə tənzimləmək lazımdır". 

A.Salamov onu da söyləyir ki, yaxşı olar ki, plov gec saatlarda yox, bəylə gəlin şadlıq sarayına daxil olan zaman süfrəyə verilsin: "Plov həm milli xörəyimizdir, həm də onun əvvəlcədən yeyilməsi digər xörəklərin çox yeyilməsinin qarşısını ala bilər". 

Bəs görəsən Azərbaycanın qədim toylarında qonaqlara hansı xörəklər təqdim olunub? 

Lerik rayonunun 62 yaşlı sakini Mirzə Əliyev söyləyir ki, müasir dövrə qədər rayonlarında keçirilən toylarda qonaqlara aş verirlərmiş. Oğlan evi qonaqlara ləvəngi, qız evi isə "Qəylə plov", yəni aşqara ilə aş təqdim edirmiş. 

Kəlbəcər rayonundan olan 70 yaşlı Zəminə Quliyevanın sözlərinə görə, onlar toylarda aş, şorba, dolma bişirərlərmiş. 

Paytaxt sakini 68 yaşlı Nəzakət Zeynalova isə bildirir ki, qədim Bakı toylarında aş, küftə-bozbaş, dovğa və kabab təqdim olunub. 

Göründüyü kimi, müasirləşən zamanla bərabər, toy adətlərimiz də yeniləri ilə əvəzlənib. Yeniliklərin olması təbiidir, amma bu, yalnız o zaman təqdirəlayiq olur ki, köhnənin üzərində daha yaxşısını qurasan. Bu kontekstdən yanaşdıqda, demək olar ki, hazırda toy mədəniyyətimizdə özünə yer edən yeniliklər qətiyyən ürəkaçan deyil. Buna şadlıq saraylarındakı lüzumsuz israfçılıqdan tutmuş, səsləndirilən musiqilərin keyfiyyətinə, yüksək tonla verilməsinə, toy sahiblərinin toydan borcla çıxmasına qədər bir çox xoşagəlməz halları misal gətirmək olar... 

Ailələrimizin həyatında ən əlamətdar günlərdən hesab olunan toylar heç bir dönəmdə indiki kimi insanların maddi sıxıntılarla üzləşməsinə, borca düşməsinə birgünlük sevinclərinin, illərlə  sürən əzabla əvəzlənməsinə gətirib çıxarmayıb... 

Hazırda insanlarımız yeni qurulan ailənin sevincini yaşamaq üçün deyil, yalnız bir məqsədlə toy edirlər: təki, hər kəs onların toylarından danışsın, təki onların şöhrətpərəstlik eqoları təmin olunsun...

© Yasəmən MUSAYEVA, "Azərbaycan"

toy bazar iqtisadiyyat
Chosen
168
44
marja.az

10Sources