Bakı, 5 sentyabr, AZƏRTAC
“Heritage Auctions” auksion evi HBO ilə əməkdaşlıq şəraitində 2011-ci il aprelin 17-də ABŞ-da ilk mövsümünün premyerası olan məşhur “HBO Original” seriyasından “Taxt-tac oyunları” filminin 2 mindən çox kostyum, silah və rekvizitini təklif edən “Game of Thrones Signature Auction 7366” hərracını keçirməyə hazırlaşır. Bütün dünyada maraqla seyr edilən bu ekran əsərinin final mövsümünün son bölümü 2019-cu il mayın 19-da nümayiş etdirilib.
AZƏRTAC auksion evinin rəsmi saytına istinadla xəbər verir ki, kolleksiyada Arya Starkın iynəsi və Ceym Lannisterin əfsanəvi silah və zirehləri, həmçinin Veyrvud qobelenləri və Qırmızı qapını kəsən əjdaha kəllələri kimi mürəkkəb parametrlər təqdim olunur.
Bu auksionda Cersi Lannister və Sansa Starkın müxtəlif geyimlərindən tutmuş Raven Skrollsa qədər hər bir əşya qeyri-adi detallarla işlənib və dərin məna daşıyır.
Məşhur HBO seriyasından qiymətli xatirə əşyaları dəmir taxtın əridilmiş versiyası, Ceym Lannisterin zirehi və qılınc dəstləri və Uayt Uolkers tərəfindən istifadə olunan protezlər kimi nadir əşyalar da daxil olmaqla 900 lotda təqdim edilir.
Rekvizit və geyimlər üçün başlanğıc təkliflər 500-20.000 ABŞ dolları arasında dəyişir.
Hərraca çıxarılan digər diqqətəlayiq əşyalar arasında Dayneris Tarqeryanın plaşları və dəri kostyumları, Con Snounun məşhur “Lonqklou” qılıncı və aktyor Piter Dinkleygin Tayron Lannister rolunda taxdığı kraliçanın əli formasında düzəldilmiş sancaq daxildir.
Hətta Cersi Lannisterin rüsvayçı yürüşü zamanı istifadə edilən zəng və məşhur toy səhnəsində qana bulaşmış paltarlar kimi ekranda az göstərilən əşyaların da tender zamanı pərəstişkarların diqqətini çəkəcəyi gözlənilir.
“Taxt-tac oyunları” filminin rekvizitlərinə sahib olmaq istəyən pərəstişkarlar üçün geniş kolleksiya elə indidən təklif üçün açıqdır. Hərrac oktyabrın 10-12-də Dallasdakı “Heritage Auctions” auksion evində keçiriləcək.